Azərbaycan mehriban qonşuluq və humanizm prinsiplərini rəhbər tutaraq, İran İslam Respublikasında baş vermiş son hadisələrdən zərərçəkmiş insanlara dəstək məqsədilə bu ölkəyə növbəti humanitar yardım karvanını yola salıb. Prezident İlham Əliyevin birbaşa göstərişi ilə hazırlanan bu yardım paketi iki ölkə arasındakı tarixi və mənəvi bağların, eləcə də çətin anlarda nümayiş etdirilən qarşılıqlı həmrəyliyin növbəti göstəricisidir.
Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında deyib ki, yardım karvanına zərərçəkmiş əhalinin ilkin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulmuş çoxsaylı ləvazimatlar daxil edilib. Azərbaycan tərəfi ümid edir ki, göndərilən bu yardımlar fəlakətin fəsadlarının aradan qaldırılmasında və insanların normal həyata qayıtmasında mühüm rol oynayacaq. Bu addım regionda sülhün, sabitliyin və humanitar dəyərlərin qorunmasına xidmət etməklə yanaşı, Azərbaycanın hər zaman olduğu kimi, ehtiyac duyan qonşularının yanında olduğunu bir daha sübut edir.
K.Bayramov qeyd edib ki, Azərbaycan və İran arasındakı münasibətlər zaman-zaman sınağa çəkilsə də, rəsmi Bakı hər zaman diplomatik dialoqa və humanizm dəyərlərinə sadiqliyini qoruyub saxlayır: "Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edərək bölgədəki gərginlik və atılan pilotsuz uçuş aparatları ilə bağlı məsələləri müzakirə etməsi ikitərəfli əlaqələrin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Müharibənin gətirdiyi qan, ölüm və dağıntıların miqyasını 30 ilə yaxın münaqişə şəraitində yaşamış və öz suverenliyini böyük fədakarlıqla bərpa etmiş bir xalq kimi Azərbaycan hamıdan yaxşı bilir. Məhz bu acı təcrübəyə söykənərək, rəsmi Bakı regionda yeni humanitar və iqtisadi fəlakətlərin baş verməməsi üçün tərəfləri - həm ABŞ-ni, həm İsraili, həm də İranı hərbi ritorikadan uzaqlaşıb danışıqlar masasına oturmağa dəvət edir. Bizim əsas marağımız qonşuluğumuzda gərginlik deyil, sülhün, inkişafın və tərəqqinin hakim olmasıdır. Bu sülhpərvər siyasətin əyani sübutu olaraq, baş vermiş insidentlərə və siyasi konyunktura baxmayaraq, Azərbaycan növbəti dəfə İrana humanitar yardım karvanı göndərmək qərarına gəlib. Bu yardım təkcə maddi dəstək deyil, həm də Azərbaycanın humanist dəyərlərə nə qədər sadiq olduğunun və qonşu xalqın çətin günündə onun yanında durmaq iradəsinin nümayişidir".
Deputat vurğulayıb ki, Azərbaycan dövləti növbəti dəfə qonşuluq və humanizm prinsiplərinin rəsmi Bakı üçün konyunktur maraqlardan və keçici siyasi gərginliklərdən qat-qat üstün olduğunu sübut edir. Son dövrlər İrandan ölkəmizə qarşı yönələn müxtəlif xoşagəlməz hücumlara və ritorikaya rəğmən Azərbaycan "dar günün dostu" olduğunu sözdə deyil, əməldə nümayiş etdirir. Bakıdan yola düşən humanitar yardım maşınları, sadəcə, diplomatik bir jest deyil, mahiyyəti daha dərin köklərə söykənən strateji və mənəvi bir addımdır. "Bu yardımın ən mühüm ünvanı, şübhəsiz ki, Arazın o tayında yaşayan milyonlarla soydaşımızdır. Müharibənin gətirdiyi çətinliklər, iqtisadi sıxıntılar və qeyri-müəyyənlik şəraitində Bakıdan göndərilən hər bir yük maşını soydaşlarımız üçün bir "ümid karvanı" mahiyyəti daşıyır. İllərdir İranın daxili ictimai rəyində formalaşdırılmağa çalışılan "Azərbaycan düşməndir" və ya "Azərbaycan İrana qarşı olan cəbhədə yer alır" kimi əsassız iddialar bu humanitar addımla alt-üst olur. Müharibənin davam etdiyi mövcud ağır şərtlərdə Azərbaycanın uzatdığı kömək əli gələcəkdə Cənubda anti-Azərbaycan mövqeyi yaratmaq istəyənlərin əlindəki bütün süni arqumentləri sıradan çıxarır. Bu fakt soydaşlarımızın daxili mühitdə öz milli kimliklərini və Azərbaycana olan sevgilərini müdafiə etmək üçün ən güclü mənəvi silahına çevrilir", - deyə o əlavə edib.
K.Bayramov bildirib ki, bu humanitar missiya təkcə bu günün ehtiyaclarını qarşılamır, həm də gələcək münasibətlərin əsasını qoyur. Azərbaycan öz suverenliyini bərpa etmiş qalib bir dövlət kimi bölgədə sülhün və tərəqqinin carçısı olduğunu nümayiş etdirir. İstənilən insidentə və təzyiqə baxmayaraq, humanist dəyərlərə sadiq qalmaq Azərbaycanın regional liderlik ambisiyalarının mənəvi sütunudur. Bakıdan göndərilən bu yardımlar həm diplomatik masada, həm də milyonlarla insanın qəlbində Azərbaycanın haqlı və xeyirxah mövqeyini bir daha təsdiq edir. Yardımın yolasalma mərasimində iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu addımı yüksək qiymətləndirərək, Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. Səfir bu humanist jestin hər iki xalqın müştərək mədəniyyətindən qaynaqlandığını vurğulayaraq bildirib: "Novruz bayramı ərəfəsində nümayiş etdirilən bu xoş niyyət olduqca təqdirəlayiqdir. Çox xoş və sevindirici haldır ki, yardım prosesinə ilk olaraq məhz Azərbaycan qoşuldu. Bu, bizim üçün son dərəcə əhəmiyyətlidir". İran səfiri Müctəba Dəmirçilunun Novruz bayramı ərəfəsində Azərbaycanın bu addımı ilk atan ölkə olmasını və "müştərək mədəniyyət" amilini xüsusi qeyd etməsi illərdir aparılan anti-Azərbaycan təbliğatına verilmiş tutarlı cavabdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"