O, ölkəmizə əlavə investisiya cəlb etmək və iqtisadiyyatı şaxələndirmək sarıdan gərəklidir
Bakıda III İslam Maliyyə Forumunun keçirilməsi Azərbaycanda alternativ maliyyələşmə mexanizmlərinin inkişafı baxımından aktual hadisədir. Belə ki, ölkənin xarici investisiyalara ehtiyacı, neftdənkənar sahənin genişləndirilməsi, kiçik və orta biznesin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması yeni maliyyə xdmətlərinin araşdırılmasını zəruri edir. İslam maliyyəsi isə bu istiqamətdə müəyyən imkanlar yarada bilər.
İslam maliyyəsinin Azərbaycanda inkişafı ilə bağlı müzakirələrə 2024-cü ildən başlanılıb. Həmin il noyabrın 13-də Bakıda keçirilən ilk İslam Maliyyə Forumunda islam bankçılığı, maliyyə məhsulları, sahibkarlığın maliyyələşdirilməsi və bu sahənin hüquqi əsasları müzakirə olunub. Tədbirdə beynəlxalq ekspertlər Türkiyə və digər ölkələrin təcrübəsini bölüşərək Azərbaycanda islam maliyyəsinin tətbiqi imkanlarına diqqət çəkiblər. 2025-ci il oktyabrın 23-də keçirilən ikinci forumda isə diqqət daha çox islam maliyyəsi vasitəsilə investisiyaların cəlbinə, kiçik və orta biznes üçün yeni imkanlara, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpasında "yaşıl sərmayə"dən istifadəyə yönəlib. Türkiyənin bankçılıq təcrübəsi də müzakirə olunub.
Beləliklə, əvvəlki iki forumda islam maliyyəsinin imkanları və tətbiqi yolları müzakirə edilib. İndi isə diqqət bu müzakirələrin konkret nəticələrə çevrilməsinə yönəlib. Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə təşkil olunan 3-cü forumda Azərbaycanda islam maliyyəsinin inkişaf perspektivləri, islam bankçılığı və sığortasının tətbiqi, alternativ maliyyələşmə alətləri, eləcə də bu sahədə peşəkar kadrların hazırlanması və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunub.
Forum çərçivəsində üç panel sessiyası keçirilib. Müzakirələrdə islam bankçılığı və sığortasının yeni inkişaf mərhələsi, sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları, həmçinin islam maliyyəsi üzrə mütəxəssislərin hazırlanması əsas diqqət mərkəzində olub. Məlumat üçün bildirək ki, sukuk islam maliyyəsində istifadə olunan, ənənəvi istiqrazlara müəyyən mənada bənzəyən investisiya xidmətidir. Sadə dillə desək, dövlət və ya şirkət hansısa layihəni maliyyələşdirmək üçün investorlardan vəsait cəlb edir, investorlar isə müqavilənin şərtlərinə uyğun olaraq həmin layihədən və ya aktivdən gəlir əldə edirlər.
Vurğulayaq ki, dövlət qurumlarının, maliyyə institutlarının, bank sektorunun nümayəndələrinin, akademik dairələrin və beynəlxalq ekspertlərin iştirak etdiyi forum təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Əsas gözlənti isə müzakirələrin konkret təşəbbüslərə çevrilməsi və Azərbaycanda islam maliyyəsinin inkişafına real töhfə verməsidir.
İslam maliyyəsinin qlobal miqyasda sürətlə genişlənməsi bu sahəyə marağın təsadüfi olmadığını göstərir. III İslam Maliyyə Forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2026-cı ilin göstəricilərinə əsasən, dünyada islam maliyyəsinin həcmi 6,5 trilyon dollara çatıb. Onun sözlərinə görə, cari ildə sektor üzrə artımın 10 faizə qədər olacağı, 2030-cu ilədək isə qlobal həcmin 10 trilyon dolları ötəcəyi proqnozlaşdırılır: "Sektorun əsas istiqamətini islam bankçılığı təşkil edir. Belə ki, ümumi portfelin 70 faizdən çoxu, təxminən 4,5 trilyon dolları bu sahənin payına düşür. Bununla yanaşı, islam maliyyəsinin digər alətləri də inkişaf edir. Təkafül sığortasının həcmi artıq 1 trilyon dolları ötüb, islam fondlarının aktivləri isə 300 milyard dollardan çox qiymətləndirilir. Sukuk da qlobal islam maliyyəsi portfelində mühüm yer tutur".
Elə buradaca ortaya sual çıxır: Azərbaycanda islam maliyyəsinə niyə ehtiyac var? Əvvəla ona görə ki, islam maliyyəsi Azərbaycana əlavə investisiyalar cəlb etmək, biznesin maliyyə imkanlarını genişləndirmək və iqtisadiyyatı şaxələndirmək baxımından gərəklidir. Digər tərəfdən sukuk kimi maliyyə xidmətləri vasitəsilə infrastruktur, enerji və digər layihələrə vəsait cəlb etmək mümkündür. Bu imkanlar işğaldan azad edilmiş ərazilərin bərpası və "yaşıl iqtisadiyyat"ın inkişafı baxımından da maraq doğurur.
İndi islam maliyyəsi xidmətlərinin tətbiqi ilə bağlı ilk addımlar və bank sektorunda müşahidə olunan artım bu sahənin Azərbaycandakı inkişaf perspektivlərini qiymətləndirmək baxımından diqqət çəkir. Oktyabrın 1-nə bank sektorunun aktivləri ötən ilin eyni tarixi ilə müqayisədə 13 faiz artaraq 63,6 milyard manata, depozit portfeli illik 15 faiz artaraq 42,3 milyard manata, fiziki şəxslərin əmanətləri isə 20 faiz artaraq 18,4 milyard manata çatıb. Balans kapitalı illik 9 faiz artımla 7,84 milyard manat olub. İlk doqquz ayda xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 1,08 milyard manata yüksəlib.
Bu faktları Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov III İslam Maliyyə Forumunda deyib: "Bu genişlənmə kreditləşmədə də özünü göstərib. Ümumi kredit portfeli isə 15 faiz artaraq 33,7 milyard manata çatıb. Biznes kreditlərinin artım tempi isə istehlak və ipoteka kreditlərini üstələyərək 19 faiz olub və oktyabrın 1-nə 18,5 milyard manata yüksəlib. Biznesə dəstək məqsədilə banklarımız tərəfindən son dövrlərdə alternativ alətlərin tətbiqi də bu artıma öz töhfəsini verməkdədir".
Beynəlxalq təcrübənin öyrənilməsi, ekspertlərin fikir mübadiləsi və yeni tərəfdaşlıqların qurulması şübhəsiz ki, əhəmiyyətlidir. İslam maliyyəsinin Azərbaycanda inkişafı üçün əsas hədəf, sadəcə, yeni bir maliyyə istiqamətini tanıtmaq deyil, onu şəffaf, rəqabətədavamlı və iqtisadi cəhətdən səmərəli mexanizmə çevirmək olmalıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"