Masallı şəhər Heydər Əliyev Parkında Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş "Gənclər və idmançıların həmrəylik festivalı" keçirilmişdir.
Festivalda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər iştirak etmişlər.
Festival iştirakçıları ilk öncə idmançıların nümunəvi çıxışları, Masallı Gənclər Evi SXM-nin, Masallı Dövlət Rəsm Qalereyasının, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Əlil Sahibkarlar İctimai Birliyinin, Masallı Rayon Mərkəzi Kitabxana sisteminin, Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin və Masallı 11 illik incəsənət məktəbinin stendlərinə baxış keçirib, digər qurumların hazırladıqları təqdimat stendləri ilə yaxından tanış olublar.
Tədbiri açıq elan edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, eyni zamanda 2024-cü il ərzində rayonda 108 idman tədbiri keçirildiyini, tədbirlərdə 7500 nəfərdən çox idmançının iştirak etdiyini bildirib. Sonra Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi T.Babazadə 2024-cü ilin Azərbaycanın, o cümlədən regionun idmanı üçün uğurlu keçdiyini bildirib və bu münasibətlə idman ictimaiyyətini təbrik edib.
Çıxışlardan sonra tədbir Masallı Uşaq-Gənclər İdman Məktəbinin, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Masallı PFK-nin idmançılarının nümunəvi çıxışları ilə davam edib. Qonaqlar nümunələri izlədikdən sonra il ərzində yüksək nəticə qazanan idmançılar və məşqçi müəllimlər, eyni zamanda fəallığı ilə seçilən təşəbbüskar gənclər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri ilə təltif ediliblər.
Tədbir musiqi proqramı ilə yekunlaşıb.
Seyran CAVADOV,
"Azərbaycan"