Növbəti il də büdcəmizin sosial yönümlü olması bu sahənin Prezidenti İlham Əliyevin siyasətində prioritet istiqamətlərindən biri olduğunu göstərir. Həmçinin 2027-ci ilin büdcəsində səhiyyə xərclərində böyük artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, növbəti il səhiyyə xərclərinin büdcədə nəzərdə tutulan böyük bir qismi – 1,1 milyard manatı icbari tibbi sığortaya yönəldiləcək. Eyni zamanda, səhiyyənin icmal büdcəsi 4 milyard manata çatdırılacaq. Belə böyük bir büdcə nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yüksələcək.
“İcbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir. Ən mürəkkəb və yüksək maliyyə tutumlu əməliyyatlar və müayinələr icbari tibbi sığorta ilə qarşılanır. Orqan transplantasiyası, mürəkkəb ürək və rekonstruktiv əməliyyatlar icbari tibbi sığorta ilə ödənilir. Təqdirəlayiq haldır ki, növbəti ildə böyük oynaqların transplantasiyasına qoyulan limit ləğv olunur və icbari tibbi sığorta hesabına həyata keçirilən sümük iliyi və ya hematopoetik kök hüceyrə transplantasiyasının illik say limiti 20-dən 50-yə qaldırılması nəzərdə tutulur.
Son iki ildə icbari tibbi sığorta sahəsində görülən ən əhəmiyyətli işlərdən biri də səhiyyə üzrə dövlət proqramlarının icbari tibbi sığorta ilə qarşılanmasıdır”, - deyə deputat bildirib.
Komitə sədri icbari tibbi sığorta sahəsində uğurların artması ilə bərabər, əhalinin icbari tibbi sığortadan gözləntilərinin yüksəldiyini də diqqətə çatdırıb: “Əhali arasında ən çox tələfat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir. Həmçinin Qafqazda ilk dəfə olan ürək transplantasiyası əməliyyatları ölkəmizdə həyata keçirilməyə başlanılıb. Bu son dərəcə böyük maliyyə tutumludur və növbəti ildən həmin əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var. Eyni zamanda, müasir təbabəti, xüsusilə təbabətin cərrahiyyə sahəsini robot texnikasız təsəvvür etmək mümkün deyil. Robot cərrahiyyəsinin köməyi ilə ən mürəkkəb müalicə və müayinələr həyata keçirilir. Ölkəmizdə də belə robot cərrahiyyə bölmələrinin yaradılmasına gələcəkdə vəsait ayrılması son dərəcə də vacibdir”.