Dekabrın 2-də Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş təşkil edilib.
Bu barədə AZƏRTAC-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının ölkəmizin gələcəyini, hüquqi inkişaf strategiyasının əsas prioritetlərini müəyyən etdiyini vurğulayaraq, hüquq sisteminin mahiyyətini müəyyənləşdirən mütərəqqi qanunların qəbul olunması və dünyəvi, hüquqi dövlətin qurulmasında Əsas Qanunun rolundan bəhs edib.
Fərhad Abdullayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olunub.
Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının əsas təyinatı məhkəmə sisteminin müasirləşdirilməsi vasitəsilə ölkəmizdə qanunun aliliyinin təmin olunması məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Sədr hakimlərin yüksək nəzəri bilik və peşə hazırlığı ilə yanaşı, ədalət, qanunçuluq, qərəzsizlik və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı tövsiyələrini qeyd edib, hər hansı qərar qəbul edərkən qanunun tələbləri və vicdan kimi insani keyfiyyətlərin rəhbər tutulmasının vacibliyini gənc hüquqşünasların diqqətinə çatdırıb.
Sonra Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə gələcək hakimlərə ətraflı məlumat verilib, məhkəmə tərəfindən qəbul edilən qərarlarda əks olunmuş hüquqi mövqelər və yanaşmalarla bağlı bir sıra məsələlərə toxunulub.
Görüşün yekununda hakimliyə namizədlər məhkəmə binası ilə tanış olublar.