"Bəzən elə əvəzedilməz xarakterlər olur ki, cəmiyyətin onların şəxsi xoşbəxtliyini xalqı xoşbəxt gələcəyə qovuşdurmaq üçün haqqı çatır".
Bu yazıya Tomas Ceffersonun Corc Vaşinqtona məktubundan kiçik bir iqtibasla başlamağım təsadüfi deyil. Heydər Əliyevin xalqın çağırışına səs verəndə Azərbaycan, əraziləri yağmalanmış, yüz minlərlə qaçqın və məcburi köçkünün ağır yükü altında əzilmiş, toplum olaraq paramparça edilmiş bir vəziyyətdə, can üstə idi...
Heydər Əliyev vaxtilə SSRİ-nin ağır ideoloji basqısı altında, saysız-hesabsız maneələrə sinə gərərək dirçəltdiyi, inkişaf etdirdiyi bir ölkənin xarabalıqları üzərindən xalqı, üfüqdə belə işartısı görünməyən xoşbəxt gələcəyə qovuşdurmaq üçün elinə, obasına, canından artıq sevdiyi Azərbaycanına sahiblənmək, onu bütün bəlalardan hifz etmək, yaralarını sarımaq üçün dəvət olunurdu... Lakin Heydər Əliyev bu dəvəti şəxsi xoşbəxtliyindən imtinaya çağırış kimi qəbul etmirdi. Çünki onun düşüncəsində, baxış bucağında və fəaliyyətində şəxsi xoşbəxtliyi ilə xalqın xoşbəxtliyi anlayışları iç-içə idi, bütöv idi, tam idi... Heydər Əliyev üçün yalnız bir mütləq xoşbəxtlik anlayışı vardı - Azərbaycan xalqının rifahı, Azərbaycanın bütövlüyü və inkişafı...
Tarixi missiya
Azərbaycanlılar tarixdə böyük və qüdrətli dövlətlərin qurucuları kimi, hər zaman azad, müstəqil və öz bayrağının kölgəsində yaşamaq arzusunda olublar. Hətta ən çətin dövrlərdə, istila və istibdad altında, ayrı-ayrı imperiyaların tərkibində olanda azadlıq və müstəqillik məfkurəsi xalqımızın genetik yaddaşını tərk etməyib. Azərbaycan xalqının on illər, bəlkə də yüz illər irəlini görməyi bacaran düşünən beyinləri isə ən ağır şərtlər altında belə xalqımızın azad, müstəqil və firavan yaşaması üçün fədakarlıq nümayiş etdirmiş, öz ideyaları və əməlləri ilə bu günümüzə körpü salmışlar.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən o zaman SSRİ-nin tərkibində müttəfiq respublikalardan biri olan Azərbaycanın həyatında baş verən dəyişikliklərə, iqtisadiyyatdan mədəniyyətə, enerji sektorundan hərbi sahəyə qədər görülən bütün işlərə bu günün azad insanının baxış bucağından nəzər salsaq, hər şeyin xalqımızın azad və müstəqil yaşamasına xidmət etdiyini görə bilərik.
SSRİ-nin siyasi-ideoloji sisteminin nə qədər əzici və qəddar olduğunu bilən və həmin dövrün kataklizmlərindən keçən insanlar 1970-ci illərdə Azərbaycan xalqının öz tarixi köklərinə qayıtmasına xidmət edən siyasət yürüdülməsinin nə qədər çətin olduğunu yaxşı anlayırlar. Heydər Əliyevin SSRİ-dəki xalqların çoxmədəniyyətliliyi, bütövlükdə mədəniyyət çətiri altında həyata keçirdiyi milli inkişaf siyasətinin nə qədər dəqiq düşünülmüş bir strategiya olduğunu da yaxşı başa düşürlər.
SSRİ-nin süqutuna qısa bir müddət qalmış, öncə Qarabağın Azərbaycandan qopardılmasına qarşı başlayan etirazların, daha sonra isə müstəqillik hərəkatının iştirakçıları məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1970-80-ci illərdə yaranan ədəbiyyat nümunələrinin, filmlərin təsiri altında formalaşmışdılar. Bəziləri bunu dərk etmək istəməsələr də, amma göz önündə olan faktlar Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan xalqını müstəqil yaşamağa hazırladığı təkzibolunmaz reallıqdır.
Bu sıraya Azərbaycan dilinin inkişafı, tariximizin öyrənilməsi, hərb sahəsi başda olmaqla, bütün sahələr üzrə milli kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımları da əlavə etsək, Heydər Əliyevin işıqlı zəkasının illərin arxasından necə boy göstərdiyini görə bilərik.
Sovet dönəmində azərbaycanlıları mümkün qədər hərb sənətindən kənarda saxlamağa çalışırdılar. Ola bilsin ki, o dövrdə mərkəz Azərbaycan türklərinin tarixdə dəfələrlə dövlətlər, imperiyalar qurduğu faktlarına istinad edərək bu addımı atırdı. O illərdə hərbi xidmətə çağırılan azərbaycanlıları inşaat dəstələrinə göndərməyə cəhdlər edilirdi. Məqsəd yenə də bizi hərb sənətindən aralı saxlamaq idi. Amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra hərb sənətinin sirlərinin azərbaycanlılara öyrədilməsi üçün bir neçə addım atıldı. Bunlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Daha sonra Hərbi Dənizçilik Məktəbi, Quru Qoşunları Ali Məktəbi yaradıldı. Həmin dövrdə azərbaycanlıların bu hərbi məktəblərdə təhsil almaları prioritet hesab edilirdi. Gizli də olsa, bu barədə konkret təlimatlar verilmişdi. Eyni zamanda bu illərdə azərbaycanlılar SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə təhsil almaq üçün göndərilməyə başlanıldı. Həmin şəxslər sonradan Azərbaycan Ordusunun qurulması prosesində iştirak etdilər.
Bütün bunlar yaxın tarixdə, bir çoxlarımızın gözünün önündə cərəyan edən proseslərdir. Biz müstəqilliyimizə doğru uzun illər boyu addım-addım irəliləmişik. Əsl müstəqillik, azadlıq iti zəka, qətiyyət, cəsarət, Vətənə təmənnasız sevgi və yüksək liderlik keyfiyyətləri tələb edir.
Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Müstəqilliyimizin geridə qalan 31 ili Heydər Əliyevin bu deyiminin nə qədər doğru olduğunu sübuta yetirdi. Biz Ulu Öndərimizin iti zəkası, polad xarakteri, onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin liderliyi və xalqımızın birliyi nəticəsində müstəqilliyimizi qoruduq, ərazi bütövlüyümüzü bərpa etdik. Öz torpağımızda, öz bayrağımız altında qalib xalqın nümayəndələri kimi ömür sürürük. Müstəqil dövləti olan bir xalq üçün bundan böyük ucalıq yoxdur.
Bu gün Ulu Öndərin ruhu şaddır və əbədiyyətə qədər də şad olacaq!
Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini