Keçmiş məcburi köçkünlər 30 ildən sonra əzəli yurdlarına qovuşurlar. Dünən daha bir köç karvanı Füzuli şəhərinə yola salınıb. Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxanalarda, sanatoriyalarda, pioner düşərgəsində, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlarımız Bakı şəhərinin Qaradağ rayonundan yola çıxıblar.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə (106 nəfər) köçürülüb. Bununla da Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.
Böyük qayıdış konsepsiyası çərçivəsində tədricən bütün keçmiş məcburi köçkünlər torpaqlarına qovuşacaqlar. Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyinə toxunub: "Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq".
Füzulililərin şad günü
Yurdlarına qovuşan füzulililər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Doğma el-obasına qayıtdığına görə sevincinin hədd-hüdudunun olmadığını bildirən keçmiş məcburi köçkün Fatma Əliyeva deyir ki, otuz ildən çox bu xoş günün gələcəyini gözləyib: "Allaha çox şükür ki, haqq-ədalət öz yerini tapdı. Nəhayət, bizim doğma yurd həsrətimiz sona çatdı. Füzulidən gənc yaşlarımda çıxmışam, ata-anamla Bakıya köçmüşdük. İndi isə öz ailəmlə doğma ata ocağıma qayıdıram".
Birinci Qarabağ müharibəsi qazisi Cəmil Abbasov ötən illər ərzində silahdaşlarının bu missiyanı tamamlayacağına həmişə əmin olduğunu bildirir: "Bu dəfə biz döyüş meydanında qalib olduq, torpaqlarımız azad edildi, suverenliyimiz tam bərpa olundu. İndi isə gözəl təbiəti, dağları olan doğma yurduma qovuşdum. Azərbaycan əsgəri, müharibə veteranı olaraq doğma yurda qayıtmağıma, bu gözəl günə görə çox sevinirəm".
İndiyədək 3868 nəfər ata yurduna qovuşub
Böyük qayıdış çərçivəsində ağalılılar, füzulililər, laçınlılılar və talışlılar mərhələli olaraq əzəli torpaqlarına dönüblər. Növbəti ildən isə cəbrayıllıların doğma yurdlarına köçürülməsinə başlanılacaq.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib ki, tikinti və təmir işləri tam yekunlaşdıqdan sonra Cəbrayıl sakinlərinin doğma yurdlarına köçürülməsinə başlanılacaq: "Horovlu və Şükürbəyli kəndləri tikilməkdədir. Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 bina tikilməkdədir və inşallah, gələn il tikinti işləri yekunlaşacaq. Artıq Soltanlı kəndinin də tikintisini həyata keçirəcəyik".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Böyük qayıdış proqramı çərçivəsində 2026-cı ilə qədər ümumilikdə 100 yaşayış məntəqəsinin bərpa olunması nəzərdə tutulur. Bütün şəhərlərin baş planları üzərində işlərin başa çatdığını qeyd edən A.Quliyev ilin sonuna qədər 5000-dən artıq, təxminən 5500 nəfərin müxtəlif yaşayış məntəqələrində məskunlaşacağını da əlavə edib.
Xatırladaq ki, indiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 346 ailə (1326 nəfər) Laçın şəhərinə, 308 ailə (1106 nəfər) Füzuli şəhərinə, 121 ailə (475 nəfər) Laçın rayonunun Zabux kəndinə köçürülüb. Ümumilikdə 970 ailə (3868 nəfər) keçmiş məcburi köçkün dədə-baba yurduna qovuşub.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"