Müasir Azərbaycan dövlətinin memarı Ümummilli
Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolu dövlətçilik irsimizin qızıl
salnaməsidir. Onun siyasi fəaliyyətinin hər bir mərhələsi Azərbaycanın milli
maraqlarının qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və
xalqımızın gələcək inkişafının təmin olunması ilə sıx bağlıdır. Bu böyük siyasi
irsin ən mühüm səhifələrindən biri isə 1993-cü il oktyabrın 3-də Heydər
Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə başladı. Həmin
seçki Azərbaycan dövlətçiliyinin taleyində mühüm dönüş nöqtəsi olmaqla, ölkənin
mürəkkəb və ağır sınaqlar qarşısında qaldığı bir vaxtda sabitlik və inkişaf mərhələsinə
keçidin siyasi əsaslarını formalaşdırdı.
Bu sözləri Milli Məclisin deputatı Səbinə
Salmanova deyib.Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa
etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmış, ölkədə siyasi və iqtisadi
böhran dərinləşmiş, dövlət idarəçiliyində ciddi problemlər yaranmış, Ermənistanın
hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı genişlənmişdi: “1990-cı illərin
əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi,
dövlətçilik təcrübəsinin və siyasi iradənin çatışmazlığı ölkəni faktiki olaraq
idarəolunmaz vəziyyətə gətirmişdi. Cənab Prezident İlham Əliyev oktyabrın 2-də
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı həmin dövrü
xarakterizə edərək xatırlatdı ki, o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə
düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə
üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz
proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Möhtərəm
Prezident İlham Əliyevin bu fikirləri 1993-cü ilin siyasi reallıqlarının mahiyyətini
bir daha aydın şəkildə ortaya qoyur. Məhz belə mürəkkəb tarixi şəraitdə xalqın
Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Azərbaycan xalqı dövlətçiliyi
qoruyacaq, ölkəni parçalanmaq təhlükəsindən çıxaracaq və müstəqilliyi möhkəmləndirəcək
siyasi liderə ehtiyac duyurdu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı və
1993-cü il oktyabrın 3-də Prezident seçilməsi ölkənin tarixində yeni mərhələnin
başlanğıcını qoydu. Hesab edirəm ki, 1993-cü ilin 3 oktyabr tarixi Azərbaycan
dövlətçiliyin taleyinin həll olunduğu, ölkəmizin gələcək inkişaf istiqamətinin
müəyyənləşdiyi mühüm dönüş mərhələsidir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra ilk növbədə dövlət idarəçiliyində sabitliyi bərpa etdi, vətəndaş
qarşıdurmasının qarşısını aldı və cəmiyyətdə dövlətə inamı yenidən
formalaşdırdı. Ulu Öndərin siyasi iradəsi və dövlətçilik təcrübəsi Azərbaycanın
parçalanma təhlükəsindən xilas olaraq müstəqil inkişaf yoluna çıxmasına imkan
verdi. Bu baxımdan 3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsi tarixində xüsusi yer tutan hadisədir”.
S.Salmanova qeyd edib ki, bugünkü güclü, qüdrətli
Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir: “Ümummilli Lider
Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə Azərbaycanın
hərtərəfli inkişafının möhkəm təməlini formalaşdırdı. Onun siyasi kursunun
Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və ardıcıllıqla davam etdirilməsi
nəticəsində Azərbaycan iqtisadi qüdrətini artırdı, beynəlxalq mövqelərini əhəmiyyətli
dərəcədə möhkəmləndirdi və qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəlilədi.
Bu gün ölkəmizin regionda və beynəlxalq müstəvidə artan nüfuzu, güclü iqtisadi
potensialı, müstəqil siyasəti və milli maraqlara əsaslanan inkişaf modeli Heydər
Əliyev ideyalarının zamanın sınağından keçdiyini göstərir. Ən böyük tarixi nəticə
isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Müzəffər Ali
Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfər Ulu Öndərin ən
böyük arzularından birini gerçəkləşdirdi, Qarabağ və Şərqi Zəngəzurda yeni
quruculuq və Böyük Qayıdış mərhələsinin əsasını qoydu. Bu gün həmin ərazilərdə
həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhər və kəndlərin
salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətçilik xəttinin
davamlılığının və siyasi varisliyin real təzahürüdür. Ona görə də 3 oktyabr
1993-cü il müasir Azərbaycanın siyasi və dövlətçilik tarixində yeni eranın
başlanğıcını simvolizə edən mühüm tarixdir. Ulu Öndər Heydər Əliyevin siyasi
irsi bu gün Azərbaycanın dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi
yaşayır və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşərək
gələcək nəsillərə ötürülür”.
“Azərbaycan”