24 Noyabr 2024 08:35
129
CƏMİYYƏT
A- A+
Kəlbəcər təntənəsi

Kəlbəcər təntənəsi


Bu torpağa azadlıq, bu yurda bayram yaraşır! 

Zirvəsi qarlı dağları, sıx meşələri, şəfalı bulaqları, təmiz havası, gül-çiçəkli çəmənləri  ilə dünyada bənzəri olmayan xəzinələr diyarından danışıram.

Bağrından boy atdığımız, saflığı ilə cilalandığımız, vurğununa çevrildiyimiz müqəddəs ünvandan...

Bu uca məkanın dağından, aranından, kəndindən yaylağından, bayramlarından, toylarından, ən əsası, zəhmətkeş, qoçaq, qonaqpərvər, vəfalı, qəhrəman insanlarından danışıram...

Sazlı-sözlu ulu Kəlbəcərdən söz açıram!


Salam, torpaq...


Düz 31 il əvvəl, qüssəli bir yaz günündə, baxdıqca göz işləyən, ucu-bucağı bilinməyən qədim və nəhəng Kəlbəcər yurdu sakinləri üçün yoxa çıxmışdı, qeybə çəkilmişdi. O faciənin şahidləri sonradan danışırdılar ki, sonuncu dəfə Kəlbəcəri dağlarının bəyaz saçını yola-yola Tərtərçaya qoşularaq hönkür-hönkür ağlayan görmüşdülər. Elə həmin gün kəlbəcərlilər Azərbaycanın dörd bir yanına pərən-pərən düşmüşdülər. Heç şübhəsiz, bütün var-dövlətlərini qoyaraq Kəlbəcər kimi zəngin bir diyardan ayrılmaq onlar üçün maddi sıxıntılar burulğanına düşmək demək idi və elə belə də olmuşdu. Bir andaca, sözün əsl mənasında, quru yurdda qalan bu insanlar daldanacaqları bir dam, yatmağa yer, geyinməyə paltar, ayaqqabı tapmamışdılar. Saatlarla yardım növbələrində dayanmağa məhkum olmuşdular...

Bir də yurd, el-oba həsrəti var idi. Bu da ürəkağrıdan gerçəklikdir ki, onlar bu həsrətlərini ən çox ellilərinin yas mərasimlərində ovutmağa çalışırdılar. Qonşular, qohumlar bir-biriləri ilə görüşür, taleyin onları saldığı bu məhrumiyyətlərə, əzablara birlikdə ağı deyib gözyaşı tökürdülər... 

Amma bu insanlar heç zaman Kəlbəcərə dönəcəkləri ümidlərindən də daşınmamışdılar. Ona qovuşacaqları günə qədər Kəlbəcəri qəlblərində əvvəlkitək əzəmətli diyar kimi qoruyub saxlamışdılar, nə şirin ləhcələrindən, nə də adət-ənənələrindən əl çəkmişdilər. Bəlkə də elə bu ümid, etdikləri dualar idi onları yenidən Kəlbəcərə qovuşduran… Və budur, artıq Kəlbəcərin işğaldan azad edilməsinin 4 illik qürurunu yaşayırıq, o yurdların ziyarətinə gedirik.

İllər əvvəl kəlbəcərli şair Sücaətin qələmə aldığı o möhtəşəm məqamı yaşayırıq:

"Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər".

Azadlığından sonra Sınıqkilsənin əksər sakinləri doğma torpağının ziyarətinə gedib. 

Elə mən də 2022-ci ilin iyul ayında Kəlbəcərə, doğma kəndim Sınıqkilsəyə (indi Hacıkənd) ilk dəfə qədəm qoyanda bir gözüm ağlayırdı, biri gülürdü. 

Kəndə çatanda birbaşa doğulduğum evə (yəni quruca divarları qalmış evimizə) getmək mənə o qədər çətin gəlmişdi ki, vaxt qazanmaq üçün dərə ilə axan çayın həzin səsinə qulaq vermiş, uşaq vaxtı qarış-qarış gəzdiyim, hər daşına, qayasına, yoluna, cığırına bələd olduğum kəndə yenidən göz gəzdirmişdim. O çətin anlarda minlərlə gül-çiçəyin ətrini bu yamacdan o yamaca daşıyan ilıq meh üzümə vurmuş, yenə də məni ötən Kəlbəcərli günlərimə qaytarmışdı... 


Yaylaq bizim yaylaqlara bənzəyir 


Kəlbəcər elinin ən gözəl dövrü yaylaqlarda yaşam ərəfəsi olardı...

Biz buna "dağa köçmək" deyərdik...

Kəlbəcərdə hər kəndin bir və ya bir neçə yaylağı vardı. Məktəblər bağlanıb yay tətili gələndə Sınıqkilsənin sakinləri də Qoç daş yaylağına çıxardılar. Həm özləri dincələr, həm də qış ehtiyatı tutardılar. Yaylağa çox şey aparılmazdı, ancaq zəruri əşyalar qovğarılıb yük maşınına yığılardı.

Biz uşaqlarsa maşına minməyi xoşlamaz, elə pay-piyada mal-qara, qoyun-quzu, çoban itlərinin hay-küylü köçünə qoşulub üzü dağlara qalxardıq. Sınıqkilsənin ortasından iri bir çay keçirdi və evlər hər iki tərəfdə dağların döşündə sıralanmışdı. Başdan-başa meşəlik idi, amma biz yaylağa qalxdıqca meşəlik azalar, ağaclar yavaş-yavaş seyrəlib öz yerini az qala elə ağac hündürlüyünə qalxmış otlara verərdi. Bu cür hündür otları birtəhər yara-yara irəliləyərdik.

Yaylağa çatanda görərdik ki, artıq alaçıqlar qurulmağa başlanıb. Kişilər əvvəlcə alaçığın dirəklərini basdırar, sonra tavan hissəsini çubuqlarla hörər, ən sonda isə ağ çadırı çəkərdilər...

Onlar bu işləri görən ərəfədə isə qadınlar ocaq qalayar, qazan asardılar. Uzaqdan baxanda bütün ağ çadırların ətrafından uzanaraq buludlara qovuşan tüstü burumları görünərdi...

Yaylaqlar çox hündürlükdə yerləşdiyi üçün adamda elə bir hiss yaranardı ki, sanki yerlə-göyün qovuşduğu yerdəsən və əl uzatsan o ulduzlara, aya toxuna bilərsən...

Səhər ala-qaranlıqda lap uzaqlardan, haradansa çoban tütəyinin yanıqlı səsi dağ-daşda əks-səda verərdi...

Elə bu ecazkar çağırışdan sonra arxaclardan buraxılan mal-qara otlağa yönələr, yenicə doğulan quzular, buzovlar onların arxasınca yanıqlı-yanıqlı mələşərdilər. Axşamüstü naxır, qoyun sürüsü örüşdən qayıdanda isə ana və balaların qovuşması əsnasında bütün yaylağı elə bir səs-küy bürüyərdi ki, qulaq tutulardı...

Analar süd vedrələrini götürüb arxaca yollanar, uşaqlarsa qoyunların başından bir-bir tutub saxlayardılar ki, onlar südü rahatlıqla sağa bilsinlər. Az keçməmiş qıjıltı ilə vedrəyə axan ağ köpüklü südün ləzzətli ətri ətrafı bürüyərdi.

Daha sonra ocaqlar çatılar, sağılan südlər bişirilərdi. Kimisi süddən qatıq çalar, kimisi pendir tutar, kimisi də çiyə çəkərdi...

Kəlbəcər yaylaqlarının mehmanları da çox olardı...

Bulaqların başı qonaq-qara ilə dolub-daşar, saz-söz məclisləri düzənlənərdi. Sacda xamıralı bişirilər, qırxbuğum kətəsi salınar, nehrələr çalxanar, buz kimi ayran ürəklərə sərinlik gətirərdi...

Samovarlar pıqqapıq qaynayar, kəklikotulu çay dəmlənər, əmlik quzulardan kabab çəkilər, yarpızlı dovğanın ətri aləmi bürüyərdi...

Şükür Tanrıya ki, indi Kəlbəcər yaylaqları yenidən əziz qonaqlarını eyni təntənə ilə qarşılayır...


Dağlarda toy


 ...Elə ki alxaslı elinin uca dağların döşündə saldığı, güneyli-quzeyli Sınıqkilsə kəndinin iki gənci bir-birinə könül verdi, dərhal böyüklər şadlıqla qollarını çırmalayıb toy hazırlıqlarına başlayardılar.  

Əvvəlcə kəndin beş-altı ağsaqqalı və oğlanın anası yollanardı qız evinə və gəlişlərinin məqsədlərini söyləyərdilər. Böyüklərindən qızın "hə"si alınandan sonra gedənlərdən bir nəfər qayıdıb oğlan evindən bir qızıl üzük, bir qırmızı yaylıq, bir dənə də ətli-canlı qoyun gətirərdi. Qız evində heyvan kəsilər, qızın barmağına üzük taxılar, başına yaylıq salınar və geri dönülərdi. 

Aradan bir müddət keçdikdən, nişan qoyulduqdan sonra al-əlvan xurcunla, qırmızı lentlərlə bəzənmiş kəhər atı səyirdərək Sınıqkilsə kəndini ev-ev dolaşan cavan şux səslə camaatı toya dəvət edər, hər kəsi yeni ailə quracaq iki gəncin xoşbəxtlik sevincini bölüşməyə çağırardı. 

Beləcə, Sınıqkilsə kəndində uzun və zəhmətlə keçən yaz-yay aylarından sonra, bar-bərəkətli, əl-ayaq yığışan payız və qış fəslinin toy-düyünlü günləri başlayardı. 

Demək olar ki, bütün kənd əhli ellikcə toy adamına çevrilər, həm qız, həm də oğlan evində olan toyda yaxından iştirak edər, əlindən gələn köməyi əsirgəməz, doyunca oynayar, şənlənərdi. 

Sınıqkilsə kəndinin sakini Zəminə Quliyeva danışır ki, Kəlbəcərdə toylar, əsasən, payız aylarında olardı. Toylarımız dörd gün, dörd gecə sürər, hər günün də öz adəti, öz təmtərağı olardı. Toylara cümə axşamı "paltarbiçdi" ilə başlanılardı. 

- "Paltarbiçdi"də gəlinə qızıl, geyim, gəlinlik paltarı, qızın yaxınlarına, qocalara, uşaqlara paltar, yaylıq, don, kişilərə köynək və sair xələt gətirilərdi. 

Cümə günü axşam kənd camaatı oğlan evinə yığılar, yeyib-içər, aşıq mahnıları ilə oynayardı.  Şənbə günü isə səhər tezdən qız evində qazanlar asılardı, qaralı aş, şorba, dolma bişirilərdi. Saat 12-də oğlan evi gələr, toy mağarında yeyib-içərdilər. Axşamı isə qıza xınayaxdı mərasimi keçirilər, kəndin bütün gənc qızları əllərinə xına qoyardı. Sonra gecə saat 2-yə, 3-ə qədər aşıq çalar, hamı oynayardı. 

Toyun sonuncu günü - bazar günündə isə oğlan evində toy çalınardı. Günorta gəlini bəzəyib bəy evinə gətirərdilər. Adət idi,  gəlini üzüaçıq gətirməzdilər, gəlinlik paltarı geyinəndən sonra başına  örpək taxar, onun da üstündən qırmızı kəlağayı atardılar. Evin bir tərəfində ipəkdən tikilən gərdək asılırdı və gəlin rəfiqələri ilə onun arxasında oturardı. 

O zaman gəlini təsadüfən mağara (toy çadırı) aparardılar. Bir dəfə oynadardılar, qohum-əqrəba şabaş atardı, sonra qayıdıb gərdəkdə oturardı. 

Günorta yemək-içmək olar, sonra axşama qədər çalıb-oynayırdılar, sonra isə bəy tərifi olardı və gecə saat 2-yə, 3-ə qədər aşıqlar dastan deyərdilər. 


Bitdi çiçək, oldu yaz


Kəlbəcərdə təmtəraqla qeyd edilən bayramlardan biri də Xıdır Nəbi idi. 

Həmin gün, adətən, kəndimizdə qar dizdən olardı. Şaxtalı havada gümüşü ayla gur çatılan tonqalın işığı birləşərək donmuş çayın üzərində ecazkar mənzərə yaradar, balabanın, qarmonun, nağaranın sədaları kəndi başına götürərdi... Gənclərdən, yeniyetmələrdən, uşaqlardan ibarət kosa  gəzdirən dəstənin üzvləri səhərə qədər deyib-gülər, rəqs edərdilər... 

Beləcə, Sınıqkilsə kəndində məskən salan alxaslı obasının sakinləri növbəti Xıdır Nəbi bayramını coşqu ilə qeyd edərdilər.

 Adətən, Xıdır Nəbi fevralın ortasında, "yalançı çərşənbə"dən əvvəlki həftənin cümə axşamı günü özünəməxsus adət və əyləncələrlə keçirilərdi... Həmin günün əsas qəhrəmanı, hər kəs tərəfindən böyük maraqla gözlənilən və birmənalı olaraq kəndin bütün uşaqlarının çox qorxduğu  əyləncəli obrazı isə Kosa olardı. 

Kəndin cavan oğlanları bir evə yığışar, Kosaya dəridən hazırlanan xüsusi papaq, tərs çevrilmiş dəri gödəkcə geyindirər, əlinə taxtadan qılınc verərdilər. Axşam şər qarışanda Kosa başının dəstəsi ilə ev-ev gəzib, məşhur "Kosa, Kosa, gəlsənə..." mahnısını oxuyar, un, yağ, şəkər tozu, yumurta, puldan ibarət payını yığardı. Bütün evləri gəzib dolaşdıqdan sonra isə əldə olunan ərzaqdan halva çalınar, yuxa bişirilərdi. Yuxalara bükülən halva evlərə paylanardı. Pul isə Kosa gəzdirənlər arasında bərabər şəkildə bölünərdi...


Novruz ovqatı


Kəlbəcərdə Novruz bayramı xüsusi coşqu ilə keçirilərdi. Həftələrlə əvvəldən bu bayrama böyük hazırlıq görülərdi. Uşaqlar Novruz bayramı üçün yanvar ayından etibarən yumurta yığardı. Həmin yumurtalar həm anaların şirniyyat bişirmələri üçün, həm al-əlvan boyanmaları, həm də döyüşdürmək üçün yetərli olmalı idi. Fevral ayının axırıncı həftəsi səməni qoyulardı. 

Yadımdadır, hər bayram Bağdagül nənəm quyruq yağı, qoz, süd, undan kömbə bişirərdi. İki yekə sacın içini yuyar, birinin içərisinə xəmiri yayardı, digərini isə onun ağzına qapaq kimi qoyardı. Sacın altını və üstünü tamamilə közlə örtərdi və nəticədə qıpqırmızı ləzzətli kömbə hazır olardı.

Bir neçə qonşu yığışaraq bayram şirniyyatını bir yerdə bişirərdi. Bu, həm şirniyyatların bişirilməsini asanlaşdırar, həm də qız-gəlinin deyib-gülmək üçün bir yerə yığışmasına bəhanə olardı. Onlar səhərə qədər yatmazdılar, şirniyyat bişirərdilər.

Elə ki şirniyyatlar tamamilə bişirilib qurtarardı, bərabər şəkildə onu paylara bölərdilər. 

İlaxır çərşənbə tonqalı yandırıldıqdan sonra bütün süfrələr bəzədilərdi, xüsusilə də şirniyyatlarla, meyvələrlə. Xonçanın ortasında isə quzu fiqurlu şirniyyat olardı. Bu fiqurun boğazına qırmızı lent bağlayar, ağzına da bir tel səməni qoyardılar. 

Uşaqlar müxtəlif çərəzlər, şirniyyat, konfet, meyvə dolu boşqablarda qonşulara, qohumlara çərşənbəlik payı daşıyardılar. Qablar boş qaytarılmaz, içərisinə bayram payı qoyularaq geri göndərilərdi. Uşaqlar dəstə-dəstə yığışaraq qonşu qapılara torba atar, Novruz payı yığardılar. 

Səhər obaşdan hələ dan üzü ağarmamış qızlar durub gedərdi çay başına, "lal su" gətirməyə. Həmçinin də çayın içindən kiçik çınqıllar götürərdilər. Həmin sudan evin hər küncünə, həyətə səpər, çınqıllardan çörək təknəsinin dibinə, un kisəsinə qoyardılar ki, ev daim ruzi-bərəkətli olsun.

Martın 21-i isə "aş bayramı" idi. Belə deyərdik. Mütləq evlərdə qaralı plov dəmlənərdi. Yanında da çölarmudu qaxından hazırlanmış şirə. Həmin gün qohumlar, qonşular bir-birinin evinə gedər, mütləq o aşdan bir qaşıq da olsa dadardılar.


Kəlbəcərlə qoşa anılan igidlər


Artıq dörd ildir ki, Kəlbəcərin işğal yox, azadlıq günün qeyd edirik. Hər ötən an bu ulu yurdun azadlıq yaşının üzərinə fəxarətli günlər, aylar, illər gəlir... Kəlbəcərlilər düz 27 il həsrət qaldıqları ana yurdlarına qovuşublar. Tezliklə burada yeni həyat qurulacaq, bayramlar qeyd ediləcək, toylar çalınacaq, körpələr doğulacaq... 

Bütün bu xoşbəxtliyi bizə qəhrəman Azərbaycan oğulları bəxş edib. Canlarını torpaq uğrunda qurban verməkdən belə çəkinməyərək yurdlarımıza azadlıq qazandırıblar. Vətən yolunda şəhidlik zirvəsinə ucalan həmin igidlər arasında Kəlbəcərin hünərli oğulları da xeyli saydadır. Sınıqkilsədən olan və Birinci Qarabağ müharibəsində düşmənlə qəhrəmanlıqla çarpışan şəhid mayor Mürşüd Məmmədovun döyüş yolu gələcək nəsillərimiz üçün örnəkdir.    

Mürşüd Məmmədov Kəlbəcər Ərazi Müdafiə Taborunun - "Kəlbəcər taboru"nun tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib, torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla vuruşub. 

1992-ci ildə 701-ci hərbi hissə ilə birləşərək 3-cü tabor adlandırılmış "Kəlbəcər taboru" Qarabağ müharibəsinin sonunadək ön cəbhədə igidliklə vuruşub. 1993-cü ilin dekabrında Murovdağ silsiləsinin qarlı zirvələrini aşaraq düşmən arxasına, Kəlbəcərin Bozdu və Təkəqayası kəndlərinə etdiyi əfsanəvi yürüş isə qürurverici qalibiyyətləri ilə hələ də yaddaşlardadır. Taborun cəsur döyüşçüləri qış fəslində minlərlə metr yüksəklikdəki Murovdağın qarla örtülmüş zirvələrini bir həmlədəcə ələ keçirərək düşmən üzərinə hücum edib onları pərən-pərən salmışdı. Döyüşçü yoldaşlarının xatirələrində də dəfələrlə vurğulanır ki, birinci "Murovdağ əməliyyatı" zamanı ən ağır hücum istiqamətlərində döyüşləri məhz Mürşüd Məmmədovun rəhbərlik etdiyi bölük aparırdı...

2020-ci il Vətən müharibəsində düşmənə qan udduran qəhrəmanlar arasında da kəlbəcərlilər az deyildi. Əfsanəvi kəşfiyyatçı, Naxçıvan Əlahiddə Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı şəhid Anar Əliyev də bunlardan biridir. 

Ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Anar Əliyev müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənib. Anar Əliyevin rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın qəhrəmanlığı sayəsində 14 oktyabr tarixində Füzuli və Xocavəndin birlikdə 6 kəndi azad edilib. Qəhrəman döyüşçünün rəhbərliyi altında Qubadlı istiqamətində üzərində xaç olan strateji yüksəklik düşməndən təmizlənib. Polkovnik-leytenant Anar Əliyevin komandirlik etdiyi briqadanın iştirak etdiyi əməliyyatlar nəticəsində, 21 oktyabrda Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilib. Anar Əliyev Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəklikləri azad edərək Şuşaya Zəfər yolunu açıb. 

Başlıbelli şəhid polkovnik-leytenant Zaur Cəfərovun Vətən müharibəsindəki döyüş yolu da əzmkarlığı ilə seçilir. Zaur Cəfərov düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı dəfələrlə özü idarə edərək qənimət kimi gətirib. İgid komandirin Madagiz-Ağdərə istiqamətində rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Oktyabrın 3-də Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin və Murov dağ silsiləsinin işğalçılardan azad olunmasında müstəsna xidməti olub. 

Kəlbəcərin Milli kəndindən olan tibb xidməti polkovnik-leytenantı şəhid Rasim Abdullayev 44 günlük Vətən müharibəsi dövründə tabeliyində olan həkim briqadası ilə birlikdə gecə-gündüz hər bir yaralı əsgərin həyatı uğrunda çarpışıb-vuruşub, sözün əsl mənasında, onların əksəriyyətini ölümün pəncəsindən dartıb çıxarıb.  

Həkim Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış yaralılara yerindəcə tibbi yardım göstərib. Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanında tibbi yardım göstərən Rasim Abdullayev  işğaldan azad olunan ərazilərə gedib, oradakı yaralılara yardım göstərib, onları təxliyə edib.

Yazıda adlarını çəkdiyimiz bu kəlbəcərli qəhrəman şəhidlərimizin timsalında torpaqlarımız uğrunda gözünü qırpmadan özünü fəda edən minlərlə kəlbəcərli və ölkəmizin digər bölgələrindən olan cəsur oğullara bir ömür boyu minnətdar, onların ruhlarına duaçı olacağıq...

Bu qəhrəman igidlər sayəsində digər yurdlarımız kimi, Kəlbəcər də azadlıq gününü qeyd edir.   

Çox tezliklə Kəlbəcər əvvəlki cah-calallı, qonaq-qaralı, saz-sözlü günlərinə qovuşacaq. Bu cənnətməkan diyarın doğma sakinləri yurdlarına dönərək kəlbəcərli bəxtəvərlər kimi yaşayacaqlar... 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!