O, elmi yanaşma tələb edən, müəyyən ağırlığa və dərinliyə malik iqtisadi hadisədir
Hər bir ölkədə inflyasiyanın öz yaranma səbəbləri var və bu prosesdə müxtəlif amillərin olması ölkədəki konkret şəraitdən asılıdır. Sənayesi inkişaf etmiş ölkələrdə (xüsusən ABŞ və əksər Qərb ölkələrində) inflyasiyanın artım tempini çox dar çərçivədə saxlamaq mümkün olur. Amma bunun ücün antiinflyasiya mexanizminin elementlərindən düzgün istifadə etmək lazımdır.
Rusiya-Ukrayna münaqişəsi birmənalı olaraq dünya ölkələrinə ziyan vurur. Bu, Beynəlxalq Valyuta Fondunun (BVF) yaxın günlərdə dünya iqtisadi inkişafına dair proqnozlarını yenidən nəzərdən keçirməsindən də görünür. Əgər münaqişədən öncə dünya iqtisadiyyatı ilə bağlı proqnoz 4,4 faiz böyüməyə dair idisə, iki ölkə arasındakı gərginlik nəticəsində həmin göstərici 3,6 faizə enib. Bu templə davam etsə, qlobal iqtisadi artımın zəifləməsi qaçılmaz olacaq.
Artıq müxtəlif ölkələrdə bu, baş verir. Məsələn, ABŞ-da iqtisadi artım proqnozu 4 faizdən 3,7, Avropada isə 3,9 faizdən 2,8 faizə endirilib. Belə görünür ki, Avropa həmin prosesdən daha çox təsirlənir. Proses həm də dünyada inflyasiyanın sürətlənməsi ilə müşahidə olunur. Xüsusilə ərzaq, enerji, xammal qiymətlərində ciddi bahalaşma var. Təkcə mart ayında dünyada ərzağın qiymətləri indeksi 12,6 faiz artmışdır. Bu barədə Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bankın rəhbərlik şurasının iclasından sonra Amsterdamda mətbuata açıqlamasında da bildirmişdir. Yüksək inflyasiyanın hər kəs üçün əsas problem olduğunu deyən Laqard Ukraynadakı münaqişənin təsiri də daxil olmaqla enerji və ərzaq qiymətlərinin artması səbəbindən may ayında inflyasiyanın gözlənildiyindən daha yüksək səviyyəyə çatdığını bildirmişdir.
Rusiya ilə Ukrayna arasındakı silahlı qarşıdurmanın Avropa qitəsi başda olmaqla iqtisadiyyatları sıxışdırdığını, qlobal ticarəti əngəllədiyini, material qıtlığına, enerji və əmtəə qiymətlərinin artmasına səbəb olduğunu ifadə edən Laqard enerji qiymətlərindəki artımdan qısa müddətdə iqtisadi fəaliyyətlərin zərər görəcəyinə diqqət çəkmişdir. Vurğulamışdır ki, uçot dərəcələrinin artırılmasına dair qərar Avropa Mərkəzi Bankının iclasında yekdilliklə qəbul edilib və uçot dərəcəsi iyul ayında artırıla bilər.
Göründüyü kimi, inflyasiya təkcə qiymət artımı prosesi deyil, eləcə də elmi yanaşma tələb edən, müəyyən ağırlığa və dərinliyə malik olan iqtisadi hadisədir. Odur ki, inflyasiyanın tənzimlənməsi, idarə edilməsi mexanizmi dövlətin qarşısında həlli zəruri olan problem kimi həmişə ön planda durur.
Dünyada baş verən geosiyasi və iqtisadi proseslər nəzərə alınaraq ölkəmizdə də antiinflyasiya siyasəti həyata keçirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Antiinflyasiya tədbirləri paketinin əsas aspektləri və istiqamətləri" mövzusunda bu məsələyə maraqlı yanaşma ilə çıxış edib: "Əslində Mərkəzi Bankın faizləri qaldırması bir az sonra yeni verilən kreditlərin faiz dərəcəsinə artırıcı təsir göstərə bilər. Lakin digər kommersiya bankları Mərkəzi Banka etimad edirlərsə və inanırlarsa ki, onun antiinflyasiya siyasəti özünü doğruldacaq və inflyasiya yenidən hədəf dəhlizinə qayıdacaq, onda kreditlər də deyilən qədər bahalaşmamalıdır. Çünki indi verilən kreditin qaytarılması gələcək illərdə nəzərdə tutulub. Gələcəkdə isə inflyasiya Mərkəzi Bankın vəd etdiyi kimi aşağı enəcəksə, onda indi verilən kreditin də nominal faizini gələcək inflyasiya gözləntilərinə uyğunlaşdırmaq lazımdır. Beləliklə, antiinflyasiya tədbirləri kontekstində Mərkəzi Bankın monetar siyasətinə olan inam əsasdır. Bu kontekstdə də inflyasiya gözləntiləri düzgün idarə olunarsa, bütün maraqlı tərəflər, o cümlədən banklar faydalana bilər. Bunun üçün aydın və şəffaf kommunikasiya da vacib rol oynayır".
Adıçəkilən yazıda vurğulanıb ki, qiymətlərin süni şəkildə inzibati yolla dondurulması halında təklif tərəfində motivasiya azala, istehsalçılar məhsul və xidmətləri təklif etməkdə daha az maraqlı ola bilər və bu, istehsalın və xidmətin həcminin aşağı düşməsi ilə nəticələnər: "Əslində "Antiinhisar fəaliyyəti haqqında" qanunda da deyilir ki, icra hakimiyyəti orqanları rəqabətin məhdudlaşdırılması məqsədilə qiymətlərin üzərində əsassız olaraq nəzarət həyata keçirə bilməzlər. Digər tərəfdən isə qanunvericilikdə bazar subyektərinin üfüqi və şaquli sazişləri, qiymətlərlə manipulyasiya, inhisarçı təsərrüfat subyektlərinin (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarəti kimi anlayışlar var. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələrinə qiymətlərlə süni şəkildə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və dempinqə qarşı tədbirlər görmək daxildir. Adıgedən xidmət həm də qiymətlərin artımına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparır". Ardınca müəllif təkliflərini də verir: "Əgər qanunvericiliyin pozulması halları aşkarlansa, tədbirlər görüləcəkdir. Bu kontekstdə antiinflyasiya siyasətinin qanunvericilik əsaslarının yaradılması "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında" və "Dövlət satınalmaları haqqında" qanunların təkmilləşdirilməsi zəruri hesab olunur".
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının faiz dərəcəsini yüksəltməsi və manatın nominal mübadilə məzənnəsinin bahalaşması inflyasiyanı cilovlasa da, iqtisadi artıma çağırışlar yaradır. Lakin bu halda Azərbaycan hökumətinin və Mərkəzi Bankın siyasi seçimi inflyasiyanı cilovlamaqdır. Çünki ölkəmizdə sərmayə qoyuluşunda təkcə bank kreditləri deyil, başqa mənbələr də əsas rol oynayır və onlar üçün əsas olan manatın sabitliyi və inflyasiyanın cilovlanmasıdır. Eyni zamanda ölkəmizdə sərmayə mühitinin daimi olaraq yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi həyata keçirilir ki, bu da investisiya cəlbediciliyini artırır.
Natiq ALPSOY,
İqtisad Universitetinin magistri