Dünya yeni bir sənaye inqilabı dövrünü yaşayır. Hədəf az vəsait xərcləməklə daha çox keyfiyyətli məhsul istehsal etmək, qlobal bazarda layiqli yer tutmaqdır. Çünki hamı qiyməti aşağı, keyfiyyəti yüksək olan məhsul almağa üstünlük verir. Bu üzdən beynəlxalq iqtisadiyyatda rəqabət daha da artıb.
Qlobal sənayedə həm də yeni bir tendensiya müşahidə olunur. Artıq dünya bazarında təkcə nəhəng şirkətlər əsas oyunçu deyil. Kiçik və orta şirkətlər də müasir texnologiyalardan istifadə edərək yüksəkkeyfiyyətli məhsul istehsal etməklə bazarda nəhəng şirkətlərlə rəqabət apara bilirlər.
İndi ötən əsrdən fərqli olaraq inkişaf edən ölkələr yüksək texnologiyaları daha asan yolla əldə edə bilir. Çünki belə texnoloji avadanlıqları istehsal edən şirkətlər üçün məhdudiyyətlər yoxdur. Odur ki, inkişaf edən və inkişaf etməyə can atan ölkələr bu texnologiyalardan istifadə edərək dünya bazarına keyfiyyətli və ucuz məhsul çıxarırlar. Və üstəlik, bu zaman yerli xammaldan istifadə edirlər ki, bu da məhsulun maya dəyərini ucuzlaşdırır. Ucuz məhsul isə rəqabətə daha davamlı olur.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədlərindən biri də inkişaf etmiş sənaye ölkəsi olmaqdır. Ötən illər ərzində bu istiqamətdə çox iş görülsə də, proses davam edir. Bu prosesin hədəfi isə qeyri-neft-qaz sektorunda yüksək texnologiyalardan istifadə etməklə qeyri-neft-qaz sənayesini inkişaf etdirməkdir. Ötən illər ərzində bu sahədə görülən işlər sayəsində qeyri-neft-qaz sektorunda, o cümlədən qeyri-neft-qaz sənayesində məhsul istehsalı ildən-ilə artır.
Bu, ölkəmizə həm də qeyri-neft-qaz məhsullarının ixracını artırmağa imkan verir. Dövlət Statistika Komitəsinin verdiyi məlumatda bildirilir ki, cari ilin yanvar-iyun aylarında ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,6, real ifadədə 16,9 faiz artaraq 1 milyard 773,3 milyon dollar olmuşdur. Yanvar-iyul aylarında isə neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 6,5 faiz artmışdır. Statistik rəqəmlər göstərir ki, sənayedə özəl sektor daha fəaldır. Belə ki, hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 85,4 faiz olmuşdur.
Hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 milyard 225,1 milyon manatlıq məhsul istehsal olunmuşdur. Kimya sənayesi məhsullarından polietilen istehsalı 44,5, etilen istehsalı 42, propen (propilen) istehsalı 36,3, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 36,7, plastmas çubuqlar, millər və protillərinin istehsalı 14,8 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,2 dəfə artmışdır.
Hazırda tikinti materiallarının istehsalı sahəsi ölkə üçün xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilən ərazilərdə nəhəng tikinti layihələri icra olunduğundan inşaat materiallarına olan tələbat kəskin şəkildə artıb. Cari ilin yanvar-iyul aylarında bu sahədə 592,9 milyon manatlıq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,1 faiz çox məhsul istehsal olunmuşdur. Bu dövr ərzində tikinti gipsinin istehsalı 2 dəfə, əhəng istehsalı 40,4, tikinti şüşələrinin istehsalı 22,7, beton istehsalı 14,6 faiz artmışdır.
Sənayedə ən yüksək artım kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində qeydə alınmışdır. Cari ilin yanvar-iyul aylarında bu sahə üzrə 130,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsullarının istehsalı 2, stolüstü kompüterlərin istehsalı 3,5, ölçmə cihazların istehsalı 2,2 dəfə artmışdır.
Azərbaycanda qeyri-neft-qaz sənayesinin inkişafı icra edilən islahatlar hələ başa çatmayıb. Hədəfdə sənayenin yeni sahələrinin yaradılmasıdır.
Rüstəm KAMAL,
"Azərbaycan"