19 Mart 2026 09:00
131
Mədəniyyət
A- A+
Ədəbiyyatşünaslığın filosofu

Ədəbiyyatşünaslığın filosofu


Bu günlər 90 illiyi qeyd olunan akademik Yaşar Qarayev ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk  qeydləri ilə başlamışdır. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir.

Milli ictimai fikrimizdə, elmi tədqiqatlarında, yüksək ziyalı ünsiyyətində diqqətçəkən Yaşar Qarayevin məqalə və kitabları "Yaşar", "Q.Yaşar", "Y.Qarayev" imzaları ilə dərc olunmuşdur. Böyük alim bir-birindən dəyərli və poetik tutumlu əsərləri ilə XX əsrin ikinci yarısında Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı və estetik fikrini yeni istiqamətə yönəldə bilmişdir. Başqa sözlə, yarım əsrdən artıq bir vaxtda humanitar fikrin elmi-metodoloji sərhədlərini müəyyənləşdirib və ədəbiyyatşünaslıqda yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələnin coğrafıyasını, habelə elmi inkişafını özü və çoxsaylı yetirmələri genişləndirərək reallığa çevirmişlər. Odur ki, Yaşar Qarayevin zəngin irsi ilə yaxından tanış olan hər bir tədqiqatçı, ədəbiyyat və sənət adamı ədibi "ədəbiyyat filosofu", "tənqidimizin şairi", "elmimizin möcüzəsi" adlandırmışlar. 

Yaşar Qarayev ədəbiyyat, sənət, elm aləminə 50-ci illərdə - ictimai-siyasi mühitin mülayimləşdiyi bir zamanda qədəm qoymuşdu. 1953-1958-ci illər ADU-nun (indi BDU) Filologiya fakültəsində təhsil aldığı qrup Azərbaycan elminə, ədəbiyyatına Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, Ağacavad Əlizadə, Şamil Salmanov, Arif Səfiyev, Həmid Abbas, İbrahim Göyçaylı, Firidun Ağayev, Cəfər Cəfərov, Vaqif Hüseynov kimi adlar bəxş etmişdir.

Hələ tələbəlik illərindən Azərbaycan dramaturgiyasının tarixi və müasir problemlərinə həsr edilən məqalələri ilə tanınan Yaşar Qarayev ədəbi prosesə 60-cı illərdə həm də teatr tənqidçisi kimi daxil olmuşdur. Onun Azərbaycan milli teatrının ən görkəmli tamaşaları haqqında dövri mətbuatda çıxan məqalələri oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılanırdı. Bununla da ədib Azərbaycanda XX əsrin ən görkəmli teatr tənqidçisi və dramaturgiya mütəxəssisi kimi tanınmağa başlamışdır. 

Yaşar Qarayevin "Realizm: sənət və həqiqət" əsəri XX əsr Azərbaycan ədəbi-nəzəri fikrinin ən sanballı nümunələrindən biridir. Bu əsər Azərbaycan ədəbiyyatşünaslığında yeni bir mərhələni müəyyənləşdirməklə sübut etmişdir ki, bədii üsulun bütöv estetik kateqoriya kimi hərtərəfli nəzəri şərhi regional və milli bədii düşüncənin uğurlarını vəhdətdə, qarşılıqlı əlaqədə götürməyi tələb edir. O, Azərbaycan realizminin dünya ədəbiyyatında realizmin inkişaf qanunauyğunluqları ilə əlaqəsini aydınlaşdırmış, onun rus və Avropa realist sənəti kontekstində təhlilini aparmışdır.

Tənqid tariximizi ardıcıl araşdıran, ədəbiyyatşünaslığımızın və tənqidimizin nəzəri-metodoloji inkişaf mərhələlərini dərindən öyrənən, onun ümumi problemləri ilə yanaşı, böyük simaları haqqında monoqrafiya və ya portret məqalələr yazan Yaşar Qarayevdə parlaq tənqidçilik istedadı var idi. Onun estetik zövqü, ədəbi faktı, nümunəni bədii fikir tarixi fonunda qiymətləndirmək istedadı heyrət doğurur. Ədəbiyyatımızın elə sanballı nümunəsi yoxdur ki, Yaşar Qarayevin diqqətindən kənarda qalsın. Onun tənqidçi-estetik tipi adətən ideoloq tipinə üstün gəlirdi. Milli mənəviyyat tarixinə yanaşmada tarixin vətəndaşlıq tutumu, onun müasir siyasi-ictimai mənası Yaşar müəllim üçün həmişə önəmli idi. O, 90-cı illərdə ədəbi-bədii dəyərlərimizi siyasi müstəqilliyin kontekstində götürürdü və metodoloji imkanları çərçivəsində ümumiləşdirmələr aparırdı.

Yaşar Qarayevin M.F.Axundovu tədqiq etməsi onunla başlayan yeni dövr ədəbiyyat, dramaturgiya və nəsrin özəlliklərini doğru istiqamətdə şərh etməyə şərait yaradırdı. "Kəmalüddövlə məktubları", "Aldanmış kəvakib" kimi əsərləri təhlil edən, bu mövzularda dissertantlarına mövzular seçən filoloq XX əsr Azərbaycan nəsrinin nümunələrini sırf estetik planda təhlil edirdi. Onun, məsələn, Yusif Səmədoğlunun "Qətl günü" romanı haqqında kiçikhəcmli məqaləsi də bu baxımdan maraq doğurur. "Qətl günü" romanı nə üçün məhz o dövrdə yarandı? Poetik sistemi etibarilə son dərəcə orijinal olan bu əsər Azərbaycan nəsrinə hansı mesajın verilməsi ilə əlamətdar idi? Bütün bu və digər sualları araşdırmanın mərkəzinə gətirən müəllif bədii mətndəki detalları, obraz və onların xassəsini dəqiq müəyyənləşdirir və gələcək araşdırmaçılar üçün də istiqamətləri göstərirdi.

Yaşar müəllim 90-cı illərdə ədəbiyyatşünaslığımızda iki məsələni xüsusi qabartmışdır. Uzun illər yasaq edilmiş ortaq türk, müsəlman mənəvi dəyərlərini, repressiya və mühacirət ədəbiyyatını ədəbi-ictimai dövriyyəyə gətirməkdə onun  elm təşkilatçısı kimi müstəsna xidmətləri olmuşdur. Y.Qarayevin "Dədə Qorqud-1300", Füzulinin 500 illik yubiley tədbirləri, mühacirət ədəbiyyatı simpoziumu çərçivəsində fəaliyyəti həm ədəbi-elmi fikri zənginləşdirməyə, həm də müstəqil Azərbaycanı dünyada tanıtmağa, sevdirməyə xidmət edirdi. Yaşar müəllim "Tarix: yaxından və uzaqdan" kitabında mövcud tədqiqatlarını yeni metodoloji axtarışlar kontekstində birləşdirir, ortaq islam və türk dəyərləri, onların şərtləndirdiyi bədii-estetik amillər fonunda ədəbiyyat tarixinə nəzər salırdı. XX əsr ədəbiyyatşünaslığında mövcud olan nəzəri istiqamətləri milli ədəbiyyatşünaslığa gətirən, onu milli ədəbi təcrübə ilə uyğunlaşdıran və fərqli cəhətlərini ayırd edən Yaşar Qarayev ədəbi fikri dövrləşdirmədə dominant olan formasiyalar nəzəriyyəsinin böhran keçirdiyi, iflasa uğradığı məqamda milli ədəbiyyat tarixi konsepsiyası ətrafında düşünən, orijinal tezislərini irəli sürən müəlliflərdən idi. XX əsr ədəbi-nəzəri fikrimizin yekunu kimi yaranmış bu əsər ümumən humanitar fikrin ciddi metodoloji problemlər qarşısında dayandığını ortaya qoymuşdur.

Ədəbiyyatşünaslıq elminin əbədiyaşar filosof alimi Yaşar müəllim çox müdrik, mədəni, təmkinli, xeyirxah insan idi. Azərbaycan ədəbiyyatını ən qədim dövrdən çağdaş günümüzədək bütün mərhələlərini mükəmməl bilən Y.Qarayev folklorumuzu çox sevirdi. Onun tənqidi - poetik tənqiddir. Başqa sözlə, poetik tənqidimizin banisi Yaşar Qarayev idi. Nitqi mükəmməl, rəvan və obrazlı olardı. Cümlələrində daxili qafiyə, bənzətmə bolluq təşkil edərdi. Ən sərt fikri cazibədar, metaforik libasda təqdim etməyi bacarırdı.

Xatırladaq ki, 1976-1991-ci illərdə Yaşar Qarayev Azərbaycan Yazıçılar İttifaqının Tənqid və Ədəbiyyatşünaslıq Şurasının rəhbəri olmuş, birliyin tənqid və ədəbiyyatşünaslıq üzrə katibi işləmişdir. Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası Rəyasət Heyətinin üzvü və humanitar bölməsinin həmsədri seçilmişdir. Həmin illər Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar Konqresi komitəsinin sədri, "Ədəbi proses" adlı illik elmi-tənqidi məcmuənin müəlliflərindən biri və məsul redaktoru olmuşdur. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquzcildlik dünya ədəbiyyatı tarixi, "Çoxmillətli sovet ədəbiyyatı tarixi (inqilabaqədərki dövr)" və Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi" monumental əsərlərinin müəlliflərindən biri idi.

Yaşar Qarayev 27 yaşında namizədlik, 43 yaşında doktorluq müdafiə etmiş, 44 yaşında Dövlət mükafatı almış, 46 yaşında Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Onun rəhbərliyi ilə İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Rəhim Əliyev, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Məhərrəm Qasımlı, Əziz Ələkbərli, Aydın Dadaşov, Tahirə Məmməd, Məryəm Əlizadə, Rüstəm Kamal, İsrafil İsrafilov, İsmayıl Vəliyev, İlham Rəhimli, Rahid Ulusel və başqa görkəmli alimlər yetişmişdir.

Azərbaycan ədəbiyyatşünaslığının inkişafında əvəzsiz xidmətləri olan Yaşar Qarayev 2002-ci il avqustun 25-də 66 yayında vəfat etmişdir. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Belarus gender bərabərliyi sahəsində əməkdaşlıq edəcək  

10:45
19 Mart

Azərbaycan neftinin qiyməti 117 dolları ötüb 

10:34
19 Mart

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!