Rayonun əlaqəli qurumları şaxtalı-qarlı havalara hazır olduqlarını deyirlər
Müşahidələr göstərir ki, harada payız-qış mövsümünə ciddi hazırlıq görülürsə, orada havalar nə qədər qarlı-yağışlı, küləkli, şaxtalı keçsə də əhali çətinliklərlə, demək olar ki, qarşılaşmır, ortaya çıxan müəyyən çatışmazlıqlar operativ aradan qaldırılır. Məsələn, Lənkəranda olduğu kimi.
Cari payız-qış mövsümünə Lənkəranda yay aylarından başlanmışdır. Götürək əhalinin ən həssas yeri olan fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatını. Lənkəran Elektrik Şəbəkəsinin işçi personalı bir sıra vacib, əsaslı və cari təmir, yenidənqurma işləri həyata keçirmişdir. 90 yeni izolyator təzələnmiş, elektrik verilişi xətlərində 649 dayaq quraşdırılmış, 8,5 kilometr köhnə naqil dəyişdirilmiş, 3,1 kilometr SİP kabel çəkilmiş, çıxış kabelləri daha böyük en kəsikli kabellə əvəz edilmişdir. Gərginliyi zəif olan yaşayış massivlərində isə ümumilikdə 5 yeni güc mərkəzləri quraşdırılmışdır.
Soyuq havalarda daha bir həssas sahə təbii qazla təchizatdır. Lənkəran Regional Qaz İstismarı İdarəsi və idarənin Lənkəran Xidmət Sahəsi əhalinin təbii qazla dayanıqlı, fasiləsiz təmin edilməsi üçün hələ aprel ayından tədbirlər görmüş, fasiləsizliyin təmin edilməsi məqsədilə rayona verilən qazın sutkalıq həcmi 600 min kubmetrə çatdırılmışdır. Həmçinin ekstremal hava şəraitlərində rayonu təbii qazla təmin edən Lənkəran, Xarxatan, Hirkan və Rvo qazpaylayıcı stansiyalarında yaz-yay mövsümündə təftiş işləri aparılmış, bütün ölçü qovşaqlarında daraldıcı qurğuların diametri artırılmışdır. Şəhərin müxtəlif küçələrində, Siyavar, Moğonojoba, Vel, Tütəpeştə, Şirinsu kəndlərində köhnə, istismar müddətini başa vurmuş şkaftipli qaztənzimləyicilər müasir tələblərə cavab verən tənzimləyicilərlə əvəz edilmişdir. Yaxın günlər bir sıra ərazilərdə tənzimləyicilərin quraşdırılması nəzərdə tutulur.
Lənkəran Su-kanal Sahəsi də payız-qış mövsümünə ciddi hazırlaşmışdır. Sahənin kollektivi ilk növbədə Xanbulan-Lənkəran ana su xəttinin Bürcəli, Xanbulan və Kosalar kəndləri ərazisində qəza vəziyyətində olan hissələrində, şəhərin müxtəlif küçələrində və ünvanlarındakı yaşayış binalarına xidmət göstərən su və kanalizasiya nasos stansiyalarının elektrik avadanlıqlarında təmir işləri aparılmış, bir sıra çoxmənzilli yaşayış binalarının zirzəmisindəki kanalizasiya xətlərində nasazlıqlar aradan qaldırılmış, şəhərin magistral kanalizasiya xətləri və baxış quyuları yuyularaq təmizlənmiş, habelə su sayğaclarının şaxtadan qorunması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.
Binalardan söz düşmüşkən, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi mövsümə hazırlıq çərçivəsində şəhərin əksər küçələrindəki suötürücü kanallar və kollektorlar palçıq və otlardan təmizlənərək suya axar verilmiş, qarın təmizlənməsi üçün maşın və mexanizmlər işlək vəziyyətə gətirilmiş, lazımi avadanlıqlar hazırlanmış, texnikanın hərəkət edə bilmədiyi ərazilərdə təmizlik işləri aparılmışdır. Paralel olaraq kommunal yaşayış binalarında və mənzillərdə su-kanalizasiya xətləri, dam örtükləri, tüstü bacaları təmir olunmuşdur.
O ki qaldı rayonun yol infrastrukturuna, bu sahəyə cavabdeh qurum da soyuq günlər ərəfəsində işsiz qalmır. Artıq "48 nömrəli Yol İstismarı" MMC balansında olan avtomobil yollarında yaranmış çalalara asfalt-beton örtüyü çəkmiş, suötürücü borular, küveytləri palçıqdan təmizləmiş, körpü məhəccərlərini rəngləmiş və sıradan çıxmış yol nişanlarını yeniləmişdir. Ucqar dağ kəndlərinə gedən avtomobil yollarına RİH-in yaxından köməyi ilə qum-çınqıl materialı tökülərək ağır texnikalar vasitəsilə hamarlama və genişləndirmə işləri aparılmış, yol kənarlarında mövcud küveytlər bərpa edilməklə nəqliyyatın hərəkəti normal qaydaya salınmışdır. 4 min litr dizel və 1500 litr benzin yanacağı ehtiyatı da yaradılmışdır. Bunlardan başqa, Lənkəran şəhərinin təmirə ehtiyacı olan 11 küçəsinə asfalt döşənmiş, bir sıra çoxmənzilli yaşayış binalarının köhnəlmiş dam örtükləri dəyişdirilmiş, fasadları rənglənmiş, blokların daxilində təmir-bərpa işləri aparılmış, qapı və pəncərələrlə təmin olunmuşdur.
Bəs payız-qış mövsümündə ən əsas qurumlardan sayılan Lənkəran İstilik Sistemlərinin İstismarı Sahəsi mövsümlə bağlı hansı tədbirləri görmüşdür? Qurumdan verilən məlumata görə, sahənin kollektivi Lənkəran şəhər qarışıqtipli uşaq evinə, Xarici Dillər Təmayüllü Gimnaziyaya və Şəhidlər xiyabanı küçəsindəki yaşayış binasına xidmət göstərən qazanxanaların istilik xətlərini, qaz borularını və digər avadanlıqları təmir edərək işlək vəziyyətə gətirmiş, qazanxanaların ətrafında abadlıq işləri aparmışdır.
Görülmüş bütün işlərə baxmayaraq, Lənkəranda qışa hazırlıq davam edir. Havalar soyuyanda təbii fəlakət baş verəcəyi halda isə ŞİH-də fəaliyyət göstərən qərargah hadisənin başının üstünü almağa hazır olacağına söz verir.
Seyran CAVADOV,
"Azərbaycan"