Respublikamız bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi etməklə Qərbin antiazərbaycançı və erməni təəssübünü çəkən dairələrini məğlubiyyətə uğratdı
Bakıda noyabrın 11-də öz işinə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatdı. Bu mötəbər tədbir dünya ictimaiyyətinin nəzərlərini iqlim dəyişikliklərinin yaratdığı fəsad və problemlərə yönəltməklə yanaşı, Azərbaycanın beynəlxaq uğuru kimi tarixə düşdü. Eyni zamanda bu tədbir respublikamızın antiazərbaycançı dairələr üzərində növbəti qələbəsi oldu.
Bütün riyakar planlar güclü Azərbaycan dövlətinin qarşısında iflasa uğrayıb
Məlumdur ki, Vətən müharibəsindəki Zəfərdən və Qarabağda erməni separatizminə son qoyulmasından sonra Qərbdə mənzillənmiş erməni təəssübkeşlərinin Azərbaycana qarşı məkrli davranışları daha da artıb. Çünki Azərbaycan dövləti 44 günlük savaşda və antiterror tədbirlərində yalnız Ermənistanı və erməni separatçılarını məğlubiyyətə uğratmayıb. Azərbaycanda həm də Ermənistanın işğal siyasətinin arxasında dayanan, ötən ilə qədər ərazilərimizdə mövcud olmuş erməni separatizminə dəstək verən Fransanı, Niderlandı və onlar kimi digər Qərb siyasi dairələrini, dünya erməniliyini məğlubiyyətə uğradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasəti ilə Qərbin Azərbaycanla bağlı məkrli planlarını darmadağın edib.
Ona görə həmin siyasi dairələr Azərbaycanın yaratdığı reallıqlarla barışa bilmirlər. Mütəmadi olaraq respublikamızla bağlı əsassız və həqiqətdənuzaq fikirlər səsləndirir, qərəzli sənədlər qəbul edirlər. Qərbin erməni təəssübünü çəkən dairələri xüsusən Azərbaycanın beynəlxalq uğurları ərəfəsində «fəallaşır», ölkəmizə qarşı riyakar kampaniyalara başlayırlar. Lakin ötən illərin reallıqları göstərir ki, onların bütün mənfur planları güclü Azərbaycan dövlətinin qarşısında iflasa uğrayıb.
Miskin, mənəviyyatsız və iyrənc xislətin göstəricisi
Azərbaycanın COP29-a evsahibliyi ilə bağlı qərarın verilməsindən sonra Qərbin antiazərbaycançı dairələrinin respublikamızla bağlı yeni qarayaxma kampaniyası təşkil edəcəkləri, habelə ölkəmizə hibrid müharibəyə başlayacaqları gözlənilən idi. Çünki bundan əvvəl «Avroviziya» musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər ölkəmizdə keçirilən vaxtlarda bir mərkəzdən təlimatlanan antiazərbaycançı şəbəkə total şəkildə respubikazımızın uğurlarına kölgə salmağa və ya sözügedən tədbirlərin ayrı-ayrı dövlətlər tərəfindən boykot edilməsinə cəhd göstərmiş, lakin niyyətinə çata bilməmişdi.
COP29 ərəfəsi və eləcə də tədbir günlərində antiazərbaycançı şəbəkə bütün imkanlarını səfərbər etməklə Azərbaycana qarşı kütləvi qarayaxma kampaniyasına start verdi. Təkcə oktyabr ayında ölkəmizlə bağlı Qərb siyasi dairələrinin nümayiş etdirdiyi riyakarlıqların miqyasına nəzər yetirəndə belə qənaət yaranır ki, sanki onların Azərbaycanı hədəfə almaqdan başqa işləri-gücləri yox imiş. Həmin dövrdə ABŞ-da 60 yaxın senator və konresmenin Dövlət katibi Antoni Blinkenə müraciət edərək, onu Azərbaycana qarşı sanksiyalara çağırmaları, Avropa Parlamentində Azərbaycanı hədəf alan, ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qətnamənin qəbulu, Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə qəbuledilməz və tamamilə qərəzli bəyanat səsləndirməsi, Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycana qarşı əsassız fikirlər söyləməsi, Niderland parlamentinin nümayəndələr palatasının Azərbaycan əleyhinə iki qətnamə qəbul etməsi, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun "France Inter" kanalına müsahibəsi zamanı "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirməsi erməni təəssübünü çəkən Qərb dairələrinin aldıqları təlimatlar əsasında «fəallaşdıqlarını» və ölkəmizə qarşı total şəkildə hibrid müharibəyə başladıqlarını göstərdi. Amma əslində bu Qərbin hibrid müharibə aparmaqdan daha çox, malik olduğu miskin, mənəviyyatsız və iyrənc xislətin göstəricisi idi.
Qərbin qərəzli niyyətləri baş tutmadı
Görünən odur ki, COP29-dan əvvəl antiazərbaycançı şəbəkənin qarşısına bu mötəbər tədbir dövründə bütün vasitələrdən istifadə etməklə, hətta ən alçaq və təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq, dövlətlər tərəfindən COP29-un boykot edilməsi vəzifəsi qoyulmuşdu. Bunun səbəblərindən biri onların COP29-un Azərbaycanda keçirilməsini qəbul edə bilməmələri idi. Çünki bilirdilər ki, COP29 Azərbaycanın qlobal nüfuzunu daha artıracaq, dostlarının sayını artıracaq, beynəlxalq mövqelərini daha da möhkəmləndirəcəkdir.
İkincisi, Azərbaycanı hədəfə alan Qərb dairələri düşünürdülər ki, bununla ölkəmizə təsir edərək Ermənistanla tələm-tələsik və yarımçıq sülh müqaviləsininin bağlanmasına nail ola bilərlər.
Qərbin məkri ölkəmizə təzyiq etməklə həm də Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş canilərin həbsdən azad edilməsinə nail olmaq, Qarabağda yenidən erməni separatizmini alovlandırmaq, Cənubi Qafqazda gərginlik yaratmaq idi. Lakin onları bu niyyətlərinin heç biri həyata keçmədi və keçə də bilməzdi. Özləri də bir daha əmin oldular ki, Azərbaycana təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil.
Azərbaycan COP29-a ən yüksək və nümunəvi şəkildə evsahibliyi etdi. Tədbir günlərində hər hansı xoşagəlməz hadisə baş vermədi. Ümumilikdə isə COP29-un ən yüksək səviyyədə keçirilməsi, bu tədbirdə iştirak etmək üçün 200-ə yaxın ölkənin nümayəndələrinin, 80-dən çox prezident, vitse-prezident və baş nazirin Azərbaycana gəlməsi antiazərbaycançı qüvvələrin növbəti məğlubiyyəti oldu.
Onu da qeyd edək ki, Qərb Azərbaycana təzyiq göstərməklə həm də iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr bunu bir daha təsdiq etdi. Belə ki, beynəlxalq ictimaiyyət dünyanı karbon qazı ilə zəhərləyən Qərbdən 1 trilyon ABŞ dolları gözlədiyi halda, Qərb bir neçə dəfə az vəsaitlə ortaya çıxdı. Bunu isə məqsədyönlü şəkildə tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Beləliklə, dünyanı karbon qazı ilə zəhərləyən Qərb bu problemlə mübarizədə də riyakarlıq nümayiş etdirdi.
Rəşad CƏFƏRLİ,
«Azərbaycan»