19 Mart 2026 08:55
147
Mədəniyyət
A- A+
Soyuq rənglərdən yaranan isti tablolar

Soyuq rənglərdən yaranan isti tablolar


II qrup müharibə əlili rəssam İntiqam Ağayev döyüş xatirələrini fırçası ilə nəql edir


Qoynunda doğulub boya-başa çatdığın Vətənə düşmən hücum çəkəndə kimliyindən asılı olmayaraq əli silah tutanların hamısı yurdun müdafiəsinə atılır. Erməni qəsbkarlarının hücumları nəticəsində Birinci Qarabağ müharibəsi başlayanda da torpaq təəssübü çəkən qeyrətli oğullar könüllü olaraq döyüşlərə yollandılar. Həmin gərgin günlərdə yurdumuzun müdafiəsinə qalxanların sırasında tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü İntiqam Ağayev də var idi. 

Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş rəssamın yaradıcılıq və döyüş yollarından söhbət açmazdan əvvəl onu daha yaxından tanımaq üçün bioqrafiyasına  diqqət yetirdik. Öyrəndik ki, o, 1966-cı ildə Sumqayıtda dünyaya göz açıb. 1973-cü ildə çiynində məktəbli çantası birinci sinfə gedib. Kiçik yaşlarından rəssamlığa maraq göstərən İntiqam dərs dəftərlərində daha çox şəkillər çəkib. 

Rəssam olmaq arzusu ilə beləcə yaşaya-yaşaya gələcək sənət yolunu müəyyənləşdirib. 1983-cü ildə orta təhsilini bitirən İntiqam Ağayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə üz tutub. Burada rəssamlıq sənətinin sirlərinə dərindən yiyələnib. Gənc yaşlarından milli-azadlıq hərəkatına qoşulan rəssam müstəqil dövlətimizin ordusu yarananda onun ilk əsgərlərindən biri kimi Qarabağın müdafiəsinə yollanıb. Şuşa, Ağdam, Tərtər, Goranboy, Füzuli, Xocalı və başqa bölgələrdə erməni işğalçılarına qarşı vuruşub. 1993-cü ildə kiçik leytenant rütbəsi alıb. Tərtərin ərazisi uğrunda gedən döyüşlərdə başından yaralanan İntiqam sağalandan sonra yenə barıt qoxulu səngərlərə qayıdıb. 

Baş leytenant, II qrup Qarabağ müharibəsi əlili İntiqam Ağayev bizimlə söhbət zamanı həm döyüş, həm də yaradıcılıq yolundan söz açdı: 

- 1992-ci ilin fevral ayında mən yenicə yaranmağa başlayan ordumuzun sıralarında idim. O vaxtlar bütün vətənpərvər oğullar Qarabağın kənd və şəhərlərinə hücum edən erməni işğalçılarına qarşı vuruşmaq üçün hərbi hissələrə axışırdılar. 1992-ci il fevral ayının 26-da bizi Xocalıya göndərdilər. Həmin vaxt artıq dünyanı sarsıdan Xocalı faciəsi baş vermişdi. Ermənilər şəhəri yerlə-yeksan etmiş, dinc sakinləri qarlı meşələrdə, dağlarda vəhşicəsinə öldürmüşdülər. Sağ qalanları isə əsir aparmışdılar. Bizi yaralıları və meyitləri çıxarmağa cəlb etdilər. İçəridə yerimizi tutan kimi vertolyot nərilti-gurultu sala-sala havaya qalxdı. Nə qədər təhlükəli, riskli olsa da, erməni işğalçılarının törətdiyi və dünyanı sarsıdan Xocalı soyqırımının baş verdiyi əraziyə eniş edə bildik. Ətrafda gördüklərimizdən dəhşətə gəldik. İki qocanın və bələkdə olan bir körpənin meyitini götürə bildik. Ağdam məscidinə çatanda gördük ki, uşaq tərpənir, sağdır. Körpə bələkdə olduğuna görə şaxta onu tam dondurmamışdı. Bir körpə həyatını xilas etdiyimizə görə çox sevindik. Sonra bizi Ağdam və Ağdərənin müdafiəsinə göndərdilər. Döyüşlər zamanı bir əsgər, bir zabit kimi üzərimə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışırdım. 

Söhbət zamanı İntiqam  Ağayev rəssamlığa həvəs göstərməyə başladığı illərdən də danışdı: "Rəssam olmaq arzusu ilə yaşayırdım. Daim ürəyimi döyəcləyən arzular sonda əlimdən tutub məni məqsədimə doğru - Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə apardı". Onun sözünü kəsib qeyd edək ki, Qarabağ müharibəsinin iştirakçısı olmuş rəssam bu mövzuda bir-birindən dəyərli əsərlər çəkib: "Mənim üçün müharibə mövzusunda əsər çəkmək ağrılı və əzablıdır. Bu iş mənə çox çətinliklə başa gəlir. Yəqin ki, bu, döyüşlərdə iştirak etdiyimdən, gördüyüm qan-qada və axıtdığım göz yaşlarından irəli gəlir. Görkəmli rəssam Vidadi Nərimanbəyov İkinci Dünya müharibəsi mövzusunda maraqlı və yaddaqalan əsərlər çəkib. Üstündən uzun illər keçməsinə baxmayaraq, onlar indi də öz təsir gücünü saxlayıb. Ümumiyyətlə, dəyərli rəsm əsərləri ömürsüzdür, həmişə maraqla baxılır". 

Doğrudan da, İntiqam Ağayevin müharibə mövzusunda çəkdiyi əsərlərə baxanda burada ağrı-acılar açıq və dolğun şəkildə duyulur. Bir anlıq qulaqlarına güllə, top səsləri gəlir. Çünki rəsmlərdə müharibə mənzərələri olduğu kimi - necə varsa, elə o cür də əks olunub. Bu mənzərələri seyr etdikcə düşünürük ki, görəsən, əgər İntiqam Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsəydi, işğalçılara qarşı vuruşmasaydı, müharibə mövzusunda əsərlər çəkərdimi? Rəssam bildirdi ki, əgər çəkməli olsaydı da, bu cür canlı alınmazdı: "Çünki tabloya köçürdüyüm bu səhnələrə özüm şahidlik etmişəm, onun ağrı-acılarını yaşamışam. Ona görə də çəkdiklərim təbii, canlı və inandırıcı görünür, baxanların diqqətini çəkir". 

Onun sözlərini dinlədikcə düşünürük ki, deməli, müharibə ədəbiyyata da, incəsənətə də yeni mövzular verir, sənət və ədəbiyyat adamlarının qarşısında yeni-yeni yaradıcılıq yolları açır. 

Söhbətimizin bu yerində rəssamdan soruşduq ki, soyuq rənglərlə isti tablolar yaratmaq mümkündürmü? İntiqam Ağayev bir az düşündükdən sonra dedi: "Əlbəttə, mümkündür. O baxır rəssama, onun sənətkarlığına. Bilirsinizmi, hər hansı bir əsəri kətan üzərinə köçürməzdən əvvəl o, rəssamın ürəyində yaranır. Belə tabloların ömrü həmişə uzun olur. Neçə illər əvvəl müharibə mövzusunda "İsti qar" adlı bir əsər çəkmişəm. Bax, orada soyuq rənglərdən isti tablo yaratmağa çalışmışam. Tabloya baxanda görürük ki, əsgərlər qarın üstündə ocaq qalayıb isinmək istəyirlər. Buna görə də mən əsərimə "İsti qar" adı vermişəm. İstəmişəm ki, əsgərlərimiz qarın üstündə də olsalar, ürəkləri kimi yerləri də isti olsun. Bu həm əsgərlərin, həm də rəssamın istəyidir. İstəklər üst-üstə düşdüyünə görə elə bilirəm ki, əsər çox real və təsirli alınıb". 

Söhbət zamanı onu da öyrəndik ki, İ.Ağayev 2016-cı ildə Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi Aprel döyüşlərini də rənglərin dili ilə ifadə edib: "Sevincimi bu mövzuda çəkdiyim "Hücum" adlı əsərə hopdurdum. Elə buna görə də rəsm çox güclü alınıb. Yəqin ki, ürəyimdən keçənləri rənglərin dili ilə deyə bilmişəm. Ən başlıcası odur ki, "Hücum" tablosunda böyük qələbə ovqatı var". 

Rəssamla bir zamanlar sıralarında xidmət etdiyi, vuruşduğu ordunun zabit və əsgərlərinin 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində göstərdikləri igidilikdən, qəhrəmanlıqdan, Zəfərdən də ətraflı danışdıq. Dedi ki, bir gün də olsun torpaqlarımızın erməni işğalında qaldığını yaddan çıxarmayıb: "Keçmiş döyüşçü kimi bu, məni çox narahat edirdi. İnanırdım ki, gündən-günə gücünü, qüdrətini artıran Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda başlayacaq müharibədə düşmənə qalib gələcək. Zabit və əsgərlərimiz döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərəcəklər. Azərbaycan xalqı ordusunun gücünə, qüdrətinə inanırdı.  27 sentyabr 2020-ci ildə səhər lap ertədən torpaqlarımızın azadlığı uğrunda müharibənin başladığını eşitdik. Müharibənin ilk günlərindən qapılarımızı qələbə xəbərləri döydü. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında düşməni darmadağın etməyə başladı. Nəhayət, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bizim üçün bundan böyük sevinc ola bilməzdi". 

Söhbət zamanı İntiqam Ağayevdən işğaldan azad olunandan sonra Qarabağa, bir zamanlar vuruşduğu ərazilərə, sakinlərini qan içində gördüyü Xocalıya gedib-getmədiyini soruşduq: "Azad olunandan bir müddət sonra Qarabağa getdim. Şuşanı, Xankəndini, Əsgəranı və gözüyaşlı, qan içində qoyub gəldiyimiz Xocalını gördüm. Bir zamanlar Qarabağ uğrunda vuruşduğumuz, döyüşdüyümüz günləri xatırladım. İndi Xocalı gözüyaşlı deyildi, sakinləri kimi onun torpağının da, daşının da üzü gülürdü. Rəssam üçün gülən torpağın, danışan daşın görüntülərini çəkmək çox maraqlıdır". 

Rəssam daha sonra sözünə davam edərək dedi ki, onun üçün müharibə hələ bitməyib: "İllərcə əvvəl düşmənlə əsgər, zabit kimi, bu günsə rəssam kimi döyüşürəm. Bir vaxtlar silahla dediklərimi indi fırçanın dili ilə ifadə  etməyə çalışıram. Deməli, bu gün fırça mənim üçün bir silahdır. Rəsm çəkməklə sanki  döyüş yolumu davam etdirirəm". 

Sənətkar hansı rənglərlə işləməyə üstünlük verdiyindən də söz açdı. Dedi ki, rənglərin hamısı onun üçün doğmadır: "Amma sarı, qırmızı və narıncı rənglərə sevgim, istəyim daha böyükdür. Sənətkarın özü-özünü tərifləməsinə yaxşı baxmıram. Kimin əsərinin uzunömürlü, yaxud qısaömürlü olacağını zaman göstərir. Necə deyərlər, yaşayarıq, görərik. Mən daha çox şahidi olduğum və ağrılarını yaşadığım anları tabloya köçürürəm. Buna görə də əsərlərimin real həyat səhnələrini əks etdirdiyi gücündə olduğunu düşünürəm". Sonra da əlavə etdi ki, rəsm əsərləri də söz kimi qüvvətli və qüdrətlidir, yenilməzdir, məğlubedilməzdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Belarus gender bərabərliyi sahəsində əməkdaşlıq edəcək  

10:45
19 Mart

Azərbaycan neftinin qiyməti 117 dolları ötüb 

10:34
19 Mart

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!