Göyçay rayonunda kənd təsərrüfatı sahəsində mövcud potensialın daha səmərəli istifadəsi, aqrar sektorun inkişafı, müasir texnologiyaların tətbiqi, istehsal və ixrac imkanlarının genişləndirilməsi, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Göyçay Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri rayonda fəaliyyət göstərən sənaye müəssisələri və aqrar təsərrüfat subyektlərinə baxış keçiriblər.
Səfər çərçivəsində müəssisələrin fəaliyyəti, istehsal imkanları, mövcud infrastruktur və qarşıya çıxan məsələlərlə tanışlıq olub. Aqrar sahədə müasir texnologiyaların tətbiqi, istehsalın artırılması və məhsulların ixrac potensialının genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Daha sonra Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Qərargahın iclası keçirilib. İclasda indiyədək görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Sahibkarlar rayonda yaradılmış əlverişli biznes mühitinə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.