01 Aprel 2023 01:24
1361
Mədəniyyət
A- A+
Gülə-gülə bu dünyadan köçən sənətkar

Gülə-gülə bu dünyadan köçən sənətkar

 

Yoxluğundan bizi 40 illik bir zaman ayırsa da, adı çəkiləndə istər-istəməz adamın üzü gülür. Baxışları, danışığı, hərəkətləri, səs tembpri, hətta yerişi belə fərqli idi. Sanki Tanrı onu aktyorluq, insanlara gülüş, xoş ovqat bəxş etmək üçün yaratmışdı. Söhbət öz peşəsinə sonsuz sevgisi, bənzərsiz fitri istedadı, yaratdığı çoxsaylı obrazları ilə aktyorluq sənətinin zirvəsini fəth edərək adını mədəniyyət tariximizə əbədi olaraq yazmış Əliağa Ağayevdən gedir. 
Əliağa Ağayev ifaçı aktyor yox, yaradıcı təfəkkürə malik sənətkar idi. O, yaratdığı ən xırda obraza belə xarakter verirdi. Aktyorun qəhrəmanları əbədiyaşarlıq statusu alırdı. Onun sənətkarlığı, böyüklüyü onda idi ki, tamaşaçı bu insanın yaratdığı qəhrəmanları başqa aktyorların ifasında qəbul edə bilmirdi. "O olmasın, bu olsun" filmindəki Məşədi İbad obrazını Azərbaycan kino sənətinin uğuru kimi qəbul etmək olar. Aktyorun rol aldığı ən kiçik epizod belə, illərlə tamaşaçının hafizəsinə həkk olub həyata vəsiqə alırdı. "Əhməd haradadır?" filmindəki kassir obrazını Əliağa Ağayev canlandırıb. Filmin ekran həyatı yaşamasından 60 il keçsə də, bu epizodu xatırlamayan kinosevər tapılmaz.
Əliağa İsmayıl oğlu Ağayev 1913-cü ildə martın 22-də Bakıda anadan olub. Erkən yaşlarından atasını itirib. Yeddinci sinfi bitirdikdən sonra Paris Kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. Əmək fəaliyyətinə gəmi təmiri zavodunda çilingər kimi başlayıb. Əliağa Ağayevin canayatımlı şirin səsi var idi. Rol aldığı səhnələrdə mahnıları özü ifa edərdi. Elə zavodda işləyəndə ona aktyorluq sənətinə cığır açmaqda səsi kömək etmişdi. Bəm və şirin zümzüməli səslə işdə dodaqaltı züm-zümə edən Əliağanın iş yoldaşları onun istedadını hiss edib zavodun dram dərnəyinə yazılmasını məsləhət biliblər. Aktyorun ilk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qara obrazı olub. Beləliklə, Əliağa Ağayevin Hacı Qara ilə başlayan aktyorluq fəaliyyəti yüzlərlə yaddaqalan obrazın tamamlanması ilə 1983-cü ilin 13 noyabrında başa çatıb.
1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə işə qəbul olunan görkəmli gülüş ustası peşəkar səhnədə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" əsərində çıxış edib. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq mühitinin inamını qazanan Əliağa Ağayev az sonra əksər tamaşalarda rol alıb. Aktyor Gənc Tamaşaçılar Teatrında klassik milli və dünya dramaturqlarının əsərlərində bir-birindən fərqlənən maraqlı, koloritli silsilə rollar yaradıb.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin operettası əsasında çəkilmiş "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı aktyora nəinki respublikamızda, hətta dünyada böyük şöhrət qazandırıb. Bu filmdəki Məşədi İbad obrazını yaradan aktyor Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrında işə qəbul olunub. Milli Dram Teatrının səhnəsində aktyorun ilk rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında Abış Surxayeviç obrazı olub.
Əliağa Ağayevə bəzən komediya ustası, gülüş aktyoru deyilir. Məsələ burasındadır ki, onun sənətinin sərhədi yox idi. O, əsl sənətkar idi. Komediyalarda, satirik səhnələrdə güldürməyi bacardığı kimi, dramatik rolları ilə insanları düşündürməyi də bacarırdı. Onun gülüşü yüngül, mənasız güldürmək xatirinə deyildi. Əsl hədəfə istiqamətlənmiş satira idi, tərbiyəedici yumor idi.
İyirmi iki il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləyən Əliağa Ağayev təkcə bu böyük sənət ocağının səhnəsində yüzlərlə obraza səhnə həyatı vermişdi. 
Görkəmli səhnə ustası Əliağa Ağayevin Məşədi İbadla başlayan kino yaradıcılığı "Sehrli xalat"da Xan, "Görüş" də Şıxəli, "Qanun naminə"də anbardar Məmmədxan, "Bir məhəlləli iki oğlan" filmində Feyzi və digər yaddaqalan obrazlar yaratmışdır. Ümumilikdə aktyor 37 filmdə gözəl obraz yaratmaqla kino tariximizə də öz adını əbədi olaraq yazan nadir sənətkarlardandır.
Aktyorun səhnə fəalliyyəti yüksək qiymətləndirilərək ona 1943-cü ildə respublikanın Əməkdar artisti, 1954-cü ildə isə Xalq artisti fəxri adları verilmişdi. 
Aktyorun ölümü də çox qəribə olub. Sanki hansısa bir rolu ifa edirmiş kimi. 1983-cü ilin 13 noyabrında yaxınları, dostları ilə bir süfrə arxasında oturub lətifələr danışır. Sonuncu dəfə sevdiklərini güldürür və özü də gülür. Güldüyü yerdəcə qəfildən gözlərini əbədi yumur. Amma bu dəfə pərdələr çəkilmir. Alqış səsləri eşidilmir. Gözlərdəki gülüşü göz yaşları əvəz edir. Beləcə, böyük bir sənətkarın bu dəfə səhnə həyatı yox, ömrü gülə-gülə tamamlanır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!