Qlobal problemə çevrilən iqlim dəyişiklikləri quşların miqrasiya marşrutuna da ciddi təsir göstərir
Payız və yaz aylarında dəstə-dəstə quşların Azərbaycandan ötüb keçdiyini müşahidə edirdik. Onlar bizə payızın, yazın gəlişindən xəbər verirlər. Son illərdə isə nədənsə, dəstələrlə səmada süzən quşları az hallarda müşahidə edirik.
Ümumiyyətlə, bütün zamanlarda köçəri quşların miqrasiya marşrutunda, qidalanma və yuvalamasında xüsusi rola malik ölkə kimi Azərbaycan bu istiqamətdə geniş imkanlara sahib olub. Son illərdə isə qlobal problemə çevrilən iqlim dəyişikliyinin yaratdığı fəsadlar ölkəmizdən də yan keçmədiyi üçün quşların miqrasiyasında da əngəllər yaranıb. Bunu mütəxəssislər də təsdiqləyirlər. Qeyd edilir ki, qlobal problemə çevrilən iqlim dəyişiklikləri quşların miqrasiyasına da təsirsiz ötüşmür. Belə ki, qlobal istiləşmənin yaratdığı fəsadlar onların miqrasiya marşrutuna və köç vaxtlarının dəyişməsinə səbəb olur. Ya havanın temperaturu onların yuvalarından çıxması üçün əsas şərt olmur, ya soyuqlar gec düşdüyündən, ya da köç etdikləri ölkələrdə meydana çıxan ekoloji böhranlarla əlaqədar qida tapa bilmədiklərindən miqrasiya marşrutlarını dəyişməli olurlar.
Təbii ki, iqlim dəyişikliklərinin təsirləri yalnız bununla kifayətlənmir. Bəzi quşlar həm də dəyişikliklərə uyğunlaşa bilmədiyindən çoxala bilmirlər. Nəticədə bəzi quş növlərinin nəsli kəsilir, bəziləri isə bu təhlükə ilə üz-üzə qalır.
5 Oktyabr Ümumdünya Quşları Muşahidə Günü olduğu üçün budəfəki jurnalist araşdırmamızı bu mövzuya həsr etdik.
Xəzərin quruması quşların da miqrasiyasını dəyişdirib
Bəs, görəsən, quşların miqrasiya marşrutunun dəyişməsinə əngəl yaradan konkret amillər hansılardır? Marşrutların dəyişməsi quşların həyatına nə kimi mənfi təsirlər göstərir? Bu cür arzuolunmaz vəziyyət bəzi quş növlərinin nəsil kəsilmə prosesinə səbəb ola bilərmi? Hazırda köçəri quşların Azərbaycandan yan uçmasının səbəbi nədir?
Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov bildirir ki, xüsusi hadisələr, fəlakətlər, böyük geoloji dəyişikliklər olmasa, quşların əsas miqrasiya yolları yüz min illərlə dəyişmir. Azərbaycanda quşların əsas miqrasiya marşrutu Xəzərboyudur. Buradan 10 milyonlarla su-bataqlıq quşları keçir. Bu marşrut dəyişmir, sadəcə, cüzi detallar dəyişir. İndi Xəzər dənizi geri çəkildiyi üçün miqrasiya yolu da dənizə doğru keçir, su quşları onun arxasınca gedir.
Quru quşları üçün problem olmasa da, su-bataqlıq quşları əvvəlki yerlərindən uzaqlaşırlar: "Kürün deltasına yaxın böyük gölməçələr var idi, indi onlar yoxa çıxıblar. Quşların qışlaması da təxminən 10 km irəli - dənizə tərəf çəkilib. Məsələn, Dəvəçi limanı, demək olar ki, quruyub, köçəri su quşları üçün əhəmiyyətini itirmək üzrədir. Orada böyük ovçuluq təsərrüfatı var idi, köç vaxtı bu liman köçəri quşlar üçün Azərbaycanın qapısı idi. İndi su olmadığından quşlar orada fasilə verə bilmirlər. İqlim hər zaman dəyişdiyindən təbiət də ona uyğunlaşır. Dəyişikliklərə uyğunlaşa bilməyən bəzi quş növləri yoxa çıxır və yeniləri yaranır. Bu, təkamüldür, normal haldır".
Ornitoloq qeyd edir ki, təbiətdə bütün heyvanların sayı dinamik tarazlığa məruz qalır. Buna görə də say həmişə dəyişir - gah artır, gah azalır. Əksər növlər üçün bu, normal haldır. Bir neçə il hansısa növün sayı artır, daha sonra dayanır və azalmağa başlayır. Yaxud proses əksinə baş verir. Ona görə də təbiətin mühafizəsi çox incə məsələdir. Hansı növlərin qorunmalı olduğunu bilmək vacibdir, çünki bəzən həmin növlərin sayı azalır və nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalır.
Mütəxəssis deyir ki, Azərbaycanda ağ durna artıq yoxdur. Yəni bir quş qalmışdı, o da son illər görünmür. Elə növ də var ki, azalan kimi "Qırmızı kitab"a daxil edirlər, amma sonra özünü bərpa edir: "Ov növü olan qırmızıbaş dalğıc Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən qırmızı siyahıya daxil edilsə də, Azərbaycanda sayına görə ikinci yerdədir. Belə növü necə qırmızı siyahıya salırlar, nəyə əsasən qərar verirlər, bilinmir. Hansısa ölkədə bir növün sayı kəskin azalırsa, bunu bütün növə aid etmək olmaz. Belə problemlərin tez-tez yaşanmasının səbəbi qərar verənlərin nə ekoloq, nə də bioloq olmasıdır".
Hacıqabuldan yan keçən quşlar
Ornitoloq Hacıqabul gölünün qurumasının quşların miqrasiya marşrutuna necə təsir etdiyindən də danışıb. Gölün qurumasının böyük problem olduğunu vurğulayan mütəxəssis deyir ki, bu su hövzəsi hər zaman Kürün daşqınlarından qidalanıb, amma son illərdə daşqınlar azaldığına görə göl qurumağa başlayıb.
O vaxt tədbirlər görülərək Kürdən gölə kanal çəkilsə də, daha sonra ətrafda tikilən evlərə, salınan fermalara görə kanalda su azalıb və göl quruyub.
Qeyd edək ki, bu ilin aprel ayında Hacıqabul rayonunda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan suvarma kanalının gölün bərpasında müstəsna əhəmiyyəti olacaq. Kanalın son nöqtəsinin Hacıqabul gölü olacağını qeyd edən dövlət başçısı gölün 10 ildən çoxdur tamamilə quruduğunu diqqətə çatdırmışdı: "Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır".
Hacıqabul gölünün quşların köç yolunda yerləşdiyini deyən E.Sultanov bildirir ki, bəzi quşlar qışlamada və köçdə Xəzərdən qərbə dönərək Hacıqabul gölünə, oradan da Ağ gölə uçurlar. O yerlərdə bir qədər dayanaraq sonra Sarısu gölünə, bəziləri hətta İrana, İraqa istiqamətlənirlər. İndi Hacıqabul gölü quruduğundan quşların miqrasiya yolu dəyişməsə də, orada dincələ bilmirlər. Əvvəllər Hacıqabulda 20 minə yaxın quşun sabit qışlama populyasiyası olurdu, indi burada qışlayan quş yoxdur.
Vaxtilə Azərbaycandan 20 milyon quş uçub keçirdi
Azərbaycanın quşların miqrasiya yolunun üzərində yerləşdiyini deyən Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev bildirir ki, həm şimaldan cənuba, həm də cənubdan şimala köç edən quşlar ölkəmizin ərazisindən keçirlər. Onlar oktyabrın ikinci ongünlüyündən havalar soyuduğundan Şimali Avropa ölkələrindən, Rusiyanın, Qazaxıstanın şimalından qışlamaq üçün Azərbaycana gəlirlər.
Alim deyir ki, quşların miqrasiyası iki səbəbdən baş verir: "Birincisi, soyuq, qarlı, şaxtalı hava şəraiti həmin ərazidə quşlara qida tapmağa imkan vermir. İkinci səbəb isə günün uzunluğudur. Quşlar bioloji saata uyğun olaraq payızda günün qısalması ilə əlaqədar cənuba, yəni isti ölkələrə miqrasiya edirlər. Aparılan tədqiqatlar göstərib ki, bəzi quş növlərinin bir qrupu soyuq düşən yerlərdən köçür, bir qrupunun miqrasiyası nisbətən gec baş verir. Ortaya suallar çıxır ki, quşun köçməsinə səbəb qidanın əlçatan olmamasıdır, yoxsa günün uzunluğudur? Əgər quşlarda bioloji saat varsa, niyə hamısı təxminən eyni vaxtda isti ölkələrə uçmur? Bu məsələlərlə bağlı ikitərəfli yanaşmalar var".
Ə.Tağıyev qeyd edir ki, Cənub-Şərqi Asiya ölkələrindən, Afrikadan, hətta Avstraliyadan Azərbaycana köç edən quşlar nəsil verib yenidən öz ölkələrinə qayıdırlar. Onun sözlərinə görə, quşların populyasiyası 4 cürdür: köçəri-qışlayan, köçəri-yuvalayan, oturaq və miqrant populyasiyalar: "Bəzi quş növləri, məsələn, ağ və boz durnalar Azərbaycan ərazisindən miqrasiya yolu kimi istifadə edirlər, ərazidən keçən müddətdə qısamüddətli dincəlmək, qidalanmaq üçün istifadə edirlər, təxminən 1-5 gün qalıb, sonra yollarına davam edirlər. Qlobal iqlim dəyişiklikləri, yəni şimal və cənub ölkələrində havanın temperaturu arasında fərqlərin azalması quşların miqrasiyasını da getdikcə sıradan çıxaracaq. Vaxtilə Azərbaycandan ildə 20 milyondan çox quş ötüb keçirdisə, ildən-ilə bu quşların kəmiyyət və keyfiyyət göstəriciləri azalmaqda davam edir".
Quşların ətraf mühit, antropogen təsirlərə daha çox məruz qaldıqlarını qeyd edən ekspert bildirir ki, Azərbaycanın "Qırmızı kitab"ının III nəşrinə daxil edilən quş növlərinin sayı artaraq 78 olub.
İqlim dəyişiklikləri quşların çoxalma davranışını da dəyişir
"Xəzərin səviyyəsinin enməsi quşların miqrasiya marşrutuna necə təsir edir" sualını isə ornitoloq belə cavablandırıb: "1996-cı ildən başlayaraq Xəzər dənizinin səviyyəsi 2 metrə qədər aşağı düşüb. Xəzərdə suyun səviyyəsinin enməsi ilə əlaqədar Cənub-Şərqi Asiya ölkələrindən, Afrikadan Azərbaycana gələn köçəri-yuvalayan quşlar - kiçik qarabatdaq, adi qarıldaq, sarı vağ, Misir vağı və kiçik ağ vağ yuvalama yerlərini dəyişiblər. Bu beş növ Xəzərin Qızılağac qoruğunda qamışlıqda, yulğunluqda nəsil verirdi, indi isə suyun səviyyəsi aşağı düşdüyündən həmin ərazilər quruyub. Belə olan halda müxtəlif heyvanlar (çaqqal, tülki, qamışlıq pişiyi və s.) tərəfindən yuvaları dağıdılır, quşlar da təhlükəni hiss etdiklərindən həmin ərazilərdə yuvalamırlar, çoxalma davranışlarını dəyişərək daha təhlükəsiz yer seçirlər. İndi onlar Lənkəran rayonunun Qumbaşı və Masallının Təzəkənd kəndi arasında - Bakı-Astara dəmir yolunun sol sahilində, Hüseynhacılı kəndi ətrafındakı tarla qoruyucu meşə zolağında yuva qururlar. Beləliklə, müşahidələr göstərir ki, iqlim dəyişikləri ilə əlaqədar təxminən 5 növə aid 300 minə yaxın fərd çoxalma davranışını dəyişib. Şimaldan gələn quşların da qışlama davranışlarında dəyişikliklər baş verib. Əgər onlar Kiçik, Böyük Qızılağac körfəzi ərazilərində qışlayırdılarsa, indi Xəzərdə suyun səviyyəsinin enməsi nəticəsində həmin ərazilər quşların qidalanma, sığınacaq, gecələməsi və dincəlməsi üçün yararsız vəziyyətə düşüb".
Quşların müxtəlif xəstəliklərin daşıyıcıları olduğunu vurğulayan alim deyir ki, miqrasiya marşrutunun dəyişməsi gələcəkdə qida zəncirində, qida şəbəkəsində maddə və enerji mübadiləsində müəyyən problemler yarada bilər. Onlar təbiətin aktiv üzvü kimi maddə, enerji, informasiya mübadiləsində iştirak edir, qida piramidasının zirvəsində dayanırlar. Quşların yerdəyişməsi, yeni ərazilər tutması, onların qorunma problemlərini də gündəmə gətirir. Yəni illərlə xüsusi rejimlə qorunan ərazilərdə qışlayıb, nəsil verirdilərsə, yerlərini tam dəyişmələri gələcəkdə quşların kütləvi surətdə azalmasına, məhv olmasına və "Qırmızı kitab"a daxil edilən növlərin daha da artmasına gətirib çıxaracaq. "Yer planetində növ müxtəlifliyi nə qədər zəngin olursa, planetin ömrü də uzun olur. Hər il quşların, digər onurğalıların və onurğasızların növlərinin sayının azalması bütövlükdə maddə, enerji, informasiya mübadiləsini zəiflədir. Bu da Yer planetini təhlükə ilə üz-üzə qoyur. Qlobal istiləşmənin qarşısının alınması üçün tədbirlər görülməzsə, gələcəkdə daha çox quş növləri azalaraq, nəsli kəsiləcək", - deyə Əbülfəz Tağıyev əlavə edib.
Qlobal iqlim dəyişiklikləri bütün flora və fauna sisteminə təsir etməklə ümumilikdə ekoloji böhranlara gətirib çıxarır. Təbii ki, antropogen təsirlər də burada az rol oynamır. Canlılar aləminin zəncirvari bağlılığını, mənfi təsirlərin ötürüldüyünü nəzərə alaraq, qlobal istiləşmənin yaratdığı fəsadların minumuma endirilməsi üçün dərhal tədbirlər görülməlidir. Əks halda təkcə quşlar deyil, bütün canlılar öz rahat, təhlükəsiz evlərindən gen düşəcəklər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"