Onun musiqilərindən daim işıq süzülür. Hər bəstəsi insanlara saflıq, səmimiyyət, sevgi dolu hisslər aşılayır. Əsərləri təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda - MDB məkanında, Türkiyədə, Almaniyada, Fransada, Amerika Birləşmiş Ştatlarında, İsveçdə səslənmiş bu xanım bəstəkarın musiqisi hamı üçün anlaşıqlıdır. Çünki bu musiqinin dinləyicilərinin həmsöhbəti ən səmimi, ən gözəl melodiyaların "dili" ilə danışan, özünəməxsus yaradıcılığı olan Azərbaycan bəstəkarıdır.
Respublikanın Əməkdar incəsənət xadimi, Xalq artisti, görkəmli bəstəkar, professor Sevda İbrahimovanın bu il 85 illik yubileyidir.
O, məşhur tarzən Qurban Pirimovun qız nəvəsi, Xalq yazıçısı Mirzə İbrahimovun övladıdır. Anası Sara Pirimova gözəl pianoçu və müəllim idi. O, ilk azərbaycanlı qızlar sırasında 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdi.
İlk musiqi təhsilini Sevda İbrahimova Bülbül adına orta ixtisas musiqi məktəbində, bir sıra mahir pianoçuların müəllimi olmuş M.Bıkovadan alır. Sonra konservatoriyaya daxil olur. İki ali musiqi təhsili ala bilir. 1962-ci ildə konservatoriyanı fortepiano sinfi üzrə bitirir. Burada ona M.Brenner dərs deyir. Bəstəkarlıq üzrə isə Sevda xanım məşhur Qara Qarayevin sinfində oxuyur.
Hələ Bülbül adına məktəbdə S.İbrahimova ilk bəstələrini professor B.Zeydmana göstərir. Yeniyetmə qızın ilk əsərlərində Şərq və Avropa musiqisinin sintezi özünü qabarıq şəkildə büruzə verir. Sonra böyük bəstəkar Qara Qarayev istedadlı tələbəsinin bu xüsusiyyətlərini mütləq qoruyub saxlamasına çalışır. Məhz Qara müəllimin son dərəcə həssas, qayğıkeş münasibəti, rəhbərliyi sayəsində Sevda xanım peşəkarlığa və fərdi bəstəkarlıq üslubuna yiyələnir.
1964-cü ildə S.İbrahimova konservatoriyanın bəstəkarlıq sinfini də bitirir. Diplom işi fortepiano ilə orkestr üçün yazılmış "Poema" əsəri olur. Dövlət imtahanında əsərini fortepianoda özünün ifa etməsi onun gələcək yaradıcılığından - həm bəstəkarlıq, həm də ifaçılıq məharətindən xəbər verirdi. Təsadüfi deyil ki, 1965-ci ildə bu əsər ilk "Zaqafqaziya baharı" musiqi festivalının proqramına daxil edilir və müəllifin özü tərəfindən ifa olunur.
Musiqişünas Lalə Dadaşova həmin dövrü belə xatırlayır: "Bəstəkar Sevda İbrahimovanın adını ilk dəfə 60-cı illərin ortalarında eşitmişəm. Bakıda "Zaqafqaziya baharı" festivalı keçirilirdi və biz, musiqi elmini hələ təzə-təzə öyrənməyə başlayanlar konsertlərin afişalarını, mətbuatı maraqla izləyir, özümüz üçün yeni adlar, yeni əsərlər kəşf edirdik.
Konservatoriyanı Q.Qarayevin (bəstəkarlıq) və M.Brennerin (fortepiano) sinifləri üzrə təzəcə bitirmiş, iştirakçıların ən cavanı, füsunkar Sevda festivalda fortepiano və orkestr üçün "Poema" ilə çıxış etdi. Hələ onda mütəxəssislər gənc müəllifin musiqi alətinin özəllikləri ilə bağlı yüksək biliyini, təqdim olunan əsərin peşəkar orkestrovkasını vurğuladılar, məşhur ustadı Qara Qarayev isə Sevdanı istedadlı bəstəkar adlandırdı, onun "Poema"sında fortepiano klassikasının ən yaxşı ənənələri və Azərbaycan xalq musiqisinin bağlılığını diqqətə çatdırdı".
Sevda xanım ani populyarlıq qazanmaq, dinləyicini necə olursa-olsun, cəlb etmək istəyən, başqa sözlə, asan şöhrət dalınca gedən bəstəkar deyildi. Onun əsərlərində həm dərin xəlqilik, həm də son dərəcə fərdilik vardı. Bu da S.İbrahimovanın musiqisinə həmişə özünəməxsusluq gətirirdi. Bütün bunlarla yanaşı, Sevda xanım musiqidə emosional ifadəliliyi başlıca şərtlərdən sayırdı.
Yaradıcılığı çoxşaxəli idi
O, opera, instrumental və vokal əsərlər, mahnı və romanslar, filmlərə musiqi və uşaqlar üçün nəğmələr yazıb. Bəstəkarın hansı mövzu və janra müraciət etməsindən asılı olmayaraq, orada onun həm şəxsi istedadı, həm keçdiyi məktəb, həm də Azərbaycan xalq musiqisi ənənələrinə sədaqət özünü bariz şəkildə göstərir.
Bəstəkarın müəllif konsertləri də yüksək səviyyədə, tamaşaçı heyranlığı və böyük alqışlarla keçirdi. Onun yaradıcılığında xüsusi yer tutan "Qarabağnamə" tar üçün konsertin orkestrlə ifası, "Qurbansız qalan tarım" elegik əsərinin cazibəsi, "Tez gəl" romansı, "Həqiqət üzüyü" operası, fortepiano və kamera orkestri üçün konsertino, Mirzə İbrahimovun xatirəsinə həsr etdiyi "Etiraf" və digər əsərləri dinləyiciləri məftun edirdi.
Bəstəkar Vasif Adıgözəlov çıxışlarının birində həmkarının yaradıcılığını belə səciyyələndirib: "Sevda İbrahimova Azərbaycan qadınları arasında ən istedadlı bəstəkardır. Onun yaradıcılığı Azərbaycanın milli-mədəni əlaqələri ilə sıx bağlıdır. O, Mirzə İbrahimov kimi görkəmli bir ziyalının ailəsində böyüyüb boya-başa çatıb, dahi Qara Qarayevin bəstəkarlıq məharəti məktəbini keçib. Tale Sevdanı istedadla, təmiz və açıq ürəklə mükafatlandırıb. Onun yaradıcılığı, məzmunlu daxili aləmi ahəngdar milli üslublu mövzularla, dərin psixoloji obrazlarla zəngindir".
Bəstəkar hər bir janra, hər bir sahəyə məsuliyyətlə yanaşırdı. Buna görə də hər əsərdə öz sözünü deməyə müvəffəq olurdu. Buraya bəstəkarın operaları, simfonik əsərləri, mahnıları və sair daxildir.
Sevda İbrahimova vətəndaş-bəstəkar idi. Vətən sevgisi onun əsərlərindən qırmızı xətlə keçirdi. Üstəlik, bir ana kimi çağdaş dünyamızda baş verən hadisələrə, öz vətənində hər gün, bəlkə də hər an yaşanan olaylara laqeyd qala bilmirdi. Onun əsərlərində keçirdiyi hiss və duyğular, ətrafında baş verənlərə münasibəti öz əksini tapırdı. 1991-ci ildə qoboy və piano üçün "Qəmginlik", 1994-cü ildə iki piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi, 1999-cu ildə tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam", 2001-ci ildə simli orkestr üçün "Vətən düşüncələri" əsərlərini yazır.
Əsərlərində musiqi ilə poeziya sıx vəhdət yaradırdı
Bu xanımda sözə, sözün dəyərinə olan diqqət və sevgi yüksək səviyyədə idi. Məhz bu səbəbdən onun əsərlərində musiqi ilə poeziya sıx bir vəhdət yaradır. Bəstəkarın Nizaminin, Şəhriyarın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Hikmət Ziyanın və başqa şairlərin sözlərinə yazdığı mahnı və romanslarını xatırlamaq kifayətdir. Bu baxımdan Sevda xanımın Azərbaycan şairlərinin sözlərinə bəstələdiyi "Vətən şəhidləri" kantatası, "Sevirəm", "Əbədi yurdum" vokal silsilələri çox dəyərlidir.
Sevda İbrahimovanın yaradıcılığında bir sıra sənədli və bədii filmlərə yazdığı musiqi də xüsusi yer tutur. Hələ keçən əsrin 60-80-ci illərində "Əzim Əzimzadə", "Yazıçının bir günü", "Peşmançılıq", "Min bir xəzinə", "Nar", "Odlu ürək" kimi filmlər bəstəkarın musiqisi ilə daha baxımlı və maraqlı olmuşdur. O, bu istiqamətdə yaradıcılığını sonralar da davam etdirmişdir. Musiqi nəzəriyyəçiləri yazırlar ki, onun filmlərə bəstələdiyi musiqi ayrıca səsləndikdə sərbəst bir əsər təsiri bağışlayır. Bu da, əlbəttə, bəstəkarın böyük istedadını bir daha təsdiqləyir.
Sevda xanımın yaradıcılığında zaman-zaman itirdiyi əzizlərinin xatirəsi də öz əksini tapıb. O, babasının xatirəsinə "Qurbansız qalan tarım" adlı kamera əsəri yaradıb. Atası Mirzə İbrahimovun sözlərinə "Laylay" nəğməsini bəstələyib. "Əhval-ruhiyyələr" silsiləsindən pyeslərini anası Sara xanımın xatirəsinə həsr edib. Həmin silsilədən olan "Məhəbbət işığı" adlı pyesində isə bəstəkar öz ömür-gün yoldaşı Arif müəllimi sevgi və nisgillə xatırlayır.
AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi Zemfira Səfərovanın fikrincə, bu əsərlərə ümumi bir ad - "Əzizlərimin xatirəsinə" adını da vermək olar. Həmin əsərlərin mövzusunun dramatik xüsusiyyətinə, faciəvi yönümünə baxmayaraq, musiqinin səmimiliyi, melodik və işıqlı olması dinləyicidə xoş duyğular, xoş əhvali-ruhiyyə oyadır.
İstedad, səmimiyyət, təmiz münasibət
Sevimli bəstəkarımıza həmişə səmimi münasibət bəsləyən, onunla müxtəlif mərhələlərdə əməkdaşlıq edən Zemfira xanım yazır: "Mən Qara Qarayevin elmi-publisistik əsərlərinin məcmuəsini çapa hazırlayırdım... Bu kitabla əlaqədar növbəti görüşümüz zamanı o, məndən gənc qadın bəstəkarlara münasibətimin necə olduğunu soruşdu və istedadlı, gələcəklərinə böyük ümid bəslədiyi bir neçə xanım bəstəkarın adını çəkdi. Onlardan biri Firəngiz Əlizadə, o birisi yaradıcılığından bəhs etdiyim Sevda İbrahimova və üçüncüsü Afaq Cəfərova idi. Qara müəllim mənə məsləhət gördü ki, onların yaradıcılıqları ilə tanış olum. Mən bu məsləhətə riayət edərək o vaxtdan həmin bəstəkarların yaradıcılığı ilə maraqlandım və hətta onlar haqqında yazılar da yazdım. Sevda xanımı mən çoxdan tanıyırdım. Biz eyni vaxtda xüsusi musiqi məktəbində oxumuşduq (indi Bülbül adına məktəb). Sonralar hər ikimiz bu məktəbdə işləmişdik... Mən böyük xanəndə, təkrarsız səsə malik Cabbar Qaryağdıoğlu haqqında "Şərq musiqisinin peyğəmbərləri" adlı kitab yazdım. Redaktoru mənim təklifimlə Sevda İbrahimova oldu. Məlumdur ki, Cabbar Qaryağdıoğlunun məşhur triosunda uzun illər boyu tarzən kimi Sevda xanımın babası - mahir ifaçı Qurban Pirimov çıxış etmişdi... Redaktorluqla əlaqədar mən Sevda xanıma müraciət edərkən o, məmnuniyyətlə razılaşdı və sonra mənə təşəkkürünü bildirdi ki, ona sanki keçmiş dövrü yaşatdım".
Sevda İbrahimova öz üslubunu uşaq musiqisində də tapmış, mahnılarında canlı, dəqiq və bədii dəst-xətni yaratmışdır.
O, uşaqlar üçün musiqi yazmaq işinə ciddi baxırdı. Onun uşaqlarla işləmək haqqında öz mülahizələri var idi. Bəstəkar qeyd edirdi ki, uşaqlarda musiqini duyma qabiliyyətini artırmaq üçün onların eşitdiklərini şəkildə əks etdirmələri çox vacibdir. Əgər mümkün olarsa, çalınan pyesin musiqisini səslə oxumaq da yaxşı olardı.
Sevda xanım ayrı-ayrı illərdə uşaqlar üçün fortepiano musiqisi, çoxsaylı mahnılar, səhnə əsərləri, o cümlədən "Nənəmin nağılları" operasını yazıb.
Sevda İbrahimova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1989-cu ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 2005-ci ildə isə ona Azərbaycanın Xalq artisti fəxri adı verilib. 1994-cü ildə professor elmi adını alıb.
Görkəmli bəstəkarın 150-dən çox yetirməsi olub. O, müxtəlif janrlarda iki opera, iki kantata, iki kvartet, fortepiano və orkestr üçün üç konsert, fortepiano və orkestr üçün konsertino, fantaziya, orqan və orkestr üçün konsert, skripka və orkestr üçün musiqi, fortepiano üçün silsilə pyeslər, "Əhval-ruhiyyələr", "Azərbaycan təranələri", teatr və kino üçün romans və mahnılar yazmışdır.
Sevda xanım elə bir insan idi ki, ətrafındakıların hamısı yaşından asılı olmayaraq, onu özlərinə dost hesab edirdilər. Təbiət ona bəstəkarlıqla yanaşı, müəllimlik istedadı da vermişdi. Tez-tez tələbələrinin kiçik, bəzən də böyük tamaşaçı auditoriyası qarşısında konsertlərini təşkil edirdi.
Şöhrətpərəstlik, qazandığı nailiyyətlərdən qürurlanmaq Sevda xanımın xarakterinə yad xüsusiyyətlər idi. O, həmişə axtarışlar aparar, yeni melodiyalar haqqında düşünərdi. Bəstəkar Sevda İbrahimova 2022-ci ildə 83 yaşında həyata vida etmişdi.
İradə ƏLİYEVA,
"Azərbaycan"