11 Fevral 2024 10:10
438
SİYASƏT
A- A+

"Makron Fransa tarixinə ən uğursuz prezident kimi düşəcək"

 

"Fransa beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan dövlətdir. Lakin dövlətə rəhbərlik edən şəxsin beynəlxalq aləmdə heç bir hörməti yoxdur. Bakı və Paris arasındakı mövcud gərginliyin əsas səbəbkarlarından biri də məhz prezident Emmanuel Makrondur. Makron hakimiyyətinin beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə zidd mövqeyi ölkənin reytinqini son dərəcə aşağı salıb. Fransızlar Makronu 2022-ci ildə ikinci dəfə ölkəyə rəhbər seçdiklərinə görə peşman olublar".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Makron Fransası Afrikadan qovulmuş, iqtisadiyyatı zəifləmiş, sosial ehtiyacları ödənməmiş Fransadır: "Bu gün ölkədə xalq etirazları baş alıb gedir, əhalinin əksər hissəsinin gəlirləri azalıb. Fransalıların böyük əksəriyyəti Makronun fəaliyyətindən çox narazıdır, çünki o, təpədən dırnağa qədər ermənipərəst siyasət həyata keçirməklə ölkəsinin problemlərini və vətəndaşlarının ehtiyaclarını unudub".
Elman Nəsirov bildirib ki, Makrondan əvvəlki 24 prezidentin heç biri onun qədər ermənipərəst olmayıb: "Ona görə də Makronu, əslində, fransızların yox, Fransadakı erməni lobbisinin rəhbəri adlandırmaq olar. Fransa Vətən müharibəsində açıq şəkildə Ermənistanın tərəfini tutub. Nəticədə məğlubiyyətə uğrayan Makron bu gün Azərbaycanın yeni hərbi-siyasi reallıq yaratması ilə barışa bilmir və regionun daxili işlərinə müdaxilə etməyə cəhd göstərir".
Deputat vurğulayıb ki, bu gün Fransanın özünün maraqlarını kənara qoyaraq ermənilərin cılız maraqlarına xidmət edirmiş kimi görünməsi aldadıcı görünə bilər: "Aydındır ki, Makron heç də ermənilərin maraqlarını təmin etmək məqsədilə onları müdafiəyə qalxmır. Burada əsas səbəb Cənubi Qafqazda möhkəmlənmək istəyidir. Ona görə də Fransa regiona  sülh və əmin-amanlığın deyil, əksinə, növbəti bir müharibənin gəlməsinin tərəfdarıdır. Bu çirkin niyyətlərini həyata keçirmək üçün də Ermənistanı silahlandırır və revanşizmi dəstəkləyir. Təsadüfi deyil ki, AŞPA-dan Azərbaycana qarşı göstərilən təzyiqlərin də dirijoru məhz Yelisey sarayıdır. Amma yəqin ki, 2027-ci ildə onun prezidentliyinə son qoyulacaq və Makron Fransa tarixinə ən uğursuz prezident kimi düşəcək".
Makronun siyasətinin ilk növbədə Fransanın öz maraqlarına zidd olduğunu vurğulayan Elman Nəsirov əlavə edib: "Bu prezident ölkəsinin gələcəyini böyük sual altında qoyur. Öz hakimiyyətini qoruyub saxlamaq üçün Fransadakı erməni lobbisinin əlində bir alətə çevrilib. Bu, Fransa siyasətinin biabırçılığıdır".

N.QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video