Müsbət xatirələrin cəmləşdiyi, səhnədəki ifaçıların qabiliyyəti ilə gözəlləşdirilən ab-hava konsertlərlə təqdim olunur. Konsertin ilk formaları universitetlərlə bağlıdır. XVII-XVIII əsrlərdə alman universitetlərində bir qrup tələbələrin müşayiəti ilə musiqili görüşlər keçirilir və seyrçilər dəvət olunurdular.
İlk ictimai konsert 1672-ci ildə skripkaçı Con Banister tərəfindən onun Londondakı evində verilib. Konsertə qatılanlar 1 şillinq ödəməklə istədikləri mahnının səsləndirilməsini sifariş edə bilərdilər. Banister skripka çalmağı atasından öyrənmişdi. Mahir çalğıçı olduğu zaman kralın 24 skripkaçıdan ibarət qrupuna qoşulmuşdu. Əlavə təlimlər keçdikdən sonra isə həmin saray qrupunun rəhbəri olmuşdu. O, ölümünə qədər belə konsertlərin tək müəllifi idi.
Daha sonra 1678-ci ildə Tomas Britton adlı musiqiçi Klerkenveldə həftəlik konsertlər verməyə başlamışdı. Ancaq bu konsertlər nisbətən fərqli idi. Brittonun tədbirlərində illik abunə haqqı tətbiq olunmuşdu. Qatılmaq istəyənlər ildə 10 şillinq ödəməklə istədikləri qədər konsertə baxa bilərdilər.
XVIII əsrin sonlarından etibarən isə ingilis konsertlərinə Haydn, Motsart kimi musiqiçilər gətirilərək ifaları dinlənilirdi. O dövrdə İngiltərədə musiqili tədbirlər təbiət qoynundakı bağlarda keçirilirdi. İfa olunan repertuarlar Motsartın bəstələdiyi əsərlərdən tutmuş, o dövrdə məşhur olan mahnılara qədər bütün musiqi nümunələrindən ibarət idi.
XIX əsrdə konsert proqramları, əsasən, İngiltərə, Fransa, Almaniya və İtaliyanı əhatə edirdi. Həmin zaman ABŞ-ın konsert fəaliyyətinə xüsusi töhfəsi simfonik orkestrlərin yaradılması oldu. Bu, Avropa sənətçilərini də cəlb etdi. XX əsrin əvvəllərindən etibarən isə böyük konsert zallarının tikilməsi, müxtəlif janrların formalaşması, peşəkar orkestr müşayiəti ilə keçirilən və kameralarla əbədiləşdirilən proqramlar musiqi festivallarının əsas cazibələrindən birinə çevrildi.
İlk konsert turuna çıxan şəxs isə Frans List olub. Məşhur pianoçu, bəstəkar 1839-cu ildən başladığı konsert turları zamanı bütün Avropaya üz tutmuş, qastrol səfərlərini təkbaşına həyata keçirmişdi.
Aydan XƏLİLOVA,
“Azərbaycan”