Xalq şairi Rəsul Rzanın (Rəsul İbrahim oğlu Rzayev) doğum tarixi sənədlərdə 1910-cu il 19 may kimi qeyd olunub. Özü “Poeziya zəhmət və ilhamdır" avtobioqrafik qeydlərində bildirib: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.
O, Göyçay rayonunda dünyaya gəlib. Ata tərəfdən Məmmədxanovlar nəslindən idi. Atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla məşğul olub.
Poetik istedad ona anası Məryəmdən keçib. Sonralar şair bu barədə yazıb: “İndi yaddaşımın səhifələrini vərəqlədıkcə mən bir daha inanıram ki, mənim könlümə şeirə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir”. Şair təbli Məryəm oxumağı bilsə də, yazmağı bacarmayıb. Öz şerlərini əzbər yadda saxlayıb. Onun güclü hafizəsində həm də Azərbaycanın neçə-neçə istedadlı şairinin şeirləri vardı. Rəsul Rza uşaqlıqdan Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, Xurşidbanu Natəvanın şeirlərini anasının dilindən eşitdiyini yazıb. Rəsul Rza öz tərcümeyi-halında evlərinə qəzet və jurnallar gəldiyini, “Molla Nəsrəddin”, rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini aldıqlarını da qeyd edib. O, belə bir mühitdə boya-başa çatıb.
Məktəbə altı yaşında gedib. On dörd yaşında oxumaqla yanaşı, həm də şəhər kitabxanasında çalışıb. 1925-ci ildə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olsa da, təhsilini tamamalamayıb. Bir neçə aydan sonra evə, anasının yanına dönüb. 1930-cu ildə Bakıya gəlib. Məktəb yoldaşı, şair Abdulla Faruq onu Mikayıl Müşfiq, Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Əli Nəzmi, Mirzə İbrahimov, Mikayıl Rəfili və başqaları ilə tanış edib.
Rəsul Rza tərcüməçi kimi işə düzəlib. "Gənc işçi" qəzeti redaksiyası onu həm də ədəbi mühitə daha da yaxınlaşdırıb.
"Bu gün" adlı ilk şeri 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının "Qığılcım" almanaxında dərc edilib. “Yeni fikir” qəzetində də şeirləri və hekayələri işıq üzü görüb. Çalışdığı "Gənc işçi" qəzetdə isə "Avropanın ölüm çağı", "Bir avqusta", "Qara yelin xəbəri" və digər şeirləri dərc olunub. Həyatı mübarizələr içərisində keçən şair yazıb:
Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında...
Bədii yaradıcılıqla yanaşı, təhsilini də davam etdirib. 1927-1937-ci illərdə Tiflisdəki Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Tibb İnstitutununun hazırlıq kursunda, Tibb İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Kino Akademiyasında təhsil alıb.
Rəsul Rza Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939) vəzifələrində çalışıb. O, 1941-ci ilin sonlarında bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma yollanıb, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışıb, cəbhə qəzeti "Döyüşən Krım"da fəaliyyət göstərib. Tez-tez müxbir kimi ön cəbhə xəttinə gedib.
Sonralar Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, "Novosti" Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olub.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, doyünməsəm
ölərəm.
- deyə yazan şair 1981-ci il aprelin 1-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”