27 Fevral 2024 08:35
237
SİYASƏT
A- A+

İtirdiklərimiz və itirə biləcəklərimiz

 

"Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir".

İlham ƏLİYEV

 

"Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır".

İlham ƏLİYEV

 

Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır...
Kommunizm ideologiyasının banilərindən birinin fikridir...
Sovet dövründə "marksizm-leninizm klassikləri"nin dediyi sözlər müzakirə edilmirdi.
Ehkam kimi qəbul olunurdu.
Düşüncə azadlığı və fikir plüralizmi dövründə isə deyilənə "şəkk etməyə" icazə verilir.
Bəşəriyyət öz keçmişindən ayrılmalıdırmı?
Əgər ayrılmalıdırsa, onda niyə gülə-gülə, belə yüngül formada?

Ayrılanda keçmişindən tam imtina etməlidirmi?
Hər şeyi məsxərəyə qoyub gülərək, yoxsa nələrisə götürüb özündə saxlamaqla ayrılmalıdır?!

Əlbəttə, bolşeviklər inqilabçı idilər və onlar "uf" demədən dağıtmağı, öldürməyi, məhv etməyi bacarırdılar.
* Onlar dəmir yollarını sökərək: "Proletariat burjuaziyanın çəkdiyi yoldan istifadə edə bilməz!" - söyləyərdilər.
* Onlar: "Əsas bolşevik əqidəsidir, inqilabi ruhdur" deməklə banka matrosu müdir təyin edərdilər.
* Onlar: "Biz bütün dünyanı dağıdaraq öz yeni dünyamızı quracağıq" - iddiasında ola bilərdilər.
Bəs sonra?
Sonra insanların əllərindən var-dövlətlərini, əmlaklarını, evlərini aldılar.
Sibirə sürgünə göndərdilər.
Həbsxanalara saldılar.
Güllələdilər və s.

Nəticədə cəmi 70 il yaşaya bildilər.
Hər şeydən imtinanın aqibəti məhz belə olmalı idi!
***
Bolşeviklər tarixin səhifəsindən silinsələr də, bəşəriyyət kommunizm ideologiyasından imtina etsə də, hərdən onların "miras"ı sayılan köhnə yanaşmanın qaldığının şahidinə çevrilirik.
Görünür, ən gec dəyişikliyə uğrayan məhz insan psixologiyasıdır.
Əlbəttə, söhbət təkcə maddi-texniki məsələlərdən gedəndə haradasa belə münasibəti anlamaq olar.

Onsuz da elm inkişaf edir, texnika köhnəlir, yeni kəşflər daha yaxşısını və daha məhsuldarını ortaya çıxarır.
Artıq dördüncü sənaye inqilabı başlayıb.
Rəqabətdə davam gətirmək, bazarda qərar tutmaq və yeni bazarlar tapmaq üçün daim yenilənməlisən.
Bəs milli-mənəvi dəyərlər necə?
Onlar da daim təzələnməlidir?
Keçmişdəkilərdən tam imtina edilərək yeniləri yaradılmalıdır?

Keçmiş SSRİ-nin son dövrlərində kommunistlərin iddia etdikləri kimi:
* Xalqlar və millətlər arasındakı bütün sədlər silinməlidir...
* Dünyada vahid ideologiya kommunizm ideologiyası olmalıdır...
* Hamı ateistliyə keçib dindən imtina etməlidir...
* Keçmiş SSRİ-də yaşayan 73-dən çox xalq və millətin nümayəndələri bir-birinə "qovuşaraq" "sovet xalqlarının tarixi birliyinin yeni forması" kimi meydana çıxmalıdır və s.
BU GÜN İSƏ:
* Avropa mədəniyyəti və Avropa düşüncə tərzi dünyanın hər yerində bərqərar edilməlidir;
* Hamı Avropadakı kimi, eyni cinsdən olanların nikahına icazə verməlidir;
* Hər bir ölkədə Avropa "mənəvi standartları" hakim kəsilməlidir;
* Avropa nəyi necə tövsiyə eləsə, hamı gözünü yumub onu yerinə yetirməlidir.
Vəssalam...
O yanaşma ilə bu yanaşmanın fərqi nə oldu?!
Amma 44 günlük Zəfər müharibəsinin müəllifi və memarı, separatizmdən qurtulmağın yeganə modelini yaratmış cənab İlham Əliyev qətiyyətli addımları və əməlləri ilə sübut etdi ki, hər şeydən ucada xalqın və dövlətin milli maraqları dayanır!
Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci ildə Bakıdakı 20 nömrəli məktəbin təmirdən sonrakı binasının açılışındakı nitqindən sitat gətiririk: "... Milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır".
Avropanın dedikləri və etdikləri ehkam deyil, öz maraqlarının ifadəsidir.
"Tövsiyə"ni, sənə təzyiq və təsir yolu ilə etdirmək istədiklərini yox, özün xalqın və dövlətin üçün zəruri saydığını etməlisən!
Güclü, ağıllı, mübariz və qətiyyətli olmalısan!
Həm də dövlətin, xalqın təkcə bu gününü deyil, sabahını da düşünmək, nəzərdə saxlamaq son dərəcə vacibdir!
***
Hər xalqın özünəməxsus xüsusiyyətləri, onu başqalarından fərqləndirən cəhətləri var.
Bütün bunlara cəm halında milli-mənəvi dəyərlər deyirlər.
Bu dəyərlər qısa bir vaxtda, asanlıqla yaranmır.
İllər boyu seçilib-fərqləndirilərək qorunur, əsrlərin sınağından keçərək formalaşır.
Milli-mənəvi dəyərlər adət-ənənələrdə, məişətdə, ailədaxili, doğmalar, qohumlar, qonşulararası münasibətlərdə qorunaraq saxlanılır, milli mədəniyyətin bir hissəsinə çevrilir, xalqımızı digərlərindən fərqləndirən başlıca əlamətlərdən hesab olunur.
Dini dəyərlər də milli dəyərlərin bir hissəsidir.
Tarixin müəyyən dönəmləri bu dəyərlərə təsir göstərə, müəyyən dərəcədə dəyişə bilir.
Belə dəyişmələr böyük şəhərlərdə, meqapolislərdə daha sürətlə gedir.

Nisbətən kiçik yaşayış məntəqələrində isə onlar daha dözümlü, təsirə az məruz qalan olurlar.
Məsələn, sovet dönəmində dövrün tələblərindən irəli gələn dəyişikliklər, xüsusən Kommunist Partiyasının millətlər arasındakı mühüm fərqləri aradan qaldırmaq, xalqların tarixi birliyinin yeni formasının, "sovet xalqı"nın yaranması ilə bağlı tezisləri mənəvi dəyərlərə təsirsiz ötüşmədi, insanların dünyagörüşü ilə yanaşı, adət-ənənələrimizə, məişətimizə də hissediləcək təsirini göstərdi.
Bu gün eyni halı "Avropa dəyərləri"nin içimizə işləməsi ilə bağlı sahələrdə də müşahidə edirik.
Ulu Öndər Heydər Əliyev məhz bu məqamı nəzərdə tutaraq böyük uzaqgörənliklə xəbərdarlıq edirdi:
"Biz üzümüzü Qərbə tutsaq da, şərqli olduğumuzu heç zaman unutmamalıyıq!"

***
Təbii ki, öyrənmək vacib və gərəklidir!
Lakin nəyi və necə öyrənməli, yeniləri əxz edərkən köhnələrlə, yəni özününkülərlə necə davranmalı?
Ən incə və diqqət tələb edən məqamlardan biri məhz budur!

İndiyədək dediklərimiz yeni məsələ deyil.
Hələ XIX əsrdə yaşamış maarifçi-demokratlarımız bu mövzuda uzun müddət danışmış, yazmış, müzakirələr açmış, mübahisələr etmişdilər.
Bu mövzu Həsən bəy Zərdabidən başlayaraq Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov və digərlərinin, hətta daha sonralar Cəfər Cabbarlının bədii yaradıcılığında geniş yer tutmuş, demokratik mətbuatın səhifələrindən əskik olmamışdır.
Bu gün isə internet bütün sərhədləri aşmış, yayım sürətinə və əhatə dairəsinə görə bütün rekordları qırmışdır.
"Azad və azğın söz məkanı" sayılan sosial şəbəkələr isə heç bir qadağa və məhdudiyyət, ədəb-ərkan və mənəvi dəyər tanımayan söz platformasına çevrilmişdir.

Həm də bütün günü bizimlədir, mobil telefonlarımızda daim əlimizdə, cibimizdə gəzdiririk.
Dost da, düşmən də sözünü orada deyir.

Belə şəraitdə "yenilik" adı ilə sırınan mənəvi deqradasiyaya müqavimət göstərmək çətin, bəlkə də mümkünsüzdür.
Əsas sual isə budur: "Avropa mədəniyyəti", "dünya standartı" adı altında cidd-cəhdlə bizə sırınanlara müqavimət göstərmək istəyirikmi?
Təəssüf ki, bu sahədə yaranmış boşluqlar artıq təsirini get-gedə daha çox büruzə verməkdədir!
***
Bu gün beyinlərə təsir yarışında televiziya kanalları ilə sosial şəbəkə arasında gərgin və barışmaz "mübarizə" gedir.
Get-gedə sosial şəbəkə televiziyanı üstələyir.
Əvvəla, qəzetlərin şüurlu şəkildə sıxışdırılması və sıradan çıxarılması prosesi getdikcə sürətlənir.
İkincisi isə, sosial şəbəkənin "cibdə gəzdirilmə" imkanı onu bizə telekanallardan daha "yaxın" edir.

Amma televiziyanın auditoriya genişliyini də unutmaq olmaz.
Üstəlik, telekanallar bəlli qurumlar və insanlar tərəfindən formalaşdırıldıqlarından onların mötəbərliliyi daha üstündür.
Bəs "demokratiyanın övladları" sayılan özəl telekanallarda bu sahədə vəziyyət necədir?!
Heç də xoş və ürəkaçan deyil!

Birbaşa mətləbə keçirik.
Hər gün:
"Xəzər"də Lalə Azərtaşın rəhbərliyi ilə 3,5 saat "Təsir dairəsi"...
ATV-də Zaur Baxşəliyevin rəhbərliyi ilə 4 saat "Bizimləsən"...
ARB-də əvvəlcə Elgiz Əkbərin rəhbərliyi ilə 3 saat "Elgizlə izlə", sonra isə  Xoşqədəm Baxşəliyevanın rəhbərliyi ilə 4 saat "Səni axtarıram", axşam isə Zaur Kamalın rəhbərliyi ilə 2 saat "Həmin Zaur"...
SPACE-də əvvəlcə 2,5 saat Amil Xəlilin rəhbərliyi ilə "Gəl danış", ardınca İlham Mirzəyevin rəhbərliyi ilə 1,2 saat "Yaxşıya doğru" verilişləri gedir...
Özəl kanalların bu tipli gündəlik "şou"larına 20 saat 40 dəqiqə, həftə ərzində isə təqribən 102 saat ekran vaxtı ayrılır!
Həftədə xalqa 102 saat mənəviyyatsızlıq nümayiş etdirilir! 

* Hamısı eyni mövzulu, eyni formatlı...
* Hamısı sensasiya məqsədli...
* Hamısı qarşıdurma yaratmaq istəkli...
* Hamısı etik normaları gözləməyən, tamaşaçıya hörmət qoymayan proqramlar!..
* Hamısı bayağı və məsuliyyətsizlik nümunəsi!..
* Ekspertlər araqızışdıran, araqatan funksiyalı...
* Telefon zəngləri ocağa neft tökən...
* Sakitlik yarananda aparıcı iştirakçılar vasitəsilə yeni konfliktlər yaradan...
* İştirakçıların çoxu psixoloji problemli və mənəviyyatdan qüsurlu insanlar... 
Nə səviyyə, nə ssenari var, nə jurnalistikanın prinsip və peşə davranışı qaydalarına riayət edən, nə də əməlindən, gördüyü işlərdən və belə mənəviyyatsız "verilişlər"i müntəzəm şəkildə cəmiyyətə təqdim etdiyindən utanan!
* Dəfələrlə verilişlər yarıda dayandırılıb.
* Dəfələrlə ekran müəyyən müddətə "qaraldılıb".
* Dəfələrlə təhqirlər və ədəbsiz ifadələr efirdə səslənib.
* Dəfələrlə iştirakçılar mikrofonu atıb gedib.
Kimsənin vecinə deyil...
Kimsənin tükü tərpənmir.

Hamı "reytinq"ə işləyir!
"Reytinq" kim tərəfindən, necə, hansı prinsiplər əsasında müəyyən edilir - sirr kimi saxlanılır!
Hamı "reytinq"in əsirinə çevrilib.

Çünki "reytinq" pul deməkdir, pul!
Cavabsız qalan suallar çoxdur!
Bir neçəsini səsləndirək:

* Görəsən, milli-mənəvi dəyərlərin məhvi hesabına qazanılan pul bu qədər vazkeçilməz və zəruridir?!
* O verilişlər olmasa, daha reytinq verən də olmayacaq?!
* Niyə, nə səbəbə?
* Daha yaradıcı, maraqlı, mənəvi cəhətdən gərəkli verilişlər hesabına pul qazanmaq mümkün deyil?
* Belədə "reytinq"i məhz bu tipli verilişlərə ünvanlayanların əsl məqsədləri nədir?!
Düşündürücüdür, deyilmi?!
Bəs nə vaxt düşünüb doğru qərara gələcəyik?

Əvvəla, deyək ki, telekanallar reklam əlindən sözün həqiqi mənasında boğulurlar!
İkincisi, əgər bu reklam bazarı varsa, (görürük ki, var) reklam sahibi onu bu verilişə deyil, mənəviyyatlı verilişlərə yönəldəcəkdir.
Yox, məqsəd həmin "mənəviyyatsızlıq ocaqları"nı qoruyub saxlamaqdırsa, insanların, xüsusən gənclərin mənəviyyatını pozmaqdırsa və "reytinq" adı ilə milli-mənəvi dəyərlərimizə qarşı bu düşmənçiliyi və dağıdıcılığı davam etdirməkdirsə, onda bu, dövlət əhəmiyyətli məsələdir və onun qarşısını almaq üçün müvafiq dövlət qurumları vəzifə borclarını yerinə yetirməlidirlər!
Dərhal və gecikmədən!
Bütövlükdə reytinq məsələsinə gəldikdə, bilənlər bilirlər, bilməyənlər isə eşitsinlər:
Azərbaycan bir dövlət olaraq özünün reytinq məsələsini həll edib!
Özü də:
* BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərək qurumun iclaslarına sədrliyi dövründə!
* Qoşulmama Hərəkatına vaxtı daha bir il uzadılmaqla üçillik rəhbərliyi dövründə!
* TDT-də səmərəli və bütün iştirakçılara faydalı təklif və layihələr təqdim etməklə!
* 44 günlük Zəfər müharibəsində düşmən ordusunu məhv edərək torpaqlarını işğaldan həmişəlik azad etməklə!
* 23 saatlıq lokal xarakterli antiterror tədbirlərini keçirərək ölkənin ərazi bütövlüyünü, suverenliyini və konstitusion əsaslarını tam bərpa etməklə!
* Heç bir təsir, təzyiq qarşısında bir addım belə geri çəkilməyərək öz milli maraqlarına əsaslanan müstəqil daxili və xarici siyasət yürütməklə!
İndi Azərbaycana "televiziya reytinqi" bu qədər vacib və gərəkli, həyati əhəmiyyətlidir ki, biz ona görə milli-mənəvi dəyərlərimizdən, milli əxlaqımızdan imtina edək?!
Tərəzinin hər iki gözündəkilərə diqqət yetirin, "əməkhaqqı" güdən cənablar!
***
Maraqlıdır, əyalət qəzetlərini kütləvi şəkildə sıradan çıxaranda orada çalışan yüzlərlə cavan və yaşlı, gözlərinin nurunu peşələrinə qurban vermiş rayon jurnalistlərinin taleyinə bu qədər yanmadıq!
Bu ayrı-seçkilik nədən qaynaqlanır?
Niyə "yaxındakıları" sevir, onlara mənəvi dəyərlərimizdən "qurban kəsir", "uzaqdakıları" isə taleyin ümidinə buraxırıq?!
Televiziya kanallarında oxunmayan mahnı, oynanılmayan rəqs, deyilməyən söz, geyilməyən paltar, göstərilməyən mənəviyyatsızlıq, duzsuzluq, təkrarlanmayan düşüklük, nümayiş edilməyən əttökənlik - bir sözlə, daha tamaşaçını cəlb edəcək, maraqlandıracaq, təəccübləndirəcək heç nə qalmayıb.
Bu mənada Azərbaycan tamaşaçısını nəinki yerli kanallar, hətta ən məşhur dünya kanalları belə, heyrətə gətirmək gücündə deyil!
***
Artıq mavi ekranlarda fərqli sifət, yeni sima görmək qeyri-mümkündür:
* qaş eyni;
* göz eyni;
* gözün içindəki linza eyni;
* yanaq eyni;
* dodaqlar eyni;
* üzün dərisi eyni;
* oynayanda rəqsin "element"ləri eyni;
* təbəssüm də eyni.
Daha müğənniləri tanımaq, bir-birindən ayırmaq olmur.
Eyni usta əlindən çıxmasalar da, "eyni qəlib"dən çıxdıqları açıq-aşkar görünür.
Bura "bədən eyniliyi" ilə, libas eyniliyini də əlavə etsək, qəribə mənzərə yaranır.
Özəl telekanallarda məlum verilişləri bir-birindən fərqləndirmək qətiyyən mümkün deyil.
Bu bənzərlilik və yeknəsəklik tamaşaçıları mavi ekrandan sosial şəbəkəyə itələyir.

Sosial şəbəkədə isə insanları:
* heç bir ictimai əhəmiyyəti olmayan xəbərlər;
* qeybət söhbətləri;
* yalançı sensasiya;
* kobud və vulqar ifadələr;
* söyüş və təhqirlər;
* tərbiyə edən, maarifləndirən, gərəkli informasiya əvəzinə ədəbsizlik, qanqaralığı və mənəviyyatsız hadisələr gözləyir.
* Bezmədinizmi?
* Usanmadınızmı?
*  Yorulmadınızmı?
* Doymadınızmı?
Bütün bunlar nə jurnalistikadır, nə ədəbiyyatdır, nə sənətdir, nə də insana fayda gətirəcək, düz yola yönəldəcək başqa bir şey!
Axı Azərbaycan xalqı bu deyil və heç zaman belə olmayıb!

***
Telekanallarda fonoqram ilə çalıb-oxumaq da adi hala çevrilib.
Hətta musiqi kollektivi verilişdə iştirak etsə belə.
Sadəcə, onlar barmaqlarını tərpətmək, başlarını silkələməklə "ifa" görüntüsü yaratmağa çalışırlar.
Belədə "ifaçı"nın üzərinə düşən vəzifə müxtəlif "rəqs elementləri" ilə əzilib-büzülmək, özünü nümayiş etdirməkdir.
Verilişin digər iştirakçıları isə elə oturduqları yerdə "rəqs etməyə" başlayır (təbii ki, aparıcının təhriki və göstərişi ilə), yöndəmsiz və gülünc hərəkətlər etmələrinin fərqinə varmırlar.
Ən ağır "yük" isə aparıcının boynuna düşür:
Gah qışqırmaqla "şən əhvali-ruhiyyə" nümayiş etdirir, gah əcaib-qəraib hərəkətlərlə guya ki, "rəqs" edir, gah iştirakçıları dümsükləyərək "sükunət"dən çıxarmağa çalışır, gah da ifaçının ünvanına bol-bol tərif və kompliment yağdırmaqla "borc"undan çıxmağa çalışır.
Studiyadan kənarda, adətən, bağ evlərində baş verən "ənənəvi konsertlər"də isə bütün diqqət həm də ev əşyalarının və süfrəyə düzülən xörəklərin nümayişinə yönəldilir.
Belə verilişlərdə təbiilikdən və səmimiyyətdən başqa hər şey olur!

***
"12 yaşlı məktəb şagirdi 52 yaşlı kişiyə nişanlanıb!"
Bu xəbər sosial şəbəkədə bomba kimi partladı və uzun müddət geniş müzakirə olundu.
* Hamı təəccübləndi...
* Hamı qınadı...
* Hamı məzəmmət etdi...
Valideynlər ictimai təpkini görərək sözlərindən geri çəkildilər, toyun "gəlin"in həddi-büluğa çatacağından sonra baş tutacağını söylədilər.
Hətta bu hadisə telekanallarda da geniş müzakirə olundu, məsələyə bir neçə veriliş həsr edildi.
Ən təəccüblüsü isə ictimaiyyətin heç də yeganə və təsadüfi olmayan bu hadisəni heyrətlə qarşılaması idi.
Özəl telekanalların hər biri gündə 5-6 saat efir vaxtı ayırmaqla Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, sözün həqiqi mənasında, divan tutduğu bir vaxtda başqa necə olmalıdır ki?!

***
Əgər günlərlə, aylarla və illərlə davam edən "evlilik" verilişlərində Elgizin, Xoşqədəmin, Zaurun və digərlərinin "elçiliyi", "aradüzəldənliyi" ilə ekran qarşısında bir-birini tanıyan, "danışan və sevişən", heç də həmişə cavan olmayan "bəy" və "gəlin"lər bizə "nümunə" göstərilərək "yeni ailə"lər qurulursa, evliliyə belə məsuliyyətsiz, əhəmiyyətsiz, əyləncə xarakterli hadisə kimi baxılırsa, başqa necə olmalıdır?!
Başı daşdan-daşa dəymişlər, üzü üzlər görmüşlər - yəni "təcrübəli"lər ailənin bu sayaq yarandığını göstərir, telekanallar isə onlara xeyir-dua verərək təbliğ edirlərsə, onda "ailə quruculuğu"na ciddi yanaşmağa, onun mənəvi tərəflərini nəzərə almağa ehtiyac varmı?!
Nə tökərsən aşına, o da çıxar qaşığına!
Əvvəlcə təbliğ və reklam edib, sonra qınamağın mənası və təsiri varmı?!

İndiyədək itirdiklərimiz çoxdur:
* Artıq böyüklərin sözünü eşidib, özünə hörmət qoyan çox azdır.
* Avtobus və metroda heç bir cavan ayağa durub yerini qocalara vermir.
* Şagird müəlliminə hörmətlə yanaşmır, əksinə, şəklini gizlincə çəkib sosial şəbəkəyə qoyur.
* Doğmaların evinə getmək üçün əvvəlcədən icazə almalısan.
* Boşanma adi hala çevrilib.
* Analar doğduqları uşağı rahatlıqla küçəyə, zibil qutularına atırlar. 
* Övladlar analarını, hətta bütün ailə üzvlərini qətlə yetirirlər.
"Qazandığımız" isə:
* Gəlinlər qayınanalarını;
* Qızlar analarını;
* Arvadlar kişilərini;
* Oğullar atalarını ittiham etməyə "teleməkan" adlı yer tapıblar.
* 20-30 il yoxa çıxaraq valideynlərini axtarmayanlar, bir telefon zəngi ilə yad etməyənlər özlərinə bəraət yeri tapıblar.
* Ərə getmək istəyənlər bir neçə günə ər, arvad arzusunda olanlar bir neçə saata taylarına qovuşmağa məkan tapıblar.
* Ərinin, ya arvadının xəyanətini, doğmaların və ya qohumların bir-birinə cinsi təcavüzünü bəyan etməyə platforma tapıblar.
* Milli-mənəvi dəyərlərimizi məsxərəyə qoyaraq axırına çıxmaq üçün böyük auditoriyası olan "telekanal" adlı məkan "kəşf" olunub.
Görün mavi ekranlarımızı beş-üç manat pul xatirinə hansı verilişləri aparmaq üçün kimlərə təslim etmişik...
Sonuncu itirəcəyimiz də var...
Bu, əsrlərin sınağından çıxan ailə institutudur!

Avropada çoxdan yoxa çıxan ailə!
Sevənlərin qovuşduğu və daim birgə yaşamaq istəklərini gerçəkləşdirən, dünyaya övlad gətirən, uşaqlara tərbiyə, təhsil verərək layiqli vətəndaş yetişdirən, böyüklərə hörmət, qocalara qayğı göstərən, dar və ağır gündə heç bir üzvünü tək qoymayan ailə! 
Avropada yoxdursa, bizdə niyə olsun?!
Belə yanaşma ilə razılaşmaq olarmı?!
Mənəviyyatsızlıq aşılayan bu tipli verilişlərin "Qəfəs"in dalınca göndərilmə vaxtı çoxdan çatıb!..

 

Bəxtiyar SADIQOV 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video