27 Fevral 2024 08:15
252
SİYASƏT
A- A+

Ermənistanın torpaq altında gizlətdiyi cinayətləri ifşa olunur

 

Fevralın 21-də Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi məzarlıq aşkarlanıb. Bu fakt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin növbəti sübutudur. 
Bu mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən şəhər və kəndlərimiz minalardan təmizləndikcə aşkara çıxarılan kütləvi məzarlıqlar erməni canilərinin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətini bir daha sübuta yetirir: "Görünür, Ermənistanın mina xəritələrini verməkdən boyun qaçırmasının bir səbəbi də onların öz cinayətkar əməllərini ört-basdır etmək niyyətləridir. Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində şəhər ərazisində aşkarlanan kütləvi məzarlıq Ermənistanın dinc azərbaycanlılara qarşı ağlasığmaz müharibə cinayətləri törətdiyindən xəbər verir. Birinci Qarabağ müharibəsində işgəncələrlə qətlə yetirdikləri soydaşlarımızın izini itirmək üçün onları kütləvi şəkildə basdırsalar da, tarix bütün həqiqətləri ortaya çıxarır. Uzun illər keçsə də, ilahi ədalət yerini tapır".
Deputat xatırladıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bu günədək məlum deyil. Həmin 150 nəfərdən 68 nəfəri qadın, 26-sı isə uşaqdır. Erməni barbarların necə qaniçən və amansız olduğunu elə bu faktlar da təsdiqləyir.
"Xocalı şəhərində tapılan kütləvi məzarlıqda müəyyən edilmiş insan qalıqlarının da, əsasən, qadın və uşaqlara aid olması ehtimal edilir. Məlumatlara əsasən, qalıqların əlləri kəndirlə bağlanıb, onlar müxtəlif işgəncələrlə qətlə yetiriliblər. Bu, bir daha erməni separatçılarının bəşəriyyət əleyhinə törətmiş olduqları cinayətlərin amansızlığını təsdiq edir. Həmin ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimal edilir", - deyə müsahibimiz qeyd edib.
Arzu Nağıyev həmçinin ard-arda sübuta yetirilən erməni cinayətlərinə göz yumduğuna görə beynəlxalq təşkilatları qınayıb: "Bütün bunlar azmış kimi, insan haqları ilə bağlı heç bir fakta söykənməyən açıqlamalar verən bəzi beynəlxalq hüquq təşkilatları erməni cinayətlərini öz gözləri ilə görür, lakin məsələlərə ikili standartlarla yanaşırlar. Vaxtilə elə ATƏT-in Minsk qrupu bu və ya digər məsələlərə müdaxilə etsəydi, indi belə olmazdı. Lakin bu yarıtmaz qurum sadəcə deklarativ bəyanatlarla yadda qaldı. Ümid edirik ki, dünyanın nüfuzlu təşkilatları daha bu cür faktlara biganə yanaşmayacaq, lazım gələrsə, mina xəritələrinin, eləcə də kütləvi məzarlıqların koordinatlarının ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərəcəklər".
Deputat yekunda bildirib ki, Azərbaycan dövləti Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət zəminində törədilmiş cinayət əməllərində təqsirli olan canilərin ədalət mühakiməsinə cəlb edilməsi ilə bağlı zəruri olan bütün addımları atır: "Zaman keçdikcə, haqq öz yerini tapır və gözləri yolda qalan Azərbaycan ana-ataları, bacı-qardaşları öz yaxınlarının cansız bədənlərinin heç olmasa harada olması haqda məlumat əldə edirlər. Bunlar çox mühüm məsələlərdir. Dövlətin bu istiqamətdə işini intensiv davam etdirməsi təqdirəlayiqdir".

N.QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video