Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin – AQEM-in VII Zirvə görüşünün keçirilməsi təkcə Azərbaycanın evsahibliyi etdiyi növbəti mötəbər beynəlxalq tədbir kimi qiymətləndirilməməlidir. Bu Zirvə görüşünün əhəmiyyəti daha geniş geosiyasi proseslərlə, Asiyanın dünya siyasətində artan çəkisi və Azərbaycanın bu böyük coğrafiyada tutduğu mövqenin dəyişməsi ilə bağlıdır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında dedi ki, bu gün dünya yeni siyasi və iqtisadi reallığa daxil olur. Beynəlxalq münasibətlər sistemində əvvəlki mexanizmlərin effektivliyinin zəiflədiyi, geosiyasi rəqabətin dərinləşdiyi, münaqişələrin və qarşıdurmaların artdığı bir dövrdə dövlətlər arasında etimad məsələsi xüsusi məna kəsb edir. Məhz buna görə adı “etimad” anlayışı üzərində qurulan AQEM-in fəaliyyəti bu gün əvvəlkindən daha aktualdır. “Asiya yalnız böyük əhali və təbii resursların cəmləşdiyi qitə deyil. Dünya iqtisadiyyatının böyük hissəsi, əsas istehsal və logistika mərkəzləri, yeni texnologiyalar, enerji resursları və qlobal ticarətin gələcəyini müəyyənləşdirəcək marşrutlar məhz bu coğrafiyada yerləşir. Eyni zamanda, Asiya siyasi sistemləri, təhlükəsizlik maraqları və xarici siyasət prioritetləri fərqli olan dövlətləri birləşdirir. Belə bir məkanda hamını vahid siyasi model ətrafında birləşdirmək mümkün deyil və buna ehtiyac da yoxdur. Əsas məsələ fərqliliklərə baxmayaraq dialoq aparmaq, ortaq maraqları müəyyənləşdirmək və qarşılıqlı etimad üçün mexanizmlər yaratmaqdır”, – deyə o bildirib.
Deputat qeyd edib ki, Asiya qitəsinin ərazisinin və əhalisinin təxminən 90 faizini əhatə edən bu platforma müxtəlif siyasi və geosiyasi mövqelərə malik dövlətləri eyni masa arxasında toplayır. Burada təhlükəsizlik dar hərbi-siyasi anlayışla məhdudlaşdırılmır. İqtisadi sabitlik, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi, rəqəmsallaşma, ekologiya, terrorizm və transmilli cinayətkarlıqla mübarizə, humanitar əlaqələr də ümumi təhlükəsizliyin ayrılmaz elementləri kimi nəzərdən keçirilir. Bu baxımdan VII Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi rəmzi və siyasi məna daşıyır. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın, Şimal ilə Cənubun kəsişməsində yerləşsə də, ölkəmizin bugünkü əhəmiyyətini coğrafiya ilə izah etmək kifayət deyil. Coğrafi mövqeni siyasi və iqtisadi üstünlüyə çevirmək üçün infrastruktur, sabitlik, etibarlı tərəfdaşlıq və ən başlıcası, uzunmüddətli strateji baxış tələb olunur. Son illər Azərbaycan məhz bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edib.
S.Fətəliyeva vurğuladı ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşən Azərbaycan artıq sadəcə tranzit ərazisi deyil: “Ölkəmiz Xəzər hövzəsini Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən yeni kommunikasiya sisteminin əsas iştirakçılarından biridir. Orta Dəhlizin artan əhəmiyyəti, Bakı limanının imkanları, dəmir yolu və avtomobil infrastrukturu, enerji layihələri Azərbaycanın Asiya ilə Avropa arasında strateji bağlantı funksiyasını daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanın AQEM-ə sədrliyinin əsas prioritetləri sırasında qarşılıqlı bağlılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf xüsusi yer tutur. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi inkişaf strategiyası ilə də üst-üstə düşür. Bakı nəzəri şüarlardan daha çox praktik əməkdaşlığa, konkret layihələrə və dövlətləri bir-birindən asılı deyil, bir-biri ilə əlaqəli edən mexanizmlərə üstünlük verir. Burada prinsipial siyasi məqam var: iqtisadi və nəqliyyat əlaqələri yalnız ticarət deyil, uzunmüddətli etimad da yaradır. Birgə dəmir yolu, liman, enerji və rəqəmsal layihələrə malik dövlətlər arasında sabitliyin qorunması ümumi marağa çevrilir. Bu mənada bağlantılar həm iqtisadi inkişaf, həm də sülh siyasətinin vasitəsidir”.
Deputat bildirdi ki, Azərbaycanın AQEM-də ikiillik sədrliyi də məhz platformanın fəaliyyətinin daha praktik məzmunla zənginləşdirilməsi ilə səciyyələnib. İnstitusional imkanların genişləndirilməsi, qadınların, gənclərin, maliyyə strukturlarının, akademik və media dairələrinin əməkdaşlığa daha fəal cəlb olunması göstərir ki, dövlətlərarası dialoq siyasi liderlər və diplomatlar çərçivəsindən kənara çıxır. Etimad cəmiyyətlər, iqtisadiyyatlar və institutlar arasında da formalaşmalıdır. Digər əsas istiqamət AQEM-in tamhüquqlu beynəlxalq təşkilata transformasiyası prosesidir. Müasir Asiyanın miqyası və qarşısında duran çağırışlar artıq məsləhətləşmə mexanizmlərindən daha dayanıqlı institusional əməkdaşlığa keçidi zəruri edir. Bakı Zirvə görüşü bu prosesin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mərhələdir.
S.Fətəliyevanın fikrincə, AQEM-in genişlənməsi də platformaya olan marağın artdığını göstərir: “Laosun üzvlüklə bağlı təsis sənədlərini məhz Bakıda imzalaması təşkilatın coğrafiyasının genişlənməsi ilə yanaşı, Asiya dövlətlərinin çoxtərəfli dialoq mexanizmlərinə ehtiyacının artmasının göstəricisidir. Bakıda Zirvə görüşü ərəfəsində çoxsaylı dövlət və hökumət başçılarının, yüksəksəviyyəli nümayəndələrin iştirakı ilə keçirilən ikitərəfli görüşlər daha bir həqiqəti ortaya qoyur: belə sammitlərin dəyəri plenar iclasda qəbul olunan sənədlərlə bitmir. Onlar paralel diplomatiya üçün böyük imkan yaradır. Müxtəlif regionlardan olan liderlərin bir məkanda görüşməsi ikitərəfli münasibətlərdən nəqliyyat və investisiya layihələrinədək geniş gündəliyin müzakirəsinə şərait yaradır. Beləliklə, çoxtərəfli platforma, eyni zamanda, onlarla ikitərəfli əlaqənin inkişafını sürətləndirən diplomatik mexanizmə çevrilir”.
Deputat qeyd etdi ki, Azərbaycan üçün bunun xüsusi əhəmiyyəti var. Ölkəmiz son illərdə müxtəlif siyasi qütblərə, mədəniyyətlərə və regional birliklərə aid dövlətlərin rahatlıqla dialoq apara bildiyi məkan statusunu ardıcıl şəkildə möhkəmləndirir. Bunun əsasında balanslaşdırılmış və milli maraqlara söykənən müstəqil xarici siyasət dayanır. Azərbaycan heç bir geosiyasi qarşıdurmanın alətinə çevrilmədən müxtəlif tərəflərlə əməkdaşlığı inkişaf etdirməyə və maraqların kəsişdiyi nöqtələri tapmağa çalışır. Beləliklə, bu gün paytaxtımız beynəlxalq tədbirlərin keçirildiyi şəhərdən daha artıq məna daşıyır. Bakı müxtəlif siyasi coğrafiyalar arasında dialoqun qurulduğu, təşəbbüslərin irəli sürüldüyü və yeni əməkdaşlıq modellərinin müzakirə olunduğu diplomatik platformaya çevrilir. “AQEM-in VII Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən siyasi etimadın ifadəsi olmaqla yanaşı, Azərbaycanın artıq regional proseslərin sadəcə iştirakçısı deyil, onların gündəliyinin formalaşdırılmasına təsir edən dövlətə çevrildiyini göstərir. Müasir dünyada dövlətlərin gücü yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Etimad yaratmaq, fərqli tərəfləri bir araya gətirmək, əməkdaşlıq üçün məkan və ideya təqdim etmək də siyasi gücün əsas göstəricilərindən biridir. AQEM-in mahiyyətində duran əsas anlayış məhz etimaddır. Bakıda keçirilən VII Zirvə görüşünün ən böyük siyasi mənası da elə bundadır: qütbləşmənin artdığı bir dünyada Azərbaycan qarşıdurma deyil, dialoq; ayrıcı xətlər deyil, bağlantılar; qapalı bloklar deyil, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq gündəliyi təqdim edir. Asiyanın gələcəyi onun iqtisadi potensialı qədər, dövlətlərinin bir-biri ilə hansı münasibətlər quracağından da asılı olacaq. Bakı Zirvə görüşü bu gələcəyin etimad, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında formalaşdırılması istiqamətində mühüm siyasi platformadır”, – deyə S.Fətəliyeva vurğulayıb.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”