Prezident
İlham Əliyevin mütərəqqi islahatlarının real nəticəsi olaraq yaradılan Operativ
Xidmət Mərkəzi vətəndaş məmnunluğunun və səmərəli fəaliyyətin uğurlu formuludur
Prezident
İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət qulluqçuları
hər zaman vətəndaşların xidmətində olmalıdırlar” fikrini bəyan edərək bunu prinsip
kimi dövlət idarəçilik sisteminin əsas prioriteti olaraq diqqətə çatdırıb.
Dövlət başçısının
bu məramı, həmçinin vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması ilə bağlı
mütəmadi verdiyi tapşırıqlar bütün dövlət qurumlarında, o cümlədən, yerli icra hakimiyyəti
orqanları qarşısında da mühüm vəzifələr müəyyənləşdirib.
İlk təşəbbüs Gədəbəydən gəldi
Prezident
İlham Əliyevin son illərdə daha geniş miqyas alan mütərəqqi islahatları nəticəsində
idarəçilik aparatında fəaliyyət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın
asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə mühüm tədbirlər
həyata keçirilir. Bu innovativ yeniliklər nəticəsində artıq real nəticələr də əldə
edilir.
Dövlət başçısının
yerli icra hakimiyyətləri orqanları qarşısında qoyduğu tələblər - vətəndaşların
müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesinin təkmilləşdirilməsi,
hər bir müraciətə həssas münasibət göstərilməsi, müraciətlərin mahiyyəti üzrə qərarların
qəbulu, eləcə də işgüzar mühitin yaradılması, hesabatlılıq, şəffaflıq kimi prinsiplər
nəticə etibarilə rayon icra hakimiyyətlərinin fəaliyyətinin daha da səmərəliləşdirilməsini,
effektivliyin artırılmasını və vətəndaşların etimad ünvanına çevrilməsini təmin
edəcək.
Ölkə Prezidentinin
bu istiqamətdəki tapşırıqları və tövsiyələri Gədəbəydə fəaliyyət prioriteti kimi
qəbul edilib. Rayon icra hakimiyyəti başçısının aparatı tərəfindən proses dərindən
öyrənilib, yerli spesifika diqqətlə araşdırılıb, bu sahədə mövcud olan beynəlxalq
təcrübə mənimsənilib.
2019-cu ilin
fevral ayının 15-dən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə
uyğun olaraq rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşlara rahat, daha
məsuliyyətli, aşkarlıq şəraitində və vaxt itkisi olmadan xidmət göstərmək üçün Operativ
Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Onu da xüsusi vurğulayaq ki, bu təsisat yerli
icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq məhz Gədəbəydə yaradılıb.
Prezident
İlham Əliyevin müəllifi olduğu və Azərbaycanın milli brendinə çevrilən "ASAN xidmət”in
iş metodlarının, fəaliyyət üslubunun tədricən tətbiq olunduğu və meyar kimi qəbul
edildiyi Operativ Xidmət Mərkəzinin ən mühüm məram və məqsədi rayon icra hakimiyyətinin
səlahiyyətlərinə şamil olunan xidmətin və fəaliyyətin optimallaşdırılmasını, effektivliyini
təmin etmək, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olmaqdır.
Prezident tapşırığının uğurlu icrası
Operativ Xidmət
Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti yaxınlığında
yeni bina inşa olunub. Binanın inşaat planı hazırlanarkən onun xidmət yönümünə uyğunlaşdırılmasına
xüsusi önəm verilib. Qarşıdakı illərdə daha geniş fəaliyyət miqyasına malik olma
perspektivinin də nəzərə alındığı layihənin icrası keyfiyyətlə həyata keçirilib.
Ən müasir
zövqlə dizayn edilən, bütün zəruri maddi-texniki təchizatla, avdanlıqla təmin olunan
bina 625 kvadratmetr sahəyə malikdir. Burada məlumat masası, server otağı, böyük monitor, ATS, 8 nəfərlik "dəyirmi masa”, növbəliliyi
təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün "Milli Ön” aparatı, 9 bilgisayar
dəsti mövcuddur. Vətəndaşların rahatlığını təmin edən gözləmə zalında 36 kreslo
dəsti yerləşdirirlib.
Gədəbəyin
ən müasir, modern infrastrukturları sırasında olan Operativ Xidmət Mərkəzinin binası
ilə tanış olarkən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevlə rastlaşdıq.
Son tamamlanma işlərinə şəxsən nəzarət edən rayon icra başçısı ilə əməkdaşlar mərkəzin
infrastrukturuna bağlı ən xırda detalları da qızğın müzakirə edir, yekun dəyərləndirmələrini
aparırdılar.
Müzakirələr
və son tapşırıqlar bitəndən sonra İbrahim Mustafayevlə həmsöhbət olduq. "Bu mərkəzin
müəllifi məhz möhtərəm Prezident İlham Əliyevdir”, - deyə söhbətə başlayan rayon icra hakimiyyətinin başçısı vurğuladı ki,
dövlət başçısının qarşımızda müəyyənləşdirdiyi vəzifələrin əsas qayəsi vətəndaşa
layiqli xidmət, əhalinin problemlərinin həllində qüvvələrimizi səfərbər etməkdir:
"Prezidentin digər tələbi isə bu prosesdə ənənəvi üsullardan deyil, məhz müasir
metodlardan, innovativ təşəbbüslərdən bəhrələnməkdir. Hamımızın qarşısında cənab
İlham Əliyevin rəhbər kimi nümunəsi və örnək fəaliyyəti var. Yəni elə bu nümunənin
timsalında hər bir məmur ən uğurlu fəaliyyəti
göstərmək imkanındadır. Operativ Xidmət Mərkəzi də bu baxımdan dövlət başçısının
tələb və göstərişlərindən irəli gələrək yaradılıb. Həmçinin ötən birillik fəaliyyəti
dövründə də mərkəzin xidmət prosesi Prezidentin iş üslubu əsas götürülərək daim
təkmilləşdirilib. Ona görə də, bütün gədəbəylilər böyük fərəhlə bu mərkəzi Prezident
İlham Əliyevin əsəri hesab edirlər”.
Müraciətlərin 99 faizi müsbət həll edilib
Yeni binada
fəaliyyətə başlayacaq olan Operativ Xidmət Mərkəzi qeyd etdiyimiz kimi, artıq bir
ildir gədəbəylilərin xidmətindədir. Ötən dövr ərzində vətəndaşların qəbulu prosesi
tam yeni sistem əsasında aparılıb, müraciətlərin araşdırılması və müvafiq qərarların
qəbulu işi innovativ standartlara uyğunlaşdırılıb.
Rayon əhalisinə
operativlik, şəffaflıq prinsipləri əsasında xidmət göstərən mərkəz sənədlərin rahat
qəbul edilməsini, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını,
həmçinin vətəndaşın eyni vaxtda və vahid məkanda rayon icra hakimiyyətinin bütün
struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edir.
Mərkəzdə yeni
sistemin tətbiqi artıq ümumi işlərə öz müsbət təsirini göstərməkdədir. Ötən bir
il ərzində həyata keçirilən bu layihə rayon ictimaiyyətinin məmnunluğuna səbəb olub.
Vətəndaşların etimadını doğruldan mərkəzdə xidmətlərin həm sayının artırılması,
həm də keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.
Operativ Xidmət
Mərkəzinə 2019-cu il ərzində 1200 (memarlıq sahəsi - 537, hüquq sahəsi - 218, iqtisadiyyat
sahəsi- 319, humanitar sahə - 56, ərazi idarəetmə sahəsi - 70) müraciət daxil olub.
Müraciətlərin 1188-i, yəni 99 faizi müsbət həll edilmiş, qalan 12-sinin isə müvafiq
sənədləri uyğun gəlmədiyinə görə icrası mümkün
olmamışdır.
Rayon sakinlərinin
artıq mərkəzin fəaliyyətinin səmərəsini gördüyünü və razılıq etdiklərini söyləyənrayon
icra hakimiyyətinin başçısı İbrahim Mustafayev söyləyir ki, apardığımız monitorinqlərin
nəticəsinə görə, indiyədək mərkəzin fəaliyyətindən narazılıq edən olmayıb: "Buna
qədər hansısa sakin, həmçinin ucqar dağ kəndində, rayon mərkəzindən xeyli uzaqda
yaşayan vətəndaş müraciətinin həlli məqsədilə icra hakimiyyətinə qəbula gəldikdə,
müvafiq inzibati mərhələlər keçməli idi. Yəni müraicət bir neçə şöbə tərəfindən
öyrənilməli, fərqli şöbələrdən müvafiq razılaşdırılma əldə olunmalı, qərar verilmə
anınadək xeyli vaxt keçməli və sakin dəfələrlə rayon icra hakimiyyətinə gəlməli
olurdu. İndi isə mərkəzə təşrif buyuran vətəndaş bir gündə vaxt itkisi olmadan icra
hakimiyyəti aparatının bütün şöbələri ilə dərhal birbaşa əlaqə yarada bilir və müraciəti
anındaca nəzarətə götürülərək müvafiq cavab
verilir. Xüsusi diqqət ayırdığımız məsələlərdən biri də əhali ilə təmasda yüksək
alicənablığın, mədəniyyətin və dözümlülüyün təminidir”.
41 istiqamət üzrə keyfiyyətli və şəffaf fəaliyyət
Öyrənirik
ki, Operativ Xidmət Mərkəzi Azərbaycan Respublikası Mülkü Məcəlləsinin, Ailə Məcəlləsinin,
Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də digər qanunların və "Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 41 xidmət sahəsini əhatə edir.
Bunlar
- Memarlıq və tikinti məsələləri üzrə -
16 xidmət, Hüquq məsələləri üzrə - 10 xidmət, Sosial-iqtisadi məsələlər üzrə -
7 xidmət, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı
məsələlər üzrə - 8 xidməti əhatə edir.
Mərkəzdə rayon
icra hakimiyyəti başçısının aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər
məsul işci, ümumilikdə 7 əməkdaş vətəndaşlara fasiləsiz xidmət göstərir.
Bura müraciət
edən vətəndaşlara hazır sənədlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtdan
15-25 gün əvvəl təqdim edilir. Əgər qanunvericilikdə sənədin verilmə müddəti 30
gündürsə, həmin sənəd vətəndaşa bəzən hətta 3 günə də təqdim oluna bilir.
Mərkəzdə quraşdırılmış
böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan
sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir.
Burada əhalinin problemlərinin operativ həlli məqsədi ilə "qaynar xətt” (164) yaradılmışdır.
Vətəndaşların şifahi müraciətləri dərhal araşdırılır və onlara lazımi kömək göstərilir.
Mərkəzdə görmə
qabiliyyəti olmayan şəxslərin rahat hərəkəti üçün də imkan yaradılıb. Binaya daxil
olan belə şəxslər sarı zolaqda hərəkət edərək həm gözləmə məntəqəsində əyləşə, həm
də növbəsi çatanda əməkdaşlara rahat yaxınlaşa bilir.
Əhalinin məmnunluğu artır, vaxt itkisi azalır
Operativ Xidmət
Mərkəzi həftənin iş günləri saat 09:00-18:00-dək vətəndaşlara fasiləsiz xidmət göstərir.
Hər bir əməkdaş telefon və bilgisayar dəsti ilə təchiz edilib, həmçinin mərkəzdə
yaradılan server otağı vasitəsilə yüksəksürətli internetə çıxış təmin olunub.
Mərkəzdə xidmətlərdən
istifadə qaydaları da ən müasir standartlara uyğundur. İlkin olaraq vətəndaş girişdəki
xidmət terminalına yaxınlaşaraq aidiyyəti üzrə bölməni secərək çek götürür. Xidmət
terminalı avtomatik növbəlilik məyyən edir və vətəndaşın xidmət seçimində və ya
xidmətlər barədə hər hansı sualı olarsa, məlumat masasına yaxınlaşaraq xidmətlərə
aid əlavə məlumat da ala bilir. Növbəsi çatdığı zaman səsli olaraq vətəndaş aidiyyəti
masaya dəvət olunur, xidmətlər masasında oturmuş şöbənin məsul işçisinə yaxınlaşaraq
sənədlərini təqdim edir. Məsul işçi tələb olunan sənədlərin tam olmasını yoxlayıb
qəbul edir və müraciətin həlli üçün qanunvericilikdə nəzərdə tutulan müddətin minumum
iş gününü müəyyən edir.
Xidmətin əməkdaşı
həmin sənədin icra müddətini müəyyən etdikdən sonra sənədlərin üzərinə özünəməxsus
qısa lövhədə onun götürülmə tarixinı qeyd edir, imzasını atır və sənədlərı "sənədlərin
qəbulu və verilməsi” masasına təqdim edir. Əgər sənədin alınması üçün dövlət rüsumu
tələb olunursa, vətəndaşa şifrə verilir və vətəndaş mərkəzin nəzdindəki "Milli Ön”
aparatında ödəniş edərək çeki əməkdaşa təqdim edir.
1 nömrəli
masada əyləşən məsul işçi sənədin qeydiyyatını apararaq vətəndaşa sənədin verilməsi
tarixi barədə məlumat verir. Qeyd olunan tarixdə (saat-gün) sənəd vətəndaşa (mərkəzə
daxil olduğu anda bir dəqiqə ərzində) təqdim olunur. Xidmət bütövlükdə videolentə
alınır və gün ərzində göstərilən xidmətlərin statistikasının serverdə avtomatlaşdırılmış
qeydiyyatı aparılır.
Könüllülük işi - könül missiyası
Son illərdə
ölkəmizdə könüllülük institutunun təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar
atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmış,
2020-ci il "Könüllülər ili” elan olunmuşdur.
Operativ Xidmət
Mərkəzi könüllülük işini vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu
formatı kimi qəbul edir. Mərkəzdə fəaliyyət göstərən 10 könüllü öz kreativliyi,
təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları
fəaliyyətə yeni nəfəs verir, xidmətin daim təkmilləşdirilməsində əvəzsiz rol oynayırlar.
Mərkəzdə fəaliyyət
göstərən 10 könüllünün gündəlik iş prosesi də müəyyənləşdirilib. Könüllülər vətəndaşların
qarşılanmasını və onları narahat edən məsələlərin dinlənilməsini həyata keçirir,
müraciət edən vətəndaşlara düzgün izah verilməsini və aidiyyəti üzrə istiqamətləndirilməsini
təşkil edirlər.
Müraciətlərə
əsasən ərizələrin yazılması və yazılmasında köməkliyin göstərilməsi, nəzakətli davranışla
əlillərə, yaşlı insanlara və imtiyazlı şəxslərə qayğı göstərilməsi, vətəndaşlar
arasında sorğular keçirilməsi, onları razı və narazı salan məsələlər barədə ümumiləşdirmələr
aparılması kimi məsələlər də könüllülərin öhdəsindədir. Onlar "Qaynar xətt”ə daxil
olan müraciət əsasında sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların
hüquqlarının müdafiəsi ilə bağlı həmin şəxslərin öz ünvanlarında ilkin səndləşmə
işlərinə də kömək göstərirlər.
Mərkəzdə fəaliyyət
göstərən könüllülərə iki aydan sonra sertifikat verilir. Operativ Xidmət Mərkəzində
könüllülərin fəaliyyəti rayon sakinlərində xoş təəssüratlar yaradır.
Paytaxtdan məsafəcə uzaq, standartlar baxımından isə çox
yaxın
Sənədlərin
aşkarlıq şəraitində qəbulu və vətəndaşa təqdimi, şəffaflığın artırılması, süründürməçilik
və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mərkəzin fəaliyyətinin əsas mahiyyətini
təşkil edir. Həmçinin vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur
bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, işgüzar mühit, açıqlıq, məmnunluq,
yerli dövlət hakimiyyəti orqanlarının qapılarının vətəndaşlar üçün hər zaman açıq
olması, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması bu xidmətin əsas
hədəflərindəndir.
Bu məramların
dövlət başçısının tələblərini ehtiva etdiyini xatırladan Gədəbəy Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mustafayev söhbətimizdə onu da xüsusən vurğuladı ki, icra strukturlarına
etimadın daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi kimi məqamlar
artıq real fəaliyyətdə ilkin uğurlu nəticələrini verir: "Vətəndaşlara keyfiyyətli
və şəffaflıq prinsipləri əsasında xidmət təqdim edən mərkəzin fəaliyyəti nəticəsində
əhalinin icra strukturuna inamı yüksəlir və tərəflər arasında anlaşılmayan məsələ
qalmır. Bu isə əlbəttə ki, Prezidentin ümdə tələblərindən biridir”.
İbrahim Mustafayev
Operativ Xidmət Mərkəzinin fəaliyyəti ilə yanaşı, digər uğurlu təşəbbüslərin də
həyata keçirildiyini, Gədəbəydə vətəndaş məmnunluğunu yüksəldəcək yeni layihələrin
üzərində işlədiklərini də söylədi: "Necə deyərlər, durmaq yox, yola davam... Fəaliyyət
nə qədər uğurlu nəticələr versə də, bununla kifayətlənmək olmaz. Xidməti prosesi,
inzibati fəaliyyəti, idarəçiliyə yanaşmaları daim yeniləməli, müasirləşdirməli,
Prezidentin kamil nümunəsinə uyğun təkmilləşdirməliyik”.
Azərbaycan
Prezidenti İlham Əliyev 2013-cü ildə milli brendimiz kimi "ASAN xidmət”i yaradaraq
əhaliyə keyfiyyətli, operativ və şəffaf xidmət göstərilməsinin ən mükəmməl sistemini
formalaşdırdı. Bu gün dünyanın müxtəlif ölkələri Azərbaycan təcrübəsindən yararlanır,
eləcə də ölkəmizin müxtəlif regionlarında 16 "ASAN xidmət” məkəzi əhalinin xidmətindədir.
Yerli icra
hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Gədəbəydə, xüsusən də ucqar dağ rayonu
olduğunu nəzərə alaraq, yaradılan Operativ Xidmət Mərkəzi Prezident İlham Əliyevin
tapşırıqlarının və tələblərinin uğurla icrasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə,
əhalinin icra strukturlarına qarşı etimad və inamının artmasına böyük töhfə verəcək.
Vətəndaşlara 41 istiqamət üzrə keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmət
göstərmək məqsədinin uğurla həyata keçəcəyinə isə şübhə yoxdur. Çünki hədəf də düzgün
müəyyənləşdirilib, gedilən yol da doğru seçilib.
Gədəbəy paytaxtdan
nə qədər uzaqda yerləşsə də, son dövrlərdəki böyük quruculuğu və müasir abadlığı,
həmçinin elə Operativ Xidmət Mərkəzinin timsalında çoxsaylı innovativ layihələri
ilə ucqar dağ rayonu imicindən vidalaşıb...
Gədəbəy artıq
gözdən-könüldən uzaq rayon deyil, inkişaf dinamikası ilə Bakıya xeyli yaxınlaşıb...
Gədəbəy indi
paytaxt standartlarını mənimsəmiş, vətəndaşa xidmətin yüksək nümunəsini yaratmış,
sabahın aydın hədəflərini düzgün müəyyənləşdirmiş insanların məskənidir...
Elçin CƏFƏROV,
"Azərbaycan”