Müxalifət hakim partiyadan iki dəfə çox səs topladı
Fransızların Prezident Makrona inamı sürətlə azaldığından hakim partiyanın seçkilərdə məğlubiyyəti qaçılmaz idi. Ekspertlər tərəfindən seçkilərdən öncə səsləndirilən fikirlər, verilən proqnozlar özünü doğrultdu. Qeyd edilirdi ki, Makronun partiyasına dəstək daha da azalacaq. İyunun 9-da Fransada Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçı Marin Le Penin "Milli Birlik Partiyası" böyük fərqlə (31,50 faiz) birinci, Makronun partiyası "İntibah" isə 14,7 faiz səslə ikinci olub.
Bu, Fransa xalqının Makron bonapartizminə, heç bir əsası olmadan özünü hamıdan yüksəkdə görməsinə və sanki qlobal problemlərdə həlledici statusa malik olmaq görüntüsü yaratmasına, Fransa xarici siyasətinin iflasına gətirib çıxartmış fəaliyyət yürütməsinə, daxili problemləri görməzdən gəlməsinə münasibətidir.
Makron partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verərək, nəticələrin Avropa birliyini müdafiə edən partiyalar üçün yaxşı olmadığını bildirib. İfrat millətçilərin ölkəsində böyük fərqlə birinci yerə çıxmasından sonra Makron parlamenti (Fransa Milli Assambleyası) buraxıb və növbədənkənar ümumi seçkilər keçirmək qərarına gəlib. Erkən seçkilərin iki turda - 30 iyun və 7 iyul tarixlərdə keçiriləcəyi qeyd edilib.
Le Pen Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib. Qeyd edib ki, ölkəni dəyişməyə, fransızların maraqlarını müdafiə etməyə və kütləvi immiqrasiyaya son qoymağa hazırdırlar.
Maraqlıdır, fransızları uğurlarına inandırmağa çalışarkən Makronun partiyasının niyə belə aşağı reytinqi var? Axı hökumətin məlumatlarına görə, Fransa iqtisadi cəhətdən Almaniya, İtaliya və Böyük Britaniyanı qabaqlayırdı...
Fransızların xeyli hissəsi Makronu "varlıların prezidenti" kimi qəbul edir. Fransız korporasiyalarının gəlirlərinin nisbi artımı adi fransız sakinlər üçün təsirsizdir. Makron, onun partiyası və hökumətinin ardıcıl olaraq sosial ixtisar siyasəti yürütməsi fonunda isə xalqın qəzəbi daha da artır...
Makron və onun kabinetinin islahatları həm işsizlərə, həm də əhalinin azgəlirli təbəqələrinə ağır zərbə vurub. Fransız ifrat millətçilər uzun müddətdir ki, populyarlığını artırır, lakin belə uğur gözlənilmirdi. 2019-cu ildə keçirilən son Avropa Parlamenti seçkilərində Makron və Le Pen arasında fərq minimal olub. Ancaq bu dəfə "Milli Birlik" partiyası makronçuları iki dəfə çox səslə məğlub edə bildi.
Perspektivdə təhlükəni hiss edən, təşvişə düşən Makron vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməyə çalışsa da, arzusu ürəyində qaldı. Xarici siyasətdəki uğursuzluqlar da Makronun passivinə yazılan fəaliyyətdir. "Fransafrika" layihəsinin yeni çöküşü, Fransanın Sakit okeandakı Yeni Kaledoniya müstəmləkəsində kanak xalqının üsyanı da deyilənlərin təsdiqidir.
Ümumiyyətlə, daxildəki siyasətə nəzər saldıqda Makronun apardığı islahatların Fransa iqtisadiyyatını canlandırmadığının şahidi oluruq. İslahatlar nəinki problemləri həll etmədi, əksinə, pensiya islahatı ictimaiyyət tərəfindən tənqidə məruz qaldı. Ölkədə əvvəlki illərdə olduğu qədər artım tempi yoxdur. Əksinə, Fransada inflyasiyanın, eyni zamanda işsizliyin də baş alıb getdiyinin şahidi oluruq. Bütün bunların fonunda, sözsüz ki, xalq tərəfindən artıq Makrona olan etimad azalmaqdadır.
Fransada artan islamofobiya və ksenofobiya kimi meyillər bir daha onu göstərir ki, Makron Fransada yaşayan fərqli irqlərə qarşı adekvat siyasət həyata keçirməyib, əksinə, olanların narazılığını daha da artırıb.
Bu arada Fransa Respublikaçılar Partiyasının rəhbəri Erik Sciotti seçkilərdən sonra Emmanuel Makronun "İntibah" partiyası ilə hakim koalisiya yaratmaq imkanını istisna edib. Bildirib ki, Fransaya bu qədər ziyan vuran bir hökumətlə koalisiyaya girməkdən söhbət gedə bilməz. Makronizm həmişə daha çox - vergi, immiqrasiya və daha az - təhlükəsizlik deməkdir.
Elçin CƏFƏROV,
"Azərbaycan"