13 Oktyabr 2026 08:00
306
SİYASƏT
A- A+
Heydər Əliyev siyasi irsi və milli ideologiyanın müasir mərhələsi

Heydər Əliyev siyasi irsi və milli ideologiyanın müasir mərhələsi


Milli ideyanın dövlətçilik fəlsəfəsinə çevrilməsi


Milli ideologiya xalqın yalnız keçmişini izah edən düşüncə sistemi deyil. O, dövlət qurmaq iradəsini, milli kimliyi, gələcəyə baxışı və öz taleyinə münasibəti müəyyən edən mənəvi-siyasi dayaqlardan biridir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin milli ideologiya haqqında düşüncələri müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasından ayrı təsəvvür edilə bilməz.

Ümummilli Lider milli ideologiyanı sərt siyasi ehkamlar toplusu kimi deyil, Azərbaycanın Konstitusiyasına, tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə, dilinə, adət-ənənələrinə və dövlətçilik şüuruna söykənən düşüncə sistemi kimi qiymətləndirirdi. O, milli olanla ümumbəşəri olanı qarşı-qarşıya qoymur, milli özünəməxsusluğun qorunmasını müasir demokratik və bəşəri dəyərlərlə uzlaşdırırdı. Bu konsepsiyanın mahiyyəti Azərbaycanın öz milli simasını qorumaqla yanaşı, dünyanın inkişaf proseslərinə açıq olmasıdır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Ümummilli Lider Heydər Əliyevin ideoloji baxışlarını yeni tarixi mərhələdən qiymətləndirməyə imkan verir. Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi yeni ictimai-siyasi və geosiyasi şəraitdə fəaliyyət göstərdiyi dövrdə keçirildi. Bu, sadəcə zaman fərqi deyil, dövlətçilik tariximizin məzmununda baş vermiş fundamental dəyişiklikdir.

Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm mərhələsində başlıca vəzifə müstəqil Azərbaycan dövlətini qorumaq, onu parçalanma təhlükəsindən çıxarmaq və dövlət institutlarını möhkəmləndirmək idi. Bu gün isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, regionda və beynəlxalq münasibətlər sistemində mövqeyini daha inamla müəyyən edən dövlət kimi çıxış edir.


YAP-ın yaranması, milli iradənin siyasi ifadəsi idi


VIII Qurultayda YAP-ın tarixinə verilən qiymət xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qələbələrimizin başlanğıcını 1992-ci ilin noyabrında keçirilmiş partiyanın təsis qurultayı ilə əlaqələndirərək həmin hadisəni Azərbaycanın sonrakı siyasi tarixinin mühüm başlanğıc nöqtəsi kimi təqdim etdi.

YAP-ın yaranması yalnız siyasi partiyanın təsis edilməsi deyildi. Bu, Azərbaycanın taleyinin ciddi təhlükələrlə üz-üzə qaldığı bir vaxtda milli iradənin siyasi təşkilatlanması idi. 1990-cı illərin əvvəllərində idarəçilik böhranı, iqtisadi tənəzzül, siyasi qarşıdurma, ərazilərin işğalı və separatizm təhlükəsi dövlətçiliyi ağır sınaq qarşısında qoymuşdu. Belə şəraitdə Ümummilli Lider Heydər Əliyevin ətrafında siyasi və ictimai qüvvələrin birləşməsi cəmiyyətin dövlətçilik baxımından çıxış yolu axtarışının nəticəsi idi.

YAP-ın tarixini milli ideologiya kontekstində əhəmiyyətli edən də budur. Milli ideya yalnız fikir və çağırış səviyyəsində qalmadı, siyasi təşkilatlanmaya çevrildi və dövlətçilik məqsədi cəmiyyətin siyasi iradəsi ilə birləşdi.

1992-ci ildən başlayan siyasi proseslə 2020-ci ilin Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpası arasında xronoloji ardıcıllıqdan daha dərin siyasi-ideoloji bağlılıq mövcuddur. İlk mərhələdə dövlətçiliyi qorumaq və möhkəmləndirmək, sonrakı mərhələdə iqtisadi və siyasi imkanları genişləndirmək, beynəlxalq mövqeləri gücləndirmək və milli potensialı artırmaq əsas vəzifələr idi. Daha sonra bu potensial ərazi bütövlüyünün və suverenliyin bərpası üçün səfərbər edildi.


"Ana xətt" və siyasi varisliyin mahiyyəti


Heydər Əliyev və İlham Əliyevin siyasi xəttinin davamlılığını yalnız hakimiyyət ardıcıllığı ilə izah etmək kifayət deyil. Əsas məsələ strateji düşüncənin və dövlətçilik məqsədlərinin davam etməsidir. VIII Qurultayda Prezident İlham Əliyevin Heydər Əliyevin siyasi xəttini xarakterizə edərkən müstəqillik, dövlətçilik, iqtisadi sərbəstlik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadəni önə çəkməsi bu baxımdan əhəmiyyətlidir.

Milli ideologiyanın əsas şərti müstəqil dövlətin mövcudluğudur. Dövlət müstəqilliyi yalnız hüquqi status deyil, siyasi iradə, iqtisadi imkan, təhlükəsizlik, milli birlik və beynəlxalq mövqelərlə təmin olunan kompleks anlayışdır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində müstəqilliyin qorunması milli ideyanın mərkəzində dayanırdı. Dövlətçilik onun yanaşmasında yalnız dövlət aparatının fəaliyyəti deyil, hər bir vətəndaşın şüurunda və davranışında yaşamalı olan mənəvi-siyasi məsuliyyət idi.

Prezident İlham Əliyevin vurğuladığı "ana xətt" anlayışı həmin ideyanın müasir ifadəsidir. Taktiki vəzifələr və tarixi şərait dəyişə bilər, lakin müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və milli maraqların təmin olunması strateji istiqamət olaraq qalır. Buna görə siyasi varislik keçmişin təkrarı deyil, fundamental prinsiplərin yeni şəraitə uyğun inkişaf etdirilməsidir.

Ümummilli Lider müstəqil Azərbaycanın siyasi və ideoloji əsaslarını möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu əsaslar üzərində iqtisadi, hərbi və diplomatik imkanları daha geniş olan dövlət formalaşdı.


Milli birlikdən Zəfərə


Ümummilli Lider Heydər Əliyevin milli ideologiya konseptində birlik, qürur və vətənpərvərlik mühüm yer tutur. Dövlətçilik şüurunun formalaşması və vətənpərvərliyin cəmiyyətin aparıcı mənəvi keyfiyyətinə çevrilməsi onun düşüncəsinin əsas istiqamətlərindən idi.

2020-ci ilin Vətən müharibəsi milli ideologiyanın praktik gücünü nümayiş etdirən tarixi hadisə oldu. Xalqın vahid məqsəd ətrafında birləşməsi, dövlətə və orduya inam, milli iradənin səfərbər edilməsi Zəfərin mənəvi-siyasi əsaslarından birinə çevrildi. 2023-cü il sentyabrın 20-də baş verən hadisələr isə Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Uzun illər milli ideyanın əsas məqsədlərindən biri olan ərazi bütövlüyü və suverenlik tarixi reallığa çevrildi.

VIII Qurultayın yeni tarixi əhəmiyyəti də bundadır. Artıq söhbət torpaqlarının işğaldan azad edilməsini gözləyən Azərbaycanın deyil, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlətin gələcəyindən gedir. Bu dəyişiklik milli ideologiyanın qarşısında yeni vəzifələr qoyur. Əvvəlki mərhələdə əsas məqsədlərdən biri xalqı müstəqil dövlətçilik ideyası ətrafında birləşdirmək və ərazi bütövlüyünün bərpası hədəfini qorumaq idisə, indi qazanılmış imkanları davamlı inkişafa, milli gücün artırılmasına və gələcək nəsillərin dövlətçilik düşüncəsinin möhkəmləndirilməsinə yönəltmək lazımdır.

Beləliklə, milli ideya artıq yalnız müstəqil dövlət qurmaq və onu qorumaq düşüncəsi deyil, öz suverenliyinə sahib çıxan, milli gücünü artıran və gələcəyini özü müəyyən edən dövlət ideyasına çevrilir.


Milli kimlik və azərbaycançılıq


Heydər Əliyevin milli ideologiya konseptinin əsas dayaqlarından biri azərbaycançılıqdır. Bu anlayış yalnız milli mənsubiyyəti ifadə etmir, müxtəlif sosial, siyasi və mədəni təbəqələri vahid dövlət və milli məna ətrafında birləşdirən dəyər sistemini də ehtiva edir.

Ümummilli Liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri şəxsi qürurdan daha geniş məna daşıyır. Burada milli kimliyin dövlətçilik şüuru ilə birləşdirilməsi ifadə olunur. Azərbaycanlı olmaq bu torpağın tarixinə, dilinə, mədəniyyətinə, dövlətinə və gələcəyinə bağlılıq hiss etməkdir.

Azərbaycançılığın gücü fərqlilikləri aradan qaldırmaqda deyil, onları vahid Azərbaycan dövlətinə bağlılıq müstəvisində birləşdirməkdədir. Son qurultayda milli birlik və xalq-iqtidar birliyi ilə bağlı səslənən fikirlər bu ideyanın müasir siyasi ifadəsi kimi qiymətləndirilə bilər. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Cəmiyyətin ümumi milli məqsədlər ətrafında birləşmək qabiliyyəti də onun davamlılığını təmin edən əsas amillərdəndir.

Azərbaycanın son onilliklərdəki tarixində Qarabağ məsələsi bu birliyin ən mühüm sınaqlarından biri oldu. Nəsillər dəyişsə də, ərazi bütövlüyünün bərpası ideyası milli yaddaşdan silinmədi. Bu gün həmin ideya reallıqdır. Azərbaycan vətəndaşı müstəqil dövlətin, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkənin vətəndaşıdır.


Dil, tarix və milli yaddaş


Milli ideologiyanın davamlılığı üçün siyasi məqsədlərlə yanaşı, milli yaddaş, dil və mədəniyyət də mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Onun üçün ana dili milli varlığın əsas göstəricilərindən biri idi. Dilin qorunması və inkişafı milli kimliyin qorunması deməkdir.

Tarix də yalnız keçmiş hadisələrin ardıcıllığı deyil, milli şüurun formalaşmasının mühüm vasitəsidir. Xalq öz tarixini bilmədən gələcəyini düzgün müəyyənləşdirə bilməz. YAP-ın VIII Qurultayının siyasi məzmununda partiyanın yaradılması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf, ordunun gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmlənməsi, Vətən müharibəsi və suverenliyin bərpası vahid siyasi prosesin mərhələləri kimi nəzərdən keçirilir. Bu yanaşma tarixi yaddaşın bütövlüyünü qoruyur. Milli tarixin mərkəzində dövlətçilik dayanır.


Vətənpərvərlikdən dövlətçilik məsuliyyətinə


Heydər Əliyevin ideoloji irsində vətənpərvərlik Vətəni sevmək hissi ilə məhdudlaşmırdı. O, dövlət qarşısında məsuliyyət, milli maraqlara sədaqət və cəmiyyətə vətəndaşlıq borcu ilə tamamlanırdı. Bu baxımdan yeni nəslin tərbiyəsi xüsusi əhəmiyyət daşıyır. Qələbənin mənasını gələcək nəsillərə düzgün çatdırmaq onun əldə edilməsi qədər vacibdir. Zəfərin davamlılığı yalnız hərbi güclə deyil, onu yaradan milli iradənin qorunması ilə mümkündür.

Gənclərə müharibənin tarixi ilə yanaşı, ona gətirib çıxaran siyasi prosesləri də izah etmək lazımdır. Dövlət müstəqilliyinin asan əldə edilmədiyi, milli suverenliyin siyasi, iqtisadi və mənəvi səylərlə qorunduğu aydın şəkildə çatdırılmalıdır. Beləliklə, vətənpərvərlik emosional münasibətdən dövlətçilik məsuliyyətinə yüksəlməlidir.

Bu məsuliyyət elmə, təhsilə, əməyə, qanunlara hörmətdə, ictimai həmrəylikdə və dövlət maraqlarına bağlılıqda özünü göstərir. Müasir milli ideologiyanın vəzifələrindən biri vətənpərvərliyi məhz bu geniş məzmunda yeni nəslin dünyagörüşünə daxil etməkdir.


İdeoloji təhlükəsizlik və milli şüurun qorunması


Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya məkanı, sosial şəbəkələr, kütləvi mədəniyyət və qlobal kommunikasiya milli şüura birbaşa təsir göstərir. Bu şəraitdə ideoloji təhlükəsizlik xüsusi əhəmiyyət qazanır.

Dahi rəhbərin milli kimliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və dövlətçilik şüurunun möhkəmləndirilməsi ilə bağlı yanaşmaları bu gün də aktuallığını saxlayır. Qloballaşma şəraitində öz kimliyini düzgün dərk edən cəmiyyət xarici təsirlərə qarşı daha dayanıqlı olur.

Milli dəyərlərin qorunması qapalı cəmiyyət qurmaq demək deyil. Ümummilli Lider Heydər Əliyevin konsepsiyasında milli və ümumbəşəri dəyərlərin uzlaşdırılması mühüm yer tuturdu. Müasir Azərbaycan üçün əsas məsələ dünya ilə əlaqələri milli maraqları qorumaqla inkişaf etdirməkdir. Milli ideologiya qlobal dünyada özünü tanıyan, maraqlarını bilən və dövlətinin mövqeyini müdafiə edə bilən vətəndaş yetişdirməlidir.


İqtisadi müstəqillik milli ideologiyanın maddi dayağıdır


Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində iqtisadi inkişaf siyasi müstəqilliyin mühüm təminatlarından biri idi. İqtisadi baxımdan zəif dövlətin siyasi qərarlarında xarici təsirlərin artması mümkündür. Buna görə iqtisadi müstəqillik həm iqtisadi, həm də siyasi kateqoriyadır.

Qurultayda Prezident İlham Əliyevin iqtisadi müstəqilliyi Ümummilli Liderin müəyyən etdiyi strategiyanın mühüm elementi kimi vurğulaması bu yanaşmanın davamıdır. Enerji resurslarından səmərəli istifadə, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, strateji infrastruktur layihələri və regional iqtisadi əlaqələrin genişləndirilməsi dövlətin siyasi imkanlarını artırır. Enerji təhlükəsizliyi də Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən strateji vasitədir.

Müasir mərhələdə güclü dövlət yalnız siyasi iradə və hərbi güclə ölçülə bilməz. O, iqtisadi baxımdan dayanıqlı, texnoloji cəhətdən inkişaf edən və strateji resurslarından səmərəli istifadə edən dövlət olmalıdır.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi milli ideyanın uzunmüddətli məqsədlərindən birinin reallaşmasıdır. Lakin tarixi qələbə yeni məsuliyyətlər də yaradır. Əldə edilmiş siyasi və hərbi üstünlük iqtisadi gücə, sosial rifaha, elmi-texnoloji inkişafa və beynəlxalq nüfuza çevrilməlidir.

Qalib dövlət anlayışı yalnız keçmişdə qazanılmış qələbə ilə müəyyənləşmir. Qələbəni qorumaq, dövlətin gücünü artırmaq, cəmiyyətin inkişafını təmin etmək və gələcək nəsillər üçün daha güclü Azərbaycan yaratmaq da qalib dövlət olmağın ayrılmaz hissəsidir. Bu mənada Ümummilli Lider Heydər Əliyevin milli ideologiya konsepsiyası yeni tarixi mərhələdə daha geniş məzmun qazanır.

Milli birlik yalnız təhlükə qarşısında səfərbərlik deyil, inkişaf naminə həmrəylikdir. Vətənpərvərlik yalnız Vətəni qorumaq deyil, onun inkişafına töhfə verməkdir. Müstəqillik yalnız siyasi suverenlik deyil, iqtisadi, enerji, texnoloji və informasiya imkanlarına sahib olmaqdır. Dövlətçilik isə sərhədləri qorumaqla yanaşı, dövlətin gələcəyini düşünmək və onun gücünü davamlı artırmaq məsuliyyətidir.


Güclü dövlət ideyasından qalib dövlət fəlsəfəsinə


Ümummilli Lider Heydər Əliyevin siyasi düşüncəsində güclü dövlət müstəqilliyin əsas təminatlarından biri idi. Dövlət milli iradənin təşkilatlanmış ifadəsidir. Onun gücü milli birlik, iqtisadi potensial, hərbi imkanlar, siyasi sabitlik və beynəlxalq münasibətlərdə öz maraqlarını müdafiə etmək qabiliyyəti ilə müəyyən olunur.

VIII Qurultayda dövlətçilik, iqtisadi müstəqillik, güclü ordu, milli birlik və beynəlxalq nüfuz vahid dövlət strategiyasının elementləri kimi təqdim olunur. Bu yanaşma Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin məntiqi davamıdır. Lakin bugünkü tarixi reallıq yenidir. Azərbaycan artıq ərazi bütövlüyünün bərpasını qarşısına məqsəd qoyan və bu məqsədə nail olmuş dövlətdir.

Buna görə "güclü dövlət" anlayışı ilə yanaşı, "qalib dövlət" anlayışı da önə çıxır. Qalib dövlət yalnız müharibədə qələbə qazanan olmur, eyni zamanda həmin qələbənin siyasi, iqtisadi, sosial və mənəvi nəticələrini düzgün idarə edən dövlətdir. Qələbəni dayanıqlı sülhə, inkişafa və rifaha çevirmək onun davamıdır. Qarşıdakı mərhələnin əsas vəzifəsi milli gücü qorumaq və artırmaqdır.


Qarabağ Zəfərinin milli ideologiyadakı yeri


Qarabağ məsələsi Azərbaycanın milli ideologiyasının formalaşmasında uzun illər xüsusi yer tutub. İşğal milli yaddaşda yalnız itki kimi deyil, tarixi ədalətin bərpası məqsədi kimi yaşayıb. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində Qarabağ məsələsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi saxlanılması bunun göstəricisidir. Sonrakı mərhələdə Prezident İlham Əliyev bu məsələni uzunmüddətli dövlət strategiyasının əsas prioritetlərindən birinə çevirdi.

2020-ci ilin Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası milli ideologiyanın siyasi məzmununda dönüş yaratdı. Qarabağ ideyası artıq yalnız itirilmiş torpaqların qaytarılması arzusu ilə məhdudlaşmır. O, quruculuq, qayıdış, reinteqrasiya və yeni inkişaf modelinin mühüm hissəsidir.

Beləliklə, mübarizə ideyasının yanında quruculuq, azad etməklə yanaşı bərpa, inkişaf, qələbə ilə yanaşı, sülhü möhkəmləndirmək vəzifələri dayanır. Milli ideologiyanın qarşısında duran əsas sual qazanılmış tarixi üstünlüyün necə davamlı milli gücə çevrilməsidir. Bu suala cavab cəmiyyətin düşüncə sistemində  axtarılmalıdır.


Yeni nəsil və milli ideologiyanın gələcəyi


Milli ideologiyanın gələcəyi ilk növbədə yeni nəslin dünyagörüşündən asılıdır. Tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və dövlətçilik düşüncəsinin ötürülməsi strateji əhəmiyyət daşıyır. Bununla belə, gənclərə milli ideologiyanı yalnız keçmişin qəhrəmanlıq salnaməsi kimi təqdim etmək kifayət deyil. Onlar öz dövlətlərinin tarixini bilməklə yanaşı, onun gələcəyində oynayacaqları rolu da dərk etməlidirlər.

Bu, təhsilin, elmin, innovasiyanın, müasir texnologiyaların, mədəniyyətin və yaradıcılığın milli dövlətçilik konsepsiyasına daxil edilməsini tələb edir. Ümummilli Lider Heydər Əliyevin milli ideologiya haqqında düşüncəsinin davamlılığı onun keçmişlə yanaşı, gələcəyə yönəlməsindədir. Bu gün Azərbaycanın elmi və texnoloji imkanlarının genişləndirilməsi, insan kapitalının inkişafı, iqtisadi rəqabət qabiliyyətinin artırılması, milli mədəniyyətin dünyada tanıdılması və beynəlxalq nüfuzun möhkəmləndirilməsi əsas məqsədlərdəndir.

Müasir vətənpərvərlik Vətəni müdafiə etməklə yanaşı, onu inkişaf etdirməyi də nəzərdə tutur. Əsgərin Vətəni qoruması, alimin yeni texnologiya yaratması, müəllimin savadlı nəsil yetişdirməsi, sahibkarın iqtisadi dəyər yaratması və dövlət qulluqçusunun qanuna sadiqliyi eyni dövlətçilik məntiqinin müxtəlif təzahürləridir. Milli ideologiya cəmiyyətin bütün sahələrini birləşdirən mənəvi çərçivə rolunu oynayır.


Azərbaycançılığın yeni tarixi mərhələsi


Heydər Əliyevin azərbaycançılıq ideyası müstəqil dövlətin vətəndaşlarını vahid milli məna ətrafında birləşdirən ideoloji platforma kimi formalaşıb. Onun əsas gücü həm milli, həm də vətəndaşlıq məzmunu daşımasındadır. Azərbaycançılıq milli mənsubiyyətlə dövlət mənsubiyyətini vahid dövlətçilik anlayışında birləşdirir.

Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra azərbaycançılığın əsas vəzifələrindən biri cəmiyyətin əldə olunmuş tarixi nəticələr ətrafında birliyini qorumaq və bu birliyi gələcək inkişafın sosial dayağına çevirməkdir. "Qalib xalq" olmaq, qələbə ilə fəxr etməklə yanaşı, onun məsuliyyətini dərk etməkdir. Bu, dövlətin gücünü qorumaq, milli həmrəyliyi saxlamaq, gələcək nəsillər üçün daha güclü dövlət yaratmaq və milli maraqları həyatın bütün sahələrində nəzərə almaq deməkdir. Buna görə qaliblik həm hərbi, həm də siyasi-mənəvi anlayışdır.


VIII Qurultay və ideoloji varisliyin yeni mərhələsi


YAP-ın VIII Qurultayını Ümummilli Lider Heydər Əliyevin siyasi düşüncəsi ilə əlaqələndirən əsas məqam ideoloji varislikdir. 1992-ci ildə partiyanın yaradılması Azərbaycanın dövlətçilik böhranından çıxış axtardığı dövrə təsadüf edirdi. Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və müstəqilliyin qorunması istiqamətində ardıcıl siyasət həyata keçirildi.

Sonrakı mərhələdə bu xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazandı. İqtisadi imkanlar genişləndirildi, enerji siyasəti strateji istiqamətə çevrildi, ordu gücləndirildi, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirildi və ölkənin ərazi bütövlüyü ilə suverenliyi bərpa edildi. VIII Qurultay bu tarixi xəttə yeni mərhələdən nəzər salır.

Heydər Əliyevin siyasi xəttinə verilən yüksək qiymət keçmişə ehtiram göstərməklə, eyni zamanda bu, müasir Azərbaycanın hansı siyasi və ideoloji əsaslar üzərində formalaşdığını göstərir. Əsas fikir budur ki, strateji məqsəd dəyişməyib, tarixi şərait dəyişib. Ümummilli Lider dövründə müstəqil Azərbaycan dövlətini qurmaq və qorumaq əsas məsələ idisə, İlham Əliyevin rəhbərliyi dövründə həmin dövlətin gücləndirilməsi və suverenliyinin tam təmin edilməsi ön plana çıxdı. İndi isə daha güclü, inkişaf etmiş və nüfuzlu Azərbaycan qurmaq vəzifəsi dayanır. Siyasi varisliyin mahiyyəti də budur.


Milli ideologiyadan milli gələcək konsepsiyasına


Ümummilli Lider Heydər Əliyevin milli ideologiya konsepsiyası Azərbaycan dövlətçilik düşüncəsinin mühüm siyasi-fəlsəfi əsaslarından biridir. Onun mərkəzində milli kimlik, azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlər, dil, tarixi yaddaş, vətənpərvərlik və müstəqil dövlət ideyası dayanır. Bu prinsiplər yalnız keçmişin irsi kimi qəbul edilərsə, onların siyasi mahiyyəti məhdudlaşar. Milli ideologiyanın gücü dəyişən tarixi reallıqlara uyğun yeni məzmun qazana bilməsindədir.

VIII Qurultay Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin nəticələrini yeni mərhələdən qiymətləndirmək baxımından əhəmiyyətlidir. 1992-ci ildə siyasi təşkilatlanma ilə başlayan yol dövlətin möhkəmləndirilməsindən iqtisadi müstəqilliyə, güclü ordudan tarixi Zəfərə, Zəfərdən isə tam suverenliyə qədər uzanıb. Bu ardıcıllığın arxasında uzunmüddətli siyasi iradə, dövlətçilik düşüncəsi və milli məqsədlərin davamlı  həyata keçirilməsi dayanır.

Bu gün milli ideologiyanın qarşısında yeni vəzifələr var. Müstəqilliyi qorumaqdan onu daha da möhkəmləndirməyə, ərazi bütövlüyünü bərpa etməkdən qalib dövlətin potensialını inkişaf etdirməyə, milli birliyi təhlükə qarşısında səfərbər etməkdən onu inkişaf naminə davamlı həmrəyliyə çevirməyə keçid baş verir. Heydər Əliyevin milli ideologiya konsepsiyası bu keçidin mənəvi-siyasi əsaslarını ehtiva edir, İlham Əliyevin siyasi xətti isə həmin konsepsiyanın yeni tarixi şəraitdə praktik ifadəsini ortaya qoyur.

Bu baxımdan, VIII Qurultay YAP-ın siyasi fəaliyyətinin növbəti mərhələsini müəyyənləşdirən hadisə olmaqla, Ümummilli Lider Heydər Əliyev siyasi irsinin müasir Azərbaycan dövlətçiliyində necə davam etdiyini və milli ideologiyanın qalib dövlət mərhələsində hansı məzmun qazandığını göstərir.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi müstəqil Azərbaycanın əbədi və dönməz olması ideyasına söykənirdi. Bu gün həmin ideya daha geniş məna daşıyır. Müstəqil Azərbaycan öz dövlətini qoruyan, gələcəyini müəyyən edən, milli gücünü inkişaf etdirən, suverenliyini təmin edən və qlobal dəyişikliklər qarşısında öz sözünü deyən dövlətdir.

Milli ideologiyanın müasir mərhələdə əsas vəzifəsi qələbəni yaddaşa, suverenliyi dövlətçilik şüuruna, dövlət gücünü davamlı inkişafa, milli qüruru isə gələcək məsuliyyətinə çevirməkdir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı milli ideologiya Azərbaycanın keçmişini bu günü ilə, bu gününü isə gələcəyi ilə birləşdirən canlı dövlətçilik düşüncəsidir. VIII Qurultay prizmasından baxanda bu düşüncənin mühüm nəticəsi aydın görünür. Heydər Əliyevin milli dövlətçilik ideyası Prezident 

İlham Əliyevin siyasi xəttində ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, gələcəyə inanan və öz gücünə söykənən qalib Azərbaycan obrazında da ifadəsini tapır.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əsl Azərbaycan şəhəri - Xankəndi

09:00
13 Oktyabr

ZƏFƏR gündəliyi    

08:50
13 Oktyabr

Sabaha uzanan polad magistral yollar

08:40
13 Oktyabr

Azərbaycan beynəlxalq tədbirlərin fəal iştirakçısıdır

08:30
13 Oktyabr

Bu həm də qarşılıqlı etibar və etimad idi

08:20
13 Oktyabr

Azərbaycan-Kamboca əlaqələri dinamik inkişaf edir

08:10
13 Oktyabr

Heydər Əliyev siyasi irsi və milli ideologiyanın müasir mərhələsi

08:00
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında

01:33
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:32
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:31
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
13 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:29
13 Oktyabr

"Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba Xəzəryanı" MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:27
13 Oktyabr

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:26
13 Oktyabr

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:24
13 Oktyabr

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

21:36
12 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

19:59
12 Oktyabr

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

19:54
12 Oktyabr

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!