28 Mart 2024 08:15
920
SİYASƏT
A- A+

İlham Əliyevin ədalətli və qətiyyətli siyasəti sülhün yeganə qarantıdır

 

Qərb Cənubi Qafqazda yeni savaş ssenarisi hazırlayır

 

Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olunmasını istəməyən qüvvələr indi yenə də aşkar şəkildə "hərəkətə" keçiblər. Görünən odur ki, ABŞ və Qərb bütün mümkün vasitələrlə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir və bunu da artıq gizlətmirlər. Bu məqsədə çatmaq üçün isə alət olaraq Ermənistandan istifadə edirlər. Bu da təbii ki, məğlub ölkənin Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmasına şərait yaradır. 
Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayarkən də Qərb dairələri status-kvonun dəyişməməsi üçün daim ikili standartlar tətbiq etməklə bu ölkəyə sahib çıxırdılar. İşğalçı ölkə də bu cəzasızlıq mühitindən yararlanaraq istədiyi oyunu oynayır və istədiyi vaxt Azərbaycanı təxribata çəkirdi. Amma bu dəfə fərqli oyun oynayırlar. Yəni, Qərb dairələrinin Hayastanın sülhdən yayınması, sülh müqaviləsinin imzalanmaması üçün başlatdıqları oyunlar köhnə ssenarinin davamıdır.
ABŞ başda olmaqla Qərb dövlətləri Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. NATO-nun baş katibi Y.Stoltenberqin regiona səfərinin ardınca onun ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə 2024-cü ilin aprelində geniş tərkibdə görüşünün olacağı barədə yayılan məlumatlar, xüsusən Ermənistana "təhlükəsizlik zəmanətinin" verilməsi barədə müzakirələr bir daha göstərir ki, Qərb Cənubi Qafqazı "qan çanağına" çevirməkdə maraqlıdır.   
ABŞ və Avropa İttifaqı regionda vəziyyəti mümkün qədər gərginləşdirməklə Cənubi Qafqazda hərbi cəhətdən mövcudluqlarını hədəfləyirlər. Bu isə heç şübhəsiz ki, Bakı və İrəvan arasında sülh perspektivlərini faktiki heçə endirir. Bir sözlə, "təhlükəsizlik zəmanəti" ideyası Azərbaycanla Ermənistan arasında yekun sülhü beynəlxalq hüququn prinsiplərinə yox, Qərbin arzuladığı formaya uyğunlaşdırmaq cəhdidir. Əlbəttə, bu, Azərbaycana qarşı atılan addım olmaqla milli maraqlarımıza ciddi təhdiddir.
Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli sazişlər kimi Ermənistana "təhlükəsizlik zəmanətləri" vermək üçün sənəd imzalamağa hazırlaşırlar. Belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişafa başlaya bilər. 
Ermənistan KTMT-də iştirakını "dondurmasından" sonra təşkilatdan qəti şəkildə çıxacağını nümayiş etdirir. Rəsmi İrəvanın Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvinə başlamaq fikrində olması da bunu təsdiqləyən reallıqdır. Burada Ermənistanın istəyi də bəllidir. İrəvan tərəfindən qovulacaq Rusiya sərhədçiləri və Rusiya hərbçilərinin yerinə artıq sərhəddə yerləşdirilmiş Avropa Monitorinq Missiyasının (EUMA) tərkibində göndərilə bilən ABŞ hərbçiləri ola bilər.
Mövcud təhlükəli vəziyyətdə Rusiya hakimiyyəti hələ də məsələyə qarışmadan gözləmə mövqeyi sərgiləyir. Amma göründüyü kimi, Paşinyanın Fransa və ABŞ kimi  dövlətlər ilə hərbi əməkdaşlığa kəskin dönüş yaratmaq üçün atdığı addımlar durumu getdikcə ağırlaşdırır.
Təbii ki, Brüsseldə danışıqların aparllması, Ermənistana "təhlükəsizlik zəmanətinin" yaradılması, Azərbaycanla Hayastan arasında sülh prosesinə dəstək deyil, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. 
Bu, Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir ki, mövcud vəziyyət regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. 
Bu, eyni zamanda Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. Əlbəttə ki, Rusiya bu plana  mütləq cavab verməlidir. Elə görünən odur ki, cavab özünü çox gözlətməyəcək. Belə olan halda isə daha çox zərbə alan Hayastan olacaq. Bu isə baş verə biləcək hadisələri indidən proqnozlaşdırmağa imkan verir. Belə ki, Rusiyanın cavabı ABŞ başda olmaqla Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutan Qərb dövlətlərinə tutarlı zərbə olacaq. Bu ssenaridə vasitə rolunu oynayan Ermənistanın isə Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur. 
Azərbaycanın mövqeyi isə hər zaman olduğu kimi dəyişməzdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, artıq kimsə Azərbaycanla təhdid, hədə-qorxu dili ilə danışa bilməz. Martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb xalqa bayram təbrikini ünvanlayarkən İlham Əliyev bir daha Azərbaycanı istəməyən, regionda yenidən münaqişə ocağının yaranmasına çalışan qüvvələrə mesaj ünvanladı: "İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq".
Azərbaycan Prezidenti deyir ki, Cənubi Qafqazda sülh istəməyən qüvvələrin  Ermənistandan bir alət kimi istifadə etməklə öz maraqlarını həyata keçirmək cəhdləri baş tutmayacaq. Bu prosesdə ən ağır zərbə yenə də məğlub Ermənistana dəyəcək.   

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video