04 Mart 2022 01:05
1292
CƏMİYYƏT
A- A+
İgid döyüşçü, şəhid atası

İgid döyüşçü, şəhid atası

 

Qarabağ qazisi Əkbər Rüstəmovun hər səhifəsinə bir ömür sığacaq 75 illik həyat gündəliyi

 

15 may 2021-ci il... Ağdam şəhəri...

Düz 28 ildən sonra bir ağsaçlı ata Şəhidlər xiyabanında uyuyan övladının görüşünə, illərlə həsrətində olduğu ciyərparasanın boyunu sevməyə gəlib, “oğlum, tələbəm, arxa-dayağım, silahdaşım, məsləkdaşım, Sənanım” deyərək gözlərindən qan-yaş tökə-tökə övladının ruhunu haraylayır. “Gözümün nuru, gəlmişəm, hay ver mənə” deyir, “bilirsənmi, səndən sonra bu həyatda yaşamaq necə çətin, necə ağrılı idi...” söyləyir...

Şəhid atası məzarın yanında yerə çöküb hönkürə-hönkürə oğlunun ruhu ilə dərdləşir, xoş günlərinin də, acı günlərinin də silinməz izlərlə həkk olunduğu ömür kitabını vərəqləyirdi...

 

Bizim Əkbər müəllim

 

O, Qarabağ hadisələrinin başlandığı gündən bəri od-alovun içində olmuş, Vətənin azadlığını, bütövlüyünü qorumaq üçün əldə silah üç oğlu - Sərvan, Sənan, Kənanla birlikdə gecə-gündüz düşmənlə vuruşmuş, özünün təbirincə desək, “həmişə əsgər”dir...

O, Vətən uğrunda övladını qurban vermiş şəhid atasıdır...

 O, Ağdam elinin böyükdən-kiçiyə hamının tanıyıb dərin hörmət bəslədiyi müəllimdir...

Qarabağ qazisi, bədən tərbiyəsi və idman işçisi Əkbər Rüstəmovdan danışırıq...

1947-ci ildə Ağdam şəhərində dünyaya göz açıb Əkbər Rüstəmov. O, 8-ci sinfə qədər Ağdam şəhər 3 nömrəli məktəbdə oxuyub, daha sonra təhsilini Bakıda

1 nömrəli peşə məktəbində davam etdirib. 1965-ci ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib, 1967-1969-cu illərdə sovet ordusunda xidmət edib. Sonralar gimnastika və güləşlə məşğul olub, müxtəlif çempionatlarda uğurlu çıxışlar edib. Bir müddət Ağdam şəhər 4 saylı texniki orta peşə məktəbində idman müəllimi işləyib. Əkbər Rüstəmov 1988-ci ildən milli-azadlıq hərəkatına qoşulub. Daha sonra könüllü özünümüdafiə taboruna yazılıb. 845 saylı hərbi hissənin 4-cü bölüyünün komandiri kimi döyüşlərdə iştirak edib.

O, 1993-cü il mart ayının 1-də Ağdam Şəhər İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini təyin olunub. Ancaq 1993-cü ilin 22 iyulunda Bakıda olduğu vaxt Ağdam cəbhəsində yaranan vəziyyətlə əlaqədar oğlanları Sarvan və Kənanla yenidən orduya qayıdan Əkbər Rüstəmov gəncləri səfərbərliyə çağırıb və döyüş bölgəsinə yollanıb. Bundan sonra müxtəlif hissələrdə xidmət edən komandir 4 oktyabr 1995-ci ildə ordudan tərxis olunub. Daha sonra Bakıda müəllim kimi fəaliyyət göstərib.

 

Nə ürəkdən sevinə, nə də gülə bilir...

 

Qarabağda vuruşmuş, o torpaqlarda şəhid vermiş, Ağdamdan illərlə uzaq qalmış və nəhayət, parlaq zəfərimiz sayəsində doğma yurduna qovuşmağın xoşbəxtliyini yaşamış qocaman müəllim Əkbər Rüstəmovla “Qarabağ söhbətləri”ndə görüşmüşük. Doğulub böyüdüyü yurd silinməz izlərlə hafizəsinə həkk olunub Əkbər müəllimin. Ürəyindən qara qanlar kimi axıb o diyarın büllur bulaqları, coşqun çayları... Gecələr yuxusuzluqdan dağı arana qatdığı vaxtlarda dəfələrlə xəyallarında səyahət edib əzəmətli Şahbulağa, Mantara, Qaraman dağlarına... Bir anlıq ona elə gəlir ki, yenə də hər gün işdən çıxandan sonra qarşılaşdığı dostlarla “Dostluq” kinoteatrının arxasında yığışıb Zeynalın çayxanasında deyib-gülür, zarafatlaşır... Sonra Həzi Aslanov küçəsindəki evində oturub “ömür gündəliyi”ni açır və yazmağa başlayır... Nədənsə bu dəfə həyatda sonuncu dəfə ürəkdən sevinib güldüyü o toydan yazmaq istəyir...

...1992-ci ilin mayı, Qarabağda müharibənin ən şiddətli vaxtlarından idi. Komandir Əkbər öyrənir ki, balakənli Rövşən adlı bir əsgərinə döyüşə gəldiyi üçün nişanlısını vermirlər. O zaman komandir bir başqa balakənli oğlanı yollayıb qızı Ağdama qaçırtdırır. Amma Rövşənə bir şey olmasın deyə oğlu Sərvanı da onun yerinə postda qoyur. Sonra Rövşəni də, qızı da ailəsi ilə birgə göndərir ki, gedib Balakəndə mayın 12-də toy etsinlər. Mayın 11-də isə o, Rövşəngil tərəfindən yazılmış bu məzmunlu bir telefonoqram alır: “Əkbər müəllim gəlməsə, toy olmayacaq”. Beləcə, komandir Ağdamdan Balakənə toya yola düşür. Öz pulu ilə qoyun alıb qurban kəsir. Səhərə qədər gənclərə toy edirlər. Hətta o zaman o toyda iştirak edənlər sonradan deyirlər ki, hələ indiyə qədər burada belə bir toy olmamışdı...

Əkbər müəllim heç zaman ağlına gətirməzdi ki, o, oğlu qədər sevdiyi döyüşçüsünün toyunda iştirak etdiyi gün doğma oğlu Sənan səngərdən Ağdama onunla sonuncu dəfə görüşməyə gələr... Lakin atasını tapmaz... Cəmi 3 gündən sonra - mayın 15-də isə... Sənanın şəhidlik xəbərini alar, damarında qanı donar. Elə o gündən sonra bir daha nə ürəkdən sevinə, nə də gülə bilər...

 

Şəhidlik zirvəsindəki qəhrəman oğul

 

 Əkbər müəllimin ikinci oğlu olub Sənan. O, 11 yanvar 1973-cü ildə Ağdam şəhərində dünyaya göz açıb. Ağdam şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra bir müddət Ağdam Uşaq Gənclər Sambo Məktəbində sambo üzrə məşqçi-müəllim işləyib. Sənan 1989-cu ildə 16 yaşında kişilər arasında sambo üzrə respublika birinciliyində çempion olub, SSRİ idman ustası normasını yerinə yetirib. Eyni zamanda o qardaşı Sərvanla birlikdə məşhur “Qarabağ bülbülləri” ansamblının aparıcı üzvlərindən olub - özü tar, Sarvan isə qarmon ifaçısı kimi. Sənan da 1988-ci ilin fevralında başlayan milli azadlıq hərəkatına qoşularaq gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkib. 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılan Sənan Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olaraq rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya - Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək niyyətində olduğunu bildirir. 3 gün ərzində müraciətlərinə cavab ala bilmədikdə Sənan 17 nəfərlə birlikdə Ağdamda - Xaçınstroyda yerləşən Şirin Mirzəyevin batalyonuna gəlir və onun fiziki hazırlığını, qorxmazlığını, cəsarətini nəzərə alaraq kəşfiyyatçı rotasına qəbul edirlər. 1992-ci ilin yanvar ayında erməni silahlı birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv edir, ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edir, əməliyyat qurtarana qədər döyüş ərazisindən çıxmır. Xocalı faciəsi zamanı da yarasının tam sağalmasını gözləmədən hərbi hissəyə qayıdır və xidmətini davam etdirir.

O, 1992-ci ilin mart ayında Malıbəyli-Quşçular kəndləri istiqamətindən döyüş dostları ilə birlikdə düşmən qüvvələrinin arxasına keçərək Xankəndidə 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən döyüş üçün mühüm əhəmiyyətli xəritəni götürərək arxaya qayıdır. 1992-ci il aprelin 4-də Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Cəsur döyüşçü Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmən postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirir, düşmənin iki atəş nöqtəsini susduraraq 7 avtomat, 1 ədəd rabitə aparatını qənimət götürür. Sənan Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində də mərdliklə vuruşub. 15 may 1992-ci ildə düşmən Ağdamın Abdal-Gülablı kəndini ələ keçirir. Şirin Mirzəyev düşmən qüvvələrini kənddən çıxarmaq əmri verir, Sənan öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi Hava Qüvvələrinə aid SU-25 vertolyotu düşmən tərəfindən vurulur. Bu zaman paraşütlə tullanan pilotlar düşmən nəzarətində olan əraziyə enməli olur. Sənan pilota kömək etmək üçün irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytenant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb. O, yenə də tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gələn igid əsgərimiz bu döyüşdən də qalib kimi ayrılır. Lakin Şuvaryovun sənədlərini götürüb geri qayıdarkən daha iki pilotun əsir aparıldığını görərək onları xilas etmək üçün döyüşə girir, ancaq düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir. Bu, 19 yaşlı Sənanın son döyüşü olur və o, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır... 1992-ci ildə şəhidliyindən sonra Sənan Rüstəmova Milli Qəhrəman adının verilməsi üçün sənədləri Müdaifə Nazirliyinə göndərilib.

 

Fərəhini də, ruhunu da o torpaqlarda qoyub gəlmişdi...

 

Bu illər ərzində yaralı ata yalnız otağında şəhid övladına düzəltdiyi guşədə Sənanın şəkli ilə danışanda, onun uzaqlara dikilmiş baxışlarından öpəndə ovunmuş, Ağdamsızlığına birtəhər sinə gərərək yaşamağa çalışmışdı... Amma bu, yaşamaq idimi?! Axı 1993-cü ilin 23 iyulundan sonra bütün sevinci yox olmuş, fərəhini də, ruhunu da ömrünü fəda etdiyi o torpaqlarda, Ağdamda qoyub gəlmişdi...

- Bütün həyatım Ağdamla bağlı olub. Texnikumu bitirdikdən sonra 1972-ci ildə Ağdama təyinat aldım, 1 il istehsalat təlimi ustası işlədim, sonra məni Ağdam şəhər 50 saylı peşə məktəbinin idman rəhbəri təyin etdilər. İşlədiyim dövrlərdə məktəbin idman bazasının dayanmadan inkişaf etdirilməsi yolunda yorulmadan çalışdım. Eyni zamanda Ağdam Uşaq Gənclər İdman Məktəbində sərbəst güləş üzrə məşqçi müəllim işlədim. İşlədiyim dövrlərdə məktəbli idmançılar xeyli qələbələr və uğurlar əldə etdilər. Ovaxtkı ittifaq yarışlarında iştirak edirdilər. İttifaq peşə məktəbləri arasında məhz Ağdam şəhər 50 nömrəli peşə məktəbi birinci yerə çıxaraq qızıl medal əldə etdi və bir neçə il “ən yaxşı kollektiv” medalına layiq görüldü. 1978-ci ildə Donetskdə İdman Akademiyasında 2 aylıq kursu əla qiymətlərlə bitirib diplom aldım. Respublikada futbolun inkişafını qaldırmaq üçün ilk dəfə rayonlarda klublar arasında “Şəfəq” futbol komandası yaratmaq da mənim qismətim oldu, Bu işdə məktəbin direktoru mərhum Fazil Nağıyevin böyük xidməti vardı. Ağdamda Tülkü təpəsi adlandırılan yerdə standart ölçülü stadion yaratdıq. Tələbələrimin üzərində hərtərəfli işləyir, onlara qarşılarına məqsəd qoyub ona çatmağı aşılayırdım. Həmişə tələbələrimə dost, balam kimi yanaşmışam. Elə döyüşlərdə də... Bilirsiniz, öz yetişdirdiyin gənc ömürlərin yarıda qırılmasını görmək bir müəllim üçün o qədər dəhşətlidir ki, o yaşadıqlarını sözlə ifadə edə bilmirsən. Müharibə gənclərimizə həddindən artıq ziyan vurdu. Tələbələr təhsilini yarımçıq qoydu, həyatlarını səngərdə davam etdirdi, təhsillərini başa vura bilmədilər... Böyük bir nəsil məhv oldu...

 

Bu millətin qarşısını almaq qeyri-mümkündür

 

- 1988-ci ildə Qarabağdakı hadisələrə qarşı etirazlara çıxdıq. O zaman biz  Ağdamdan Xankəndiyə yürüş edəndə insan seli var idi. Əlində taxta, şlanq olan uşaqlar da bizə qoşulmuşdu. Onları qaytarmaq istədim. Bir uşaq dedi ki, “Əkbər müəllim, bizi qaytarma, biz də öz yaşıdlarımızın cavabını verəcəyik, Qarabağ bizimdir”. Kövrəldim və onda dərk etdim ki, bu millətin qarşısını almaq qeyri-mümkündür, sadəcə onları bir amal uğrunda birləşdirmək lazımdır... O zaman gəlib gördük ki, Əsgərana yaxın yolları “Kamaz”larla kəsiblər, rus və erməni silahlıları da orada dayanıb. Biz gəncləri qırğına verməmək üçün geri qayıtdıq...

Qısa müddət sonra hadisələr böyüdü və geniş miqyas aldı, Moskvadan prokurorluq tərəfindən yoxlama başladı. Xankəndiyə yürüş zamanı fotoçəkilişlər də aparmışdılar və mən də kadrlara düşmüşdüm. Prokurorluqdan məni sorğuya çağıranda orada mayor Mıtiçkinlə mübahisə etdim, dedim ki, “bu torpaqlar bizimdir. Azərbaycan elə bir cənnət məkandır ki, burada müxtəlif xalqlar yaşayır və hər bir xalq özünə bir dövlət yaratmaq istəsə, bu ölkənin halı necə olar?! Siz bizi yox, erməniləri sakitləşdirməlisiniz...”

 

“O batalyonda olan döyüşçülərin 80 faizi mənim tələbələrimdən ibarət idi”

 

- Hələ 1988-ci ilin oktyabr ayında ermənilər Xankəndi yaxınlığındakı Dovşanlı kəndinin camaatını oradan çıxardılar. O insanlar gəlib bizim peşə məktəbinin yataqxanasına sığınmışdılar. Uşaqların üzlərində yaralar var idi, erməni vəhşiləri onların üzlərini siqaretlə yandırmışdılar. Həmin il noyabrın 24-də isə Qubadlının Eyvazlı kəndini yerləyeksan etmişdilər. 1989-da hökumət tərəfindən Ağdamda, Qarabağda insanların evlərindən silahlarını yığdılar. O cümlədən toplar var idi, onları yığıb aparıb verdilər ermənilərə. Biz bütün bu hadisələrin içərisində idik və düşündük ki, belə davam edə bilməz, özümüz silahlanmağa başladıq. Müharibənin ilk günündən kimin nəyi vardısa - tir tüfəngi, təklülə, qoşalülə götürüb düşmənin qarşısına çıxırdı. Sonralar avtomat və pülemyotlardan istifadə etməyə başladıq. Və ilk dövrdə bu silahları da öz pulumuzla sovet ordusunun müxtəlif hərbi hissələrindən alası olurduq. Birlikdə döyüşdüyüm oğulların bir çoxu hərbi təlim görməmişdi, əsgərliyə belə getməmişdi. Əvvəlcə Ağdam Mexanikləşdirmə Texnikumunun hərbi müəllimi mayor İsmayıl Şirinov və Ağdam Maarif Şöbəsinin inspektoru mayor Mustafa Əliyevlə birlikdə 50 saylı orta texniki peşə məktəbinin idman meydançasında onlara hərbi təlim keçməli olduq.

1991-ci ildə ilk dəfə Şirin Mirzəyevi dəvət etdik. O, oktyabrın 4-də 50 nömrəli peşə məktəbində 700-dən çox mülki əhalini hərbiyə qeydə aldı. Şirin Mirzəyev özü də briqada komandiri oldu. Demək olar ki, o batalyonda olan döyüşçülərin 80 faizi mənim tələbələrimdən ibarət idi, Sənan da onlarlaydı. 1992-ci il martın 21-də isə Eldar Bağırovun adını daşıyan 845 saylı 790 nəfərlik batalyon yaratdıq, ona Allahverdi Bağırov rəhbərlik edirdi. Bu batalyonda da mənimlə birlikdə digər oğlanlarım Sərvan və Kənan da vuruşurdu... O illərdə bu batalyonla birlikdə çoxlu sayda uğurlu əməliyyatlar da keçirdik, amma o vaxt bizimlə tək ermənilər yox, beynəlxalq terrorçu quruplar da vuruşurdu...

 

“Səngər gündəliyi”nə həkk olunan acı günlər

 

Komandir Əkbər Rüstəmov müharibə meydanında həm düşmənlə çarpışır, həm də imkan tapdıqca mütləq “səngər gündəliyi”ni yazırdı (bu gündəlikdə yazılanlar sonradan kitablara çevrildi, onlardan biri isə ötən il təqdimatı olan “Vətən” kitabı oldu). Xocalı soyqırımının yaşandığı müsibəti Əkbər müəllim ürək ağrısı ilə anbaan gündəliyinə həkk etmişdi. Əkbər müəllim yazırdı ki, o gün erməni-sovet hərbi birləşmələrinin Xocalıya hücum xəbəri Ağdama bir anda yayılmışdı.

Düşmən dinc, silahsız, əliyalın xalqa divan tutmuşdu. Xocalılılara kömək lazım idi. Kimin ayağı yer tuturdusa, Şelliyə - cəbhə xəttinə yollanırdı. Bu vaxt Allahverdi Bağırovun dəstəsi sağdan, Əkbər müəllimin dəstəsi isə soldan hücuma keçərək düşmənin fikrini yayındırır, xocalılıları xilas etmək üçün irəli atılırlar. O zaman düşmən mühasirəsini yararaq güllələrin dolu kimi yağdığı ərazidən yaralı insanları çıxarmağa başlayırlar. Mantar dağının ətəyində dayanan avtobuslar, köməyə gələn xüsusi maşınlar yaralıları və digər insanları Ağdama daşıyırlar. Bu proses bir neçə saat davam edir... Bu sayədə yüzlərlə xocalılı ölümün əlindən alınır...

O müsibətli vaxtda komandir Əkbər ayağından yaralanır və kontuziya alır. 1994-cü il yanvarın 3-də ikinci dəfə kontuziya alır. Amma onu heç bir fiziki yara Xocalı faciəsi zamanı ürəyinə, qüruruna vurulan yara qədər ağrıtmır...

Xocalı qırğınında yaşanan tükürpədici dəhşətlərin şahidi olan Əkbər Rüstəmov elə həmin gün papağını başından götürüb tullayır... Ta ki, Vətən müharibəsində zəfər çaldığımız o boyük gün, Şuşanın azadlıq gününə qədər bir daha başında papaq gəzdirmir...

Əkbər Rüstəmovun dəstəsi düşməndən qisas almaq, Xocalıda əsir düşən insanları xilas etmək üçün cəsarətlə zirehli texnikası, böyük artilleriya qüvvəsi olan düşmənin üzərinə hücuma keçir. Dəqiq məlumatları olur ki, bütün girovları Əsgəranda saxlayırlar. Buna görə də martın 6-da ora böyük miqyaslı hücum planlaşdırırlar. O zaman hamısı - Allahverdi Bağırovun, Fred Asifin dəstəsi Əsgərana girirlər, amma düşmənə kömək gəldiyi üçün artıq gücləri çatmır. Sursatları bitir, yaralıları da çox olduğu üçün bir az geri çəkilməli olurlar...

Buna baxmayaraq, heç bir vaxt döyüşdən əl çəkmirlər. Hətta 1992-ci ilin 12 iyununda yüngül silahlarla 2 saat 40 dəqiqəyə 5 kəndimizi - Aranzəmini, Pircamalı, Naxçivaniki, Ağbulağı, Dəhrazı ermənilərdən azad edərək, düz 84 gün orada mövqe tuturlar.

Əkbər müəllim deyir ki, bu qan-qadanın içərisində 3 oğlu ilə bərabər vuruşurdu, amma bir dəfə də olsun xəyalından keçirməyib ki, övladlarını döyüşdən uzaqlaşdırsın.

“Təkcə Əsgəranda olan döyüş zamanı istər-istəməz anidən beynimdən belə bir fikir keçdi ki, görəsən oğlanlarım Sərvan, Sənan, Kənan hansı tərəfdədirlər, birdən başlarına bir iş gələr... Amma elə o anda bütün tələbələrim gözümün önünə gəldi və özümü qınadım ki, “məgər onlar hamısı sənin balan deyilmi?!”, - deyir Əkbər müəllim.

 

Dünyam yıxıldı

 

- 1992-ci il mayın 15-də isə batalyonumuzdakı dəllək Rəşid gəlib mənə dedi ki, “Sənan yaralanıb, məsciddədir, gedək”. O, çaşaraq xəstəxana əvəzinə məscid demişdi. Dərhal başa düşdüm ki, vəziyyət nə yerdədir... Elə o an dünyam yıxıldı...

Sonra daha bir ağır zərbə aldım... Ağdamı itirdim. Ötən bu illər ərzində yadıma düşəndə ki, Qarabağın dilbər guşəsi Ağdamın hər qarışı uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişəm, torpağında, daşında sürünməkdən dizlərimin dərisi gedib, lakin məndən asılı olmayan səbəblər üzündən həmin torpaqlar yağıya verilib, ürəyim sinəmdən çıxmaq dərəcəsinə gəlirdi. İllərlə bu sarsıntı içimdə davam etdi. O döyüşlərdə mənimlə vurub-yıxan eloğullarımız bir-bir gəlib keçirdi gözlərimin önündən... Azadlıqsevər şəhid Eldar Bağırov, həkim Nizami Şükürov, Rüstəm Hacıyev, çiyin-çiyinə Xocalı uğrunda döyüşdüyüm Allahverdi Bağırov, Qarın Vahid, Barat Quliyev, Mübariz İbrahimov, Nazim Səfərov, Şahbaz İbrahimov... daha kimlər, kimlər...

Bu cür dözülməz ağrılarla, itkilərlə yaşamaq məgər asan idimi?!

Dözə bilmirdim, Ağdamı görmək üçün səngərə gedirdim, oradan doğulub böyüdüyüm doğma diyara baxırdım... Nəvələrimi də özümlə aparırdım, uzaqdan onlara Ağdamın kəndlərini, özünü göstərirdim, vuruşduğum yerləri nişan verirdim...

 

“Bilirdim ki, o torpaqlara üzüağ dönəcəyik”

 

- Onu da deyim ki, heç zaman ümidimi, inamımı itirməmişdim. Bilirdim ki, gec-tez o diyarı azad edəcəyik, o torpaqlara üzüağ dönəcəyik, əvvəlki toy-büsatı bərpa edəcəyik...

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra Vətən müharibəsi başlayanda Quzanlıya yola düşdüm. Orada vəziyyəti şəxsən müşahidə etdim və ordumuzun gücünə, qüdrətinə tam arxayın oldum. Dövlət başçısı

İlham Əliyevin cəsarəti, qətiyyəti xalqımızda misilsiz mübarizə aparmaq əzmi yaratdı. Azərbaycan Ordusu vahid komandanlıq altında, şücaətlə vuruşur, müasir döyüş taktikası tətbiq edirdi. Düşmən bunu gözləmirdi. Onların fikri ötən əsrin doxsanıncı illərinə getmişdi. Amma ermənilər ordumuzun gücü, qüdrəti qarşısında aciz qaldılar, baş əydilər...

Dövlət başçımız İlham Əliyevin qətiyyəti, əzmi, diplomatik arenadakı möhtəşəm fəaliyyəti Azərbaycana böyük qələbə bəxş etdi. Bu zəfər yüzminlərlə məcburi köçkünü doğma torpağına qovuşdurdu, həsrətimizə son qoydu. Mən də əbədi olaraq doğma Ağdamıma, o torpaqda uyuyan oğlumun ruhuna qovuşdum...

Azadlığından sonra 4 dəfə Ağdamı ziyarətə getmişəm. Açığını deyim ki, Ağdamın ilk girəcəyinə ayaq basanda şok vəziyyətində oldum. Baxmayaraq ki, döyüşlər zamanı da görmüşdüm, bilirdim ki hər yer dağıdılıb, amma bu dərəcədə vəhşilik edildiyini təsəvvürümə gətirmirdim. Ağdam yerləyeksan edilib. Bu gördüklərim Karl Marksın ermənilər haqqında dediyi bir fikri yadıma saldı: “İnsana erməni demək olar, amma erməniyə insan demək olmaz”. Doğrudan da, bu fikirlər nə dinləri, nə imanları olan xəstə təfəkkürlü erməni barbarlarının əsl simasını izah edir...

Tezliklə Ağdam yenidən dirçələcək, qurulacaq, öz əzəmətini bərpa edəcək, əvvəlkindən də gözəl olacaq...

Lakin onu da bilirəm ki, bir daha bizim nəslin yaddaşına silinməz izlərlə həkk olunan, 29 ilin əvvəlindəki nə o Ağdam olacaq, nə də o ağdamlılar... Biz yalnız xatirələrimizdə o Ağdama gedə, o ağdamlılarla görüşə biləcəyik...

...Budur, artıq Əkbər müəllim yenidən Ağdamda, Həzi Aslanov küçəsində yerləşən öz evindədir. Məsumə xanımın süzüb gətirdiyi pürrəngi çaydan içə-içə “ömür gündəliyi”nə növbəti qeydini edir... Birdən qulağına həyətdəki armud ağacının altından tar səsi gəlir, Sənandır, “Qarabağ şikəstəsi”ni ifa edir...

Və o, gözlərini yumub ruhən şikəstənin ahənginə qoşulur, sürətlə illərin o üzündə olan xoşbəxt Ağdamlı çağlarına qayıdır...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!