Dünyada itkin düşmüş şəxslərin sayı artır. Norveç Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, hazırda 1946-cı ildən bəri ən çox münaqişənin yaşandığı dövrdəyik. Bundan əlavə, qlobal istiləşmə nəticəsində də insanların itkin düşməsi halları artır.
Beləliklə, məsələ texnoloji imkanlarla bağlı deyil. Əsas sual hökumətlərin texnologiyaya çıxış əldə etmək və ondan səmərəli istifadə etmək üçün zəruri siyasi iradəyə, institutlara, qanunlara, ekspertlərə, məlumat sistemlərinə və əməkdaşlıq mexanizmlərinə malik olub-olmamasıdır. Çünki itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələrə və cəmiyyətə etibarlı və dəqiq məlumat təqdim etmək deməkdir. Lakin bu, həm də ədalət, məsuliyyət, həqiqət və kompensasiya hüquqlarının bərpası deməkdir. Bu, eyni zamanda, hüququn aliliyinin möhkəmləndirilməsi və zəruri hallarda məsuliyyətin təmin olunmasına töhfə verməkdir. Nəhayət, bu, sülh və təhlükəsizliyə yatırılan sərmayədir.
AZƏRTAC xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çıxışı zamanı deyib.
O bildirib ki, itkin düşmə halları həll olunmamış qaldıqda onların nəticələri zaman keçdikcə aradan qalxmır. Kütləvi məzarlıqlar açıq yaralar olaraq qalır. Cavabsız suallar ailələrin və icmaların yaddaşında nəsillər boyu yaşaya bilər. Cavabsız suallar, həmçinin hökumətlərə olan etimadı və inamı sarsıdır.
Baş direktorun sözlərinə görə, cəmiyyətlər itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün zəruri institutlara və imkanlara malik olduqda, münaqişələrin, fəlakətlərin və böhranların nəticələri ilə mübarizə aparmaq üçün daha yaxşı imkanlar əldə edir. Buna görə də itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi həm də dayanıqlı cəmiyyətlərin qurulması məsələsidir.
“Son 30 il ərzində öyrəndiklərimiz bunlardır və bu konfrans çərçivəsində həmin məsələləri daha ətraflı araşdırmağı səbirsizliklə gözləyirik. Bir daha bu konfransa ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkürümü bildirirəm", - deyə o vurğulayıb.