Ürəyi millətinin sabahı üçün döyünən, qəlbi xalqının gələcək taleyi ilə vuran Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr etdirməyə başlayanda elə də yaşlı deyildi. Onun 33 yaşı var idi. Həmin çağlarda Həsən bəy ömrünün ən qaynar, ən gözəl vaxtlarını yaşayırdı. Rusiyada ali təhsil almış bu gənc əlində olan var-dövlətini millətini oyatmaq, xalqının qabaqcıl biliklərə yiyələnməsi üçün ziya vermək işinə sərf etdi. Qarşılaşdığı çətinliklərə sinə gərərək müqəddəsdən müqəddəs, işıqlıdan-işıqlı, nurludan-nurlu bir yola çıxdı.
"Əkinçi"nin nəşr olunduğu illərdə heç də hamı təhsilli, elmi deyildi. Cəmiyyətdə cahillik, avamlıq və cəhalət hökm sürürdü. Xalq elmdən, təhsildən çox-çox uzaq idi. Həmin dövrdə elmə, təhsilə maraq göstərənləri barmaqla saymaq olardı. Demək olar ki, mətbuatın, maarifin mahiyyətini dərindən anlayanlar yox idi. Bəlkə də, var idi, amma özlərinə əziyyət verib anlamaq istəmirdilər. Belələri ömürlərini, var-dövlətlərini bu müqəddəs işə sərf etmək fikindən uzaq idilər. Həsən bəy Zərdabi yaşadığı həmin dövrü belə təsvir edirdi: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın."
Cəmiyyətdə avamlığın, cəhalətin hökmranlıq etdiyi bir vaxtda Zərdabi düşünməyi bacaran, zəmanəni anlayan insanları sanki çıraqla axtarırdı. Uzaqgörən düşüncə sahibi elə bu məqsədlə də "Əkinçi"si ilə çətin bir yola çıxmışdı. Anlamaq dərdi təkcə H.Zərdabini deyil, böyük ədibimiz Cəlil Məmmədquluzadəni də bütün yaradıcılıq boyu düşündürmüşdü. Xalqını sevən bu böyük yaradıcı insanlar yaxşı bilirdilər ki, cəhaləti, avamlığı yalnız elmlə, təhsillə insanların beynindən silmək olar.
Həmin günlərdə Zərdabi yazırdı: "Həqiqət, elm təhsil etməyə başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır." Bax, belə bir mürəkkəb dövrdə "Əkinçi" də qaranlığa, cəhalətə açılan işıqlı və geniş qapı oldu. Bu qapıdan düşən işıq, nur insanların yatmış şüurlarını oyatdı, dünyagörüşlərini təzələdi, fikirlərinə yenilik toxumları səpdi.
Millətini cəhalətdən qurtarıb elm və təhsil yoluna gətirəcəyini düşünən Həsən bəy Zərdabi böyük həvəs və qətiyyətlə maarifçilik işinə başladı. Amma o zamanlar qəzet buraxmaq da asan iş deyildi. Bunun üçün bir çox çətin məsələlər həll olunmalıydı, keçilməz keçidlərdən keçilməliydi. Yaşadığı günlərin ağrı-acılarla dolu mənzərəsini Zərdabi belə təsvir edirdi: "Qəzeti necə çıxardım? Pul yox, çapçı yoldaş yox, kitabxana yox, hürufat yox, əmələ yox. Bir-iki yüzdən yuxarı da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır."
Qayğıları, problemləri saysız-hesabsız idi. Qarşılaşdığı çətinlikləri mərhələ-mərhələ dəf edən Həsən bəy Zərdabi 1875-ci il iyul ayının 22-də böyük tarix yazaraq, milli mətbuatımızın bünövrəsini qoydu, "Əkinçi" qəzetinin ilk nömrəsini buraxdı.
Beləcə, "Əkinçi" milli mətbuatımızın ilk qaranquşu oldu. Təəssüflər ki, qəzetin ömrü o qədər də uzun olmadı. Nəşri iki il davam etdi. Amma bu iki il ərzində qəzet çox iş gördü. Onun səhifələrində həm kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq dilində maraqlı məlumatlar, həm də təbabətə, fiziologiyaya aid dəyərli məlumatlar dərc olunurdu. Qəzet beş şöbədən ibarət idi. "Əkinçi"nin səhifələrində "Müsəlmanların geri qalmalarının səbəbləri", "İslam tərəqqiyə mane olurmu?" və digər mövzularda bir-birindən maraqlı materiallar dərc olunurdu.
Daim xalqını düşünən dövrünün görkəmli işıqlı ziyalıları, tanınmış yazıçı və şairləri Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Əhsənül Qəvaid, Heydəri, dövrünün şeyxülislamı olmuş Əhməd Hüseynzadə, Əsgər ağa Görani, Nəcəf bəy Vəzirov və başqaları maraqlı mövzularla qəzetdə çıxış edirdilər. Millətinin, xalqının maariflənməsi üçün yorulmadan qələm çalırdılar.
Həsən bəy Zərdabi iki il ərzində "Əkinçi"nin simasında mətbuatın, qəzetin nə olduğunu avam, savadsız xalqa göstərməyi bacardı. Onlarda milli şüurun oyanmasına və formalaşmasına təkan verdi. Ardınca başqa qəzetlərin çap olunması üçün cığır açdı, yol göstərdi. "Əkinçi"dən sonra Tiflisdə Azərbaycan dilində "Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetləri nəşr olunmağa başladı. Qığılcımını, alovunu "Əkinçi" qəzetindən almış bu mətbuat orqanları da, xalqın maariflənməsi üçün böyük işlər gördü.
"Əkinçi" qəzetindən başlanan yol bu gün uğurla davam edir. Dövlətimizin güclü dəstəyi sayəsində milli mətbuatımız daim inkişafdadır. İlk mətbuatımızın nəşrə başladığı tarixdən 148 il keçməsinə baxmayaraq, "Əkinçi"dən düşən nur bu gün də yollarımızı işıqlandırır. Həsən bəy Zərdabini və onun "Əkinçi"sini mətbuatımızın bayraqdarı adlandıra bilərik. İllər sonra "Əkinçi"dən yüzlərlə qəzet və jurnallar pöhrələyib boy verdi.
Bu pöhrələrdən biri də yarandığı gündən məqalələri ilə gənclərə vətənpərvərlik, qəhrəmanlıq hissləri aşılayan "Azərbaycan" qəzetidir. Fəaliyyətə başladığı ilk günlərdən qəzet daim səhifələrində qəhrəmanlıqla dolu şərəfli hərb tariximizdən, ölkənin ictimai-siyasi həyatından, iqtisadi inkişafından, şəhər və kəndlərimizdə aparılan tikinti və quruculuq işləindən, həyata keçirilən uğurlu islahatlardan, Birinci və İkinci Qarabağ müharibələrində cəsarət və hünərlə vuruşan xalqımızın oğullarının igidliyindən, rəşadətindən və başqa mövzulardan yazır. Belə məzmnulu yazılara görə də daim oxucu rəğbəti qazanır.
Vahid MƏHƏRRƏMOV