09 May 2023 09:00
2430
SİYASƏT
A- A+

Heydər Əliyev irsi  xalqımızın milli sərvətidir

 

Müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrini təşkil edir. O, xalqını, dövlətini bütün varlığı ilə sevən, öz mənalı ömrünü xalqına, onun inkişafına həsr edən, dövlətimizin müstəqilliyinin qorunması və əbədiliyinin təmin olunması üçün fədakarcasına çalışan böyük bir dövlət xadimi, əvəzolunmaz lider olmuşdur.

Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, onun əməlləri, xalqı qarşısında xidmətləri konkret zaman sərhədlərinə sığmır. Heydər Əliyevin ideyaları daim yaşayır, həm xalqımızın dünəni, həm bu günü, həm də gələcəyi ilə səsləşir. O, xalqımızın yaddaşında, milli şüurumuzda əbədilik hüququ qazanmışdır. Heydər Əliyev xalqının taleyini dəyişdirən böyük lider, əvəzolunmaz şəxsiyyətdir. O, bir-birindən kəskin fərqlənən formasiyalarda Azərbaycana çox böyük uğurla rəhbərlik etmişdir. Bu, Heydər Əliyevin nə qədər böyük istedada, idarəetmə qabiliyyətinə və yüksək liderlik keyfiyyətlərinə malik olduğunu göstərir. Həm 1969-82-ci illərdə, həm də müstəqlliyimizin bərpasından sonrakı dövrdə Ulu Öndərin bütün fəaliyyətinin nüvəsini xalqımızın parlaq gələcəyinin, qüdrətli bir dövlət kimi Azərbaycanın inkişafının təmin edilməsi təşkil etmişdir.

 

Azərbaycan tarixində dönüş nöqtəsi

 

1969-cu ilin iyul plenumu ərəfəsində Azərbaycan keçmiş ittifaq miqyasında ən geridə qalmış aqrar respublikalardan biri idi. Respublika həyatının bütün sahələrində ciddi tənəzzül meyilləri baş qaldırmış, xüsusilə iqtisadiyyat dərin böhran mərhələsinə qədəm qoymuşdu. Təbii ki, belə bir məqamda vəziyyəti dəyişdirmək, prosesləri müsbət məcraya yönəltmək üçün dərin biliklərə, yüksək idarəetmə qabiliyyətinə və sarsılmaz iradəyə sahib rəhbərə ehtiyac duyulurdu. Yalnız bu ali keyfiyyətlərə malik olan şəxsiyyətin liderliyi ilə xalqın vahid məqsəd naminə təşkilatlanmasına nail olmaq və respublikanın taleyində dəyişiklik etmək mümkün idi. Ona görə də Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbər seçilməsinin tarixi əhəmiyyəti olduqca böyük idi və biz həmin dövrü xarakterizə edərkən haqlı olaraq onu Azərbaycan tarixində dönüş nöqtəsi kimi dəyərləndiririk.

Çox qısa zaman ərzində Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda geniş vüsət alan islahatlar, iqtisadi və sosial sahələrdə əldə edilən nailiyyətlər xalqın maddi-rifah halının keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirmişdir. Heydər Əliyevin idarəçilik modelinin üstün keyfiyyətlərindən biri ondan ibarətdir ki, o, məsələlərə daim konseptual yanaşır, onların həllinə islahatlar yolu ilə nail olunmasına üstünlük verirdi. 1970-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın iqtisadi inkişafını təmin etmək məqsədilə çoxşaxəli inkişaf konsepsiyası hazırlanmış və icrasına başlanılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına mənfi təsir göstərən meyillər müəyyənləşdirilərək aradan qaldırılmış, ənənəvi təsərrüfat sahələrinin səmərəli fəaliyyətinin bərpası ilə yanaşı, yeni istehsal sahələri yaradılmışdır.

Qlobalmiqyaslı şəxsiyyət, böyük siyasət ustası Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərk, xalqın tarixi yaddaşının özünə qaytarılması təşkil etmişdir. Bu gün müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir konsepsiya şəklində irəli sürülməsi və icrası da azərbaycanlı olması ilə həmişə fəxr etmiş, milli kimliyimizi fəxarət mənbəyinə çevirmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan cəmiyyətinin milli özünüdərkə dönüşü, Azərbaycan xalqının gerçək tarixinin öyrənilməsi, milli ədəbiyyat nümunələrinin, adət-ənənələrinin təbliğ olunması, milli ruhun oyanması mərhələsinin əsası da ötən əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1970-ci illərin əvvəllərindən etibarən Heydər Əliyev Azərbaycan dilini dövlət, sovet və partiya orqanlarında işlək dilə çevirməyə başladı. 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsinin daxil edilməsi Ulu Öndər Heydər Əliyevin qətiyyətinin, onun öz xalqına olan sonsuz sevgisinin daha bir örnəyi idi. Həmin dövrdə bu məsələni həll etməyə yalnız Heydər Əliyev kimi böyük lider nail ola bilərdi. Biz onun xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi irsinə münasibətdə ortaya qoyduğu mövqedə də xalqına, millətinə böyük sevgisinin şahidi oluruq.

O, dövlət idarəetmə sisteminin milliləşdirilməsinə və milli kadr potensialının hazırlanmasına daim xüsusi diqqət göstərmişdir. 1969-82-ci illərdə azərbaycanlı gənclərin Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı ali elm və təhsil ocaqlarına göndərilməsi Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşdırılmasına xidmət etmiş, həmin dövrdə yaxşı təhsilə yiyələnmiş kadrlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə quruculuq və inkişaf proseslərində fəallıq göstərmişlər. Azərbaycanın yüksək peşəkarlığa malik hərbi kadrlarının hazırlanması istiqamətində ilkin addımlar da həmin dövrdə atılmışdır. Ulu Öndər Heydər Əliyev böyük cəsarət və uzaqgörənliklə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail olmuş, bununla yanaşı, gənc azərbaycanlı oğlanların ittifaq miqyasında tanınmış ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirmişdir. Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə demişdir: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər".

Beləliklə, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 1969-82-ci illər, Heydər Əliyevin təbirincə desək, Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikanın müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün sarsılmaz bir zəmin formalaşdırmışdır. Möhtərəm Prezident İlham Əliyev Ulu Öndərin həmin dövrdəki xidmətlərini təhlil edərkən demişdir: "Sanki o, Azərbaycanın gələcəyini görürdü. Sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, xalqımız azad olacaq. Azərbaycan dünya birliyinin üzvü olacaqdır".

 

Heydər Əliyevin varlığı Azərbaycana qarşı 
separatizm və işğal  planlarını alt-üst edirdi

 

Heydər Əliyevin respublikamıza böyük uğurla rəhbərlik etməsi, yüksəksəviyyəli idarəçilik qabiliyyəti, şəxsiyyətinə olan böyük hörmət onun keçmiş ittifaq miqyasında da nüfuzunun getdikcə artmasını və ittifaq rəhbərliyinə qədər yüksəlməsini şərtləndirmişdir. Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə çalışarkən keçmiş ittifaq miqyasında ən böyük layihələrə, strateji əhəmiyyətli tədbirlərə məhz Heydər Əliyev rəhbərlik etmiş, üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirmişdir.

1987-ci ilin oktyabrında Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Bundan sonra xalqımız üçün problemlər, çətinliklər başlamış, respublikamıza qarşı o vaxta qədər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, güclü Heydər Əliyev amilinin qarşısını aldığı təxribat planları, məkrli iddialar baş qaldırmışdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər, separatçı meyillər geniş vüsət almışdır. Möhtərəm Prezident İlham Əliyev o dövrü təhlil edərkən, vurğulamışdır ki, Heydər Əliyevin varlığı, onun sovet rəhbərliyində böyük nüfuza malik olması Azərbaycana qarşı separatizm və işğal planlarını alt-üst edirdi. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş erməni separatçıları məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin. Bizim xalqımızın bəlaları o gündən başladı.

1980-ci illərin sonunda Azərbaycana qarşı ermənilərin işğalçılıq siyasəti baş qaldırmağa başladı və zaman keçdikcə ermənilər tərəfindən törədilən təxribatların miqyası daha da genişləndi.

1990-cı ilin 20 yanvar tarixində isə Azərbaycan xalqına qarşı qanlı qırğınlar törədildi. 20 Yanvar faciəsinə ilk etiraz səsini ucaldan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. O, hadisənin ertəsi günü - yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləmiş, onun törədilməsi səbəblərini, təşkilatçılarının, günahkarlarının adını açıq mətnlə bəyan etmiş, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verərək, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmışdı. Bu tarixi çıxış, Heydər Əliyev kimi böyük bir şəxsiyyətin bəyanatı dünya ictimai rəyini xalqımıza qarşı törədilən bu qanlı qırğınlara yönəltmiş, beynəlxalq ictimaiyyət Ulu Öndər tərəfindən məlumatlandırılmışdır. Ümummilli Lider bu qanlı cinayətə etiraz olaraq, daha bir cəsarətli addım ataraq, özünə və ailə üzvlərinə qarşı təzyiqlərə baxmayaraq, kommunist partiyasının sıralarını tərk etmişdir.

Heydər Əliyev həmin il iyulun 20-də Bakıya dönsə də, respublikanın ovaxtkı rəhbərliyi onun Bakıda yaşamasına imkan verməmiş və iyulun 22-də Ulu Öndər Heydər Əliyev doğulduğu Naxçıvan Muxtar Respublikasına getmişdir. Baxmayaraq ki, Ulu Öndər özünün də dediyi kimi, Azərbaycana öz xalqının yanında olmağa və azadlıq uğrunda mübarizəsinə qoşulmağa gəlmişdi, müəyyən dairələrin direktivləri ilə hərəkət edən hakimiyyət qüvvələri onun nüfuzundan, xalqımızın öz liderinə sonsuz sevgisindən narahat olur, hər vəchlə Heydər Əliyevin fəaliyyətinə maneələr yaratmağa, bəzi hallarda isə təxribatlar törətməyə cəhdlər edirdilər. Bütün bunlar təbii ki, Heydər Əliyev kimi nəhəng siyasətçini öz yolundan döndərə bilməzdi və o, xalqımızı həqiqi azadlığa aparacaq yolda qətiyyətlə irəliləyirdi.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvana dönüşü onun xilaskarlıq missiyasının növbəti mərhələsini təşkil edir. Çünki həmin dövrdə onsuz da respublikada vəziyyət çox gərgin idi. Sirr deyil ki, ermənilərin Azərbaycana qarşı işğal planlarında Naxçıvan ilk sıralarda dayanırdı. Mərkəzi hakimiyyətin məsuliyyətsiz yanaşması Naxçıvanı daha ağır ssenarilərlə üz-üzə qoymuşdu. Heydər Əliyevin Naxçıvana qayıtması bütün məkrli planları alt-üst etdi və muxtar respublika Heydər Əliyevin müdrikliyi, cəsarəti sayəsində xilas oldu.

1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyada muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında çox böyük xidmətlər göstərmiş, müstəqilliyin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfələr vermişdir.

 

Ulu Öndər Heydər Əliyevin liderliyi ilə
 
Azərbaycan xalqı öz milli dövlətini qurmağı, qorumağı və yaşatmağı bacarmışdır

 

Bu gün dünyada 4 mindən artıq xalq mövcuddur və heç də bu xalqların hamısı dövlət qurmaq, öz dövlətinə sahib olmaq xoşbəxtliyini yaşamayıb. Bu sırada tarixin müəyyən dövrlərində öz milli dövlətini yaratmış, lakin sonradan onu qorumağı bacarmayaraq, başqa bir dövlətin tərkibində yaşamağa məcbur olmuş xalqlar da var.  Dünyanın qabaqcıl xalqlarının inkişaf və təkamül tarixinə nəzər salanda, bir inkarolunmaz gerçəklik də aydın şəkildə özünü göstərir ki, bu da xalqların intibahında liderlərin əvəzolunmaz roludur. Liderlər ən mürəkkəb anlarda, mənsub olduqları xalq tarixi seçim qarşısında qalanda onu zamanın burulğanlarından uğurla çıxarır, öz xalqının dünya xalqları sırasında yerini müəyyənləşdirir. Azərbaycan xalqı üçün belə bir lider, zamanın fövqündə dayanan nəhəng şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Əgər bu gün müstəqil Azərbaycan dövləti yaşayırsa, inkişaf edirsə, bu ilk növbədə Heydər Əliyevin titanik fəaliyyəti, onun ölməz ideyaları ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində - Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində ölkəmizdə baş verən hadisələri yenidən nəzərdən keçirsək, Ulu Öndər Heydər Əliyevin nə qədər mürəkkəb bir tarixi şəraitdə hansı böyük tarixi missiyanı yerinə yetirdiyini bir daha dərk edərik. Bu, o dövr idi ki, Azərbaycanın dövlət müstəqilliyi, milli dövlətçiliyimiz yenidən təhlükə ilə üzləşmiş və Azərbaycan əsrin əvvəllərində yaşadığı sonluğa doğru sürüklənirdi. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. Ölkədə cərəyan edən gərgin ictimai-siyasi hadisələr həyatın bütün sahələrində dərin böhran meyilləri ilə müşayiət olunurdu. Respublikada siyasi və hərbi vəziyyət daha da gərginləşmiş, hakimiyyət böhranı baş vermiş, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Hərbi hissələrdə nizam-intizamın zəifləməsi, orduda vahid komandanlığın və təşkilatçılığın olmaması Ermənistanın işğalçılıq siyasətinin və ərazilərimizin işğalının daha da genişlənməsinə gətirib çıxarmışdı. Respublikanın bir çox rayonlarında qanun pozuntuları, hakimiyyətə yaxın qrupların özbaşınalığı, hərc-mərclik və zorakılıq hallarının artması dövlətin hələ kövrək olan sütunlarını tamamilə sıradan çıxarmışdı. O dövrdə hakimiyyəti qəsb etmiş qüvvələr Azərbaycanın üzləşdiyi problemləri aradan qaldırmaq iqtidarında deyildi. Ona görə də Azərbaycan xalqı ölkəmizi bu qədər ağır problemlər girdabından yalnız özünün inandığı, bacarığına və şəxsiyyətinə dərin etimad göstərdiyi böyük oğlu Heydər Əliyevə üz tutdu və onu təkidlə hakimiyyətə dəvət etdi. Məhz Heydər Əliyevin liderliyi ilə Azərbaycan xalqı öz milli dövlətini qurmağı, qorumağı və yaşatmağı bacarmışdır. Bu gün Azərbaycan dövləti müstəqil bir dövlət kimi yaşayırsa və inkişaf edirsə, bu, ilk növbədə "Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir" deyən Ulu Öndər Heydər Əliyevin gərgin zəhmətinin, fədakarlığının və qətiyyətinin nəticəsidir.

 

Heydər Əliyev milli enerjini milli gücə  çevirməyi, cəmiyyəti vahid amal və 
milli ideya ətrafında səfərbər etməyi  müvəffəqiyyətlə bacarmışdır

 

Heydər Əliyev hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, hər zaman xalqın iradəsinə arxalanır, gücünü xalqın birliyindən alırdı. Ulu Öndər milli enerjini milli gücə çevirməyi, cəmiyyəti vahid amal və milli ideya ətrafında səfərbər etməyi müvəffəqiyyətlə bacarırdı. Heydər Əliyev böyük dövlət xadimi və təcrübəli siyasətçi kimi onu da gözəl bilirdi ki, hər bir cəmiyyətin, dövlətin inkişafının təməlində sabitlik amili dayanır. Sülh və əmin-amanlıq olmayan yerdə inkişafdan danışmaq mümkün deyil. Bunun yolu isə milli birlikdən, vətəndaş həmrəyliyindən keçir. Ümummilli Lider dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçiləndən sonra xalqı müstəqilliyin qorunması və onun əbədiliyinin təmin edilməsi vəzifəsi uğrunda yumruq kimi birləşdirərək, tarixi bir missiyanı uğurla yerinə yetirməyə nail olmuşdur.

Heydər Əliyevin rəhbərliyi ilə çox qısa zamanda respublikamızda vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və ictimai-siyasi sabitlik təmin olunmuş, Azərbaycanın inkişaf strategiyası hazırlanmış, çoxşaxəli islahatlar kursu həyata keçirilməyə başlanmışdır. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və enerji ehtiyatlarının ölkənin inkişafına, onun potensialının yüksəldilməsinə yönəldilməsi Azərbaycana xarici sərmayələrin cəlb olunmasına, iqtisadiyyatın müxtəlif sahələrinə böyük həcmlərdə sərmayə qoyuluşunun təşviq olunmasına, neft gəlirlərinin insan kapitalının formalaşdırılmasına yönəldilməsinə geniş imkanlar yaratmışdır. Heydər Əliyev yeni şəraitdə ölkənin xarici siyasət istiqamətlərini müəyyənləşdirmiş, Azərbaycanın beynəlxalq münasibətlərinin yaradılması və inkişafı istiqamətində yorulmadan fəaliyyət göstərmişdir. Həmçinin gənc respublikamızın demokratik inkişafı, ölkəmizdə hüquqi dövlət və cəmiyyət quruculuğunun möhkəm təməllərinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ölkəmizdə Azərbaycanda hakimiyyət bölgüsünün, qanunun aliliyinin, insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, demokratik institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratmışdır.

1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər Azərbaycanda sabitlik və əmin-amanlığın təmin olunması ilə yanaşı, ölkənin müstəqil inkişaf relslərinə çıxarılmasını, bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirmişdir. Bu gün Azərbaycanda həyatın elə bir sahəsi, elə bir platforma yoxdur ki, orada Heydər Əliyevin gərgin zəhməti, onun parlaq izləri görünməsin. Ona görə də müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var olduqca, yaşadıqca, Heydər Əliyevin şərəfli adı yaşayacaq!

 

Azərbaycan parlamentarizm  tarixinin şərəfli mərhələsi

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərliyi bir neçə ayı əhatə etsə də, bu dövr qanunverici orqanın tarixində müstəsna əhəmiyyətə malikdir və parlamentarizm tariximizin şərəfli bir mərhələsini təşkil edir. Heydər Əliyevin Ali Sovetin sədri kimi fəaliyyəti dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə yönəlmişdi. O, Ali Sovetin iclasındakı çıxışında qeyd etmişdir: "Ali Sovetin sədri kimi, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm".

Azərbaycanın qanunverici orqanının demokratik, milli maraqları müdafiə edən təsisat kimi fəaliyyətinin əsasları məhz həmin tarixdən qoyulmuşdur. Ölkənin bu gərgin vəziyyətində proseslərin mərkəzində parlament dayanırdı, xalqın nəzər-diqqəti bura yönəlmişdi. Çünki Azərbaycan xalqı görürdü və bilirdi ki, o dövrə qədər siyasi intriqaların, hakimiyyəti zəbt etmiş siyasi qrupların şəxsi mənafe çəkişmələrinin mərkəzində dayanan parlament Heydər Əliyevin rəhbərliyi ilə tamamilə yeni bir ampluada çıxış etməyə başlamış və onun demokratik imici bərpa olunmuşdu. Parlamentin rəhbəri böyük fədakarlıq və cəsarət göstərərək yorulmadan xalqı düşdüyü bu ağır durumdan xilas etməyə çalışırdı. Heydər Əliyev qısa müddətdə parlamentin ruhunu kökündən dəyişmiş, Milli Məclisə siyasi mədəniyyət gətirmişdir.  Bu dövrdə qanunvericilik sahəsində bir çox mühüm addımlar atılmış, ordu quruculuğu sahəsində vacib qərarlar qəbul edilmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edilmiş, baş verən hadisələrə hüquqi, siyasi qiymət verilməsi istiqamətində müvafiq qərarlar qəbul olunmuşdur.

Bu dövrdə həmçinin ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Parlamentdə keçən gərgin müzakirələrin xalqa olduğu kimi təqdim olunması, cəmiyyətin baş verənlər haqqında müfəssəl məlumatlar əldə etməsi üçün iclasların, parlament tədbirlərinin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, televiziya efirindən canlı yayımlanmasına şərait yaradıldı. Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını müəyyənləşdirir, keçirdiyi görüşlərdə ölkəmizin mənafeyini qətiyyətlə müdafiə edirdi. O, mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü. Beləliklə, Azərbaycan parlamentarizm tarixinin Heydər Əliyev zirvəsi kimi dəyərləndirdiyimiz bu dövrdə ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyulmuşdur.

 

Azərbaycan xalqı Ümummilli Liderin 
100 illik yubileyini tarixi nailiyyətlərlə qeyd edir

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətləri sırasında ən vacib, hətta ölkəmizin gələcək inkişafının təmin olunması baxımından taleyüklü məsələlərdən biri də onun Azərbaycana növbəti illərdə uğurla rəhbərlik edəcək siyasi varis yetişdirməsi olmuşdur. Möhtərəm Prezident İlham Əliyev Heydər Əliyev siyasətini dövrün tələblərinə və yeni şərtlərinə uyğun müasirləşdirərək uğurla davam etdirmiş və Azərbaycana özünün çoxəsrlik dövlətçilik tarixində ən böyük uğurları qazandırmışdır. 2003-cü ildə ali kürsüdə fəaliyyətə başlayarkən "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir" deyən möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı möhkəm təməllərə istinad edərək, onun yolunu, siyasətini davam etdirərək, yeni əsrdə, yeni tarixi şəraitdə Azərbaycan dövlətçiliyi qarşısında duran bütün taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu gün Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində möhtəşəm uğurlar qazanmış, dünyada layiqli yerini tutmuş, sözünə güvənilən, etibarlı bir dövlətə çevrilmişdir.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda dövlətimizin başçısı çıxışı zamanı qeyd edib ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik.

Bəli, Heydər Əliyev həmişə inanırdı və qətiyyətlə bəyan edirdi ki, işğal altında olan torpaqlarımız azad olunacaq. O, işğalın müvəqqəti olduğunu və Azərbaycan xalqının öz dədə-baba yurdlarına qayıdacağını əminliklə bildirirdi. Bunun üçün isə bütün mümkün vasitələrdən istifadə edirdi, diplomatik, hərbi, siyasi cəbhələrdə lazımi addımları atırdı. İndi Ulu Öndərin ruhu şaddır! Bu gün torpaqlarımız azad olunub, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi zəfər və torpaqlarımızın azad olunması çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. Həmin tarixin böyük bir salnaməsi Ulu Öndər Heydər Əliyevin şərəfli adı və ölməz ideyaları ilə bağlıdır. Azərbaycan Ulu Öndərin ən sadiq silahdaşı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin görmək istədiyi qüdrətli, güclü dövlətə çevrilmişdir.

Bildiyimiz kimi, 2023-cü il möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilib. Bu gün Azərbaycan xalqı öz liderinin 100 illik yubileyini tarixi nailiyyətlərlə qeyd edir. Ulu Öndər Heydər Əliyev xalqımızın milli qürur və iftixar mənbəyi, Heydər Əliyev irsi xalqımızın milli sərvətidir.

O, Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifələrini təşkil edən, ölkəmizin  müstəqillik və inkişaf salnaməsinin yazıldığı şərəfli bir dövrü əhatə edir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".

 

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video