Şəxsi gigiyena qaydaları sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Bir çox xəstəlik törədən mikroblar şəxsi gigiyenasına fikir verməyən insanların orqanizmində daha asan məskunlaşır və çoxalır.
Sağlamlığı qorumaq üçün mütəmadi olaraq saç, bədən, ağız və dişləri təmizləmək, paltarları yumaq lazımdır. Şəxsi qulluq və gigiyena qaydalarına riayət etmək təkcə fiziki sağlamlıq üçün deyil, həm də psixi sağlamlıq üçün çox vacibdir. Sağlamlığı qorumaq üçün görülən təmizlik işləri ümumilikdə gigiyena adlandırılır. Gigiyena sözünün mənşəyi isə yunan mifologiyasına əsaslanır. Rəvayətə görə, adını təbabətin atası sayılan Asklepiosun (Asklepion) qızı Hygieadan alıb. Hygiea sağlamlığı qoruyan və insanların sağlamlığının pisləşməsinin qarşısını alan tanrıçadır.
Şəxsi gigiyena
Şəxsi gigiyena xəstəlik törədən mikrobların orqanizmə keçməsinin və ətraf mühitə yayılmasının qarşısını almaq üçün lazımi təmizlik qaydaları çərçivəsində müəyyən qayğıların həyata keçirilməsi deməkdir.
Gigiyenaya ən çox diqqət etməmiz olan hissələr əllər, alın, baş dərisi, ağız, qoltuqaltı, burun içi və sairədir. Şəxsi gigiyena qaydaları bu hissələrdə, eləcə də tüpürcəkdə olan mikroorqanizmlərin bədənimizdə xəstəliklərə səbəb olmasının qarşısını almaq üçün ilk vacib addımdır. Ümumiyyətlə, təmiz olmaq, gigiyena qaydalarına riayət etmək bütövlükdə insanın öz bədəninə, sağlamlığına və ətrafındakı insanlara hörmət etməsi anlamına da gəlir.
Şəxsi qulluq və gigiyena düzgün aparılmadıqda ishal və həzm sistemi pozğunluqları, tənəffüs yolları xəstəlikləri, dəridə mikrob, parazitar, göbələk və allergik xəstəliklər yaranır. Odur ki, şəxsi gigiyena qaydaları ilə bu xəstəliklərə tutulma riskini xeyli azaltmaq olar.
Sadəcə əlləri yumaqla bir çox xəstəliyin qarşısını almaq mümkündür
Müasir dünyamızın sınağı olan COVID-19 pandemiyası da bir daha sübut etdi ki, insanlara ümumi gigiyena qaydaları çərçivəsində əllərin düzgün yuyulması təcrübəsinin öyrədilməsi ilə xəstəliklərin ötürülməsini xeyli azaltmaq olar. Müşahidələr də sübut edir ki, əl və dırnaq gigiyenası insanlar tərəfindən ən çox diqqətdən kənarda qalan şəxsi gigiyena qaydalarından biridir.
Araşdırmalara görə, insanların 32 faizinin tualetdən, 47 faizinin isə “fast food” istehlak edilən yerlərdə yemək yedikdən sonra əllərini yumadığı və ya əl yuma müddətinin kifayət qədər qısa olduğu müəyyən edilib.
Əllər təmizlənməsi üçün axar suyun altında ən azı 20 saniyə sabun və su ilə yuyulmalıdır. Əllərin yalnız su ilə yuyulması görünən kirlərin çıxarılmasını təmin edir. Əsl təmizliyə sabun su ilə birlikdə istifadə edildikdə nail olmaq olur. Təmizləndikdən sonra əllər qurudulmalıdır.