“Google”, “Meta” və “TikTok” 16 yaşdan aşağı uşaqların sosial media platformalarına aludə olma riskini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş yeni qanununun tətbiqini əngəlləmək üçün Kaliforniyanı məhkəməyə veriblər.
1709 saylı Assambleya Qanunu kimi tanınan qanun bu cür platformaların yetkinlik yaşına çatmayan uşaqlara şəxsi tövsiyələr vermək və avtomatik oynatma funksiyaları vasitəsilə video göndərmək kimi məcburi istifadəyə səbəb ola biləcək "psixoloji cəhətdən istismarçı xüsusiyyətlər" təklif etməsini qadağan edir. Həmçinin bu xüsusiyyətlərə malik uşaqların hesablarının silinməsini tələb edir.
Keçirilmiş ayrı-ayrı məhkəmə proseslərində “Google”, “Meta” və “TikTok” qanunun Kaliforniyanın uşaqlara məzmun təqdim etmək üçün üstünlük verdiyi vasitələrə hörmət etməyə məcbur etdiyini və valideynlərin qərarını ştatın qərarı ilə əvəz etdiyini bildiriblər. Onlar qanunun ABŞ Konstitusiyasının ilk düzəlişli söz azadlığının qorunması ilə bağlı müddəalarını, eləcə də onlayn platformaları istifadəçi məzmununa görə məsuliyyətdən geniş şəkildə qoruyan federal Rabitə Əxlaqı Aktının 230-cu bölməsini pozduğunu bildiriblər.
Ştat qanunlarını tətbiq edən və yeganə cavabdeh olan Kaliforniya baş prokuroru Rob Bontanın ofisi məhkəmə iddialarını nəzərdən keçirdiyini bildirib. "Ofisimiz uşaqları onlayn qorumaq üçün Kaliforniyanın sağlam düşüncə qanunlarını müdafiə etməyə sadiqdir", - deyə əlavə edilib.
Əgər hakim qanunu ləğv etməsə və ya icrasını dayandırmasa, qanun 2027-ci il yanvarın 1-də qüvvəyə minir.
Google-un sözçüsü Xose Kastaneda bildirib ki, valideynlər öz ailələri üçün düzgün qərarlar qəbul etmək baxımından ən yaxşı mövqedədirlər. Bu cür həddindən artıq geniş əhatəli qanunlar, əslində, uşaqlara yüksək keyfiyyətli və yaşlarına uyğun videolar tapmaqda kömək etmək üçün qurduğumuz sistemləri pozur.
Meta məhkəmə iddiasında bildirib ki, Kaliforniya ştatı milyardlarla paylaşımın seçilməsi və nümayiş etdirilməsi ilə bağlı şirkətin redaksiya qərarlarına müdaxilə edə bilməz. Üstəlik, bu yanaşma uşaqlara oxşar xidmətlər təklif edən digər onlayn platformalarda istədikləri qədər vaxt keçirməyə imkan verir.
“TikTok” isə öz növbəsində bəyan edib ki, qanunverici orqan tərəfindən uyğunsuz hesab edilən fikir və ya görüntülərdən gəncləri qorumaq bəhanəsi ilə qanunla qorunan ifadə azadlığı məhdudlaşdırıla bilməz.
Digər tənqidçilər də Kaliforniyanı səlahiyyət hüdudlarını aşmaqda ittiham ediblər.
Qeyd edək ki, ABŞ-nin bir çox ştatı uşaqların sosial mediaya çıxışını tənzimləyir. Dünyanın müxtəlif ölkələrində də oxşar məhdudiyyətlər mövcuddur. Məsələn, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulub.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”