Beynəlxalq birlik onu dəstəkləməyə məhkumdur
İkinci Qarabağ savaşının başa çatmasının üçüncü ilində sülh sazişinin imzalanma prosesi reallaşa bilər. Əgər Ermənistan yenə də havadarlarına arxalanıb prosesdən yayınmağa çalışmasa, sülh müqaviləsinin imzalanması real görünür. Əlbəttə ki, bu, baş verərsə, sənəd Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında imzalanacaq və region ölkələri üçün yeni imkanlar açılacaq.
İlham Əliyevin təklifləri Cənubi Qafqazda təhlükəsizliyin qarantıdır
Reallıq budur ki, müharibənin başa çatmasından ötən müddət ərzində Azərbaycan sülhün, həmçinin qarşılıqlı olaraq Ermənistanla bir-birlərinin ərazi bütövlüyünü tanımaqla regionda sabitliyin bərqərar olması üçün konkret addımlar atır.
Qalib Ali Baş Komandan kimi İlham Əliyev həm Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş yenidənqurma layihələrini həyata keçirir, həm də regionun Avrasiyanın mühüm nəqliyyat-tranzit habına çevrilməsi üçün yeni əməkdaşlıq platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edir. Azərbaycan Prezidenti bəyan edir ki, Ermənistanla sülh sazişinin bağlanması bölgədə sülhün təminatını şərtləndirəcək və Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni imkanlar ilk növbədə bölgə ölkələrinin iqtisadiyyatına dividendlər qazandıracaq.
Bütün bunlar göstərir ki, İlham Əliyev sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Baş verən bütün proseslər təbii ki, beynəlxalq birlik tərəfindən də izlənilir və əsl reallıq təqdir edilir. Çünki beynəlxalq təşkilatların, böyük dövlətlərin əksəriyyəti Cənubi Qafqazda ilk növbədə təhlükəsizliyin təminatının vacibliyini vurğulayırlar.
Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinkenin İlham Əliyevə zəng edərək ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə etməsi və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirməsi də bunu bir daha təsdiqləyir.
Telefon söhbəti zamanı ABŞ dövlət katibinin Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirməsinə isə İlham Əliyev əsl həqiqətlər fonunda reallığı və Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını dövlət katibinin diqqətinə çatdırdı. Yayılan "məlumatlar" sadəcə olaraq Ermənistan və antiazərbaycançı qüvvələrin məkrli oyunlarının tərkib hissəsidir.
Azərbaycan Laçın-Xankəndi yolunu bağlamayıb
İlham Əliyev ABŞ dövlət katibinin diqqətinə çatdırdı ki, 2022-ci il dekabrın 12-dən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidi təmin olunub. Onların 850-dən çoxu Rusiya sülhməramlılarına, 120-dən çoxu isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olub. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.
Dövlət başçısı digər bir məsələyə də toxunaraq bir daha qətiyyətli mövqeyini nümayiş etdirib. İlham Əliyev deyib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə ölkəmizin daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Prezident həmçinin Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.
Ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edən İlham Əliyev vurğulayıb ki, tərəflər arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
Prezident İlham Əliyev Qarabağda yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.
Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi
Əlavə edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 45 gündür ki, davam edir.
Havanın soyuq olmasına baxmayaraq hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.
Amma görünən odur ki, azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanın əsl məqsədi Ermənistan, dünya erməniliyi və ermənipərəst qüvvələr tərəfindən dünyaya yanlış təqdim edilir. Bununla da Azərbaycanın guya Laçın yolunu bağlamaqla, Qarabağda məskunlaşan azsaylı erməniləri blokadada saxladığı, onların yaşam hüququnu məhdudlaşdırdığı təəssüratı yaransın. Ən başlıca məqsəd isə ölkəmiz tərəfindən Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təminatı ilə bağlı səslənmiş məsələlərin şübhə altına alınması, bu yolla bölgədəki separatçılığın davam etdirilməsidir.
Hər zaman erməni yalanını, antiazərbaycançı dairələrin məkrli planlarını alt-üst edib onlara yerini göstərən İlham Əliyevin həm Davos Forumunda, həm də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı əsl həqiqətləri səsləndirməsi bir daha kimin çirkin məqsədlərə xidmət etdiyini aşkara çıxardı.
Azərbaycan Prezidenti Davosda ölkəmizin dünya üçün əhəmiyyətini son dərəcə dəqiq şəkildə, dolğun məzmunda izah etdi. Dövlət başçısının Cənubi Qafqaz siyasi akvatoriyasında Azərbaycan amilini bölgənin hərəkətverici qüvvəsi kimi göstərməsi, mövcud xüsusda ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu qabartması müstəsna dərəcədə əhəmiyyətli idi.
Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenin diqqətinə çatdırdı ki, Azərbaycanın qətiyyətli mövqeyi dəyişməzdir. Bu yolda barış yalnız sülh müqaviləsini imzalamaqdan keçir. Buna razı olmayan tərəf isə Ermənistandır. Dünyanın böyük dövlətləri, beynəlxalq təşkilatlarının əksəriyyəti Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasının tərəfdarıdırlar. Yəni mütləq əksəriyyət İlham Əliyevin yaratdığı yeni reallığa öz dəstəyini nümayiş etdirir. Ermənistan isə sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaqla öz problemlərini böyüdür. Bu da, əlbəttə ki, qarşıdakı dövrdə rəsmi İrəvanı daha ağır günlər gözlədiyini deməyə əsas verir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"