Hayastan əhalisi ağır və dözülməz şəraitdən çıxış yolunu ölkədən getməkdə görür
Dünya iqtisadiyyatında yaşanan tənəzzüldən ən çox təsirlənən ölkələrdən olan Ermənistanda sosial vəziyyət getdikcə ağırlaşır. Hakimiyyətin ölkəni böhrandan xilas etmək üçün heç bir plana malik olmaması, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi mövcud durumu daha da gərginləşdirir. Artıq erməni xalqı arasında belə bir fikir hakimdir ki, Ermənistanda qalıb yaşamağın mənası yoxdur. Elə bu səbəbdən də miqrasiya Ermənistanda yenidən geniş vüsət almaqdadır.
Hətta miqrasiyanın dayandırılması üçün Ermənistana edilən yardımlar da nəticə vermir. Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin İrəvanda bildirib ki, bura miqrantlar ölkəsidir. Ermənistanın ən iri donoru olan Avropa İttifaqı ermənilərin öz ölkəsində qalmaları üçün hakimiyyətə kömək etmək istəyir. Biz gənc ermənilərə ixtisas almaqlarına kömək etmək, mühüm proqramlar sayəsində iş yerləri açmaq istəyirik. Lakin xarici təşkilatların gördüyü işlər və etdiyi yardımlar nəticəsiz qalıb. Ermənistanı tərk edənlərin sayı sürətlə artmaqda davam edir.
Ermənistana gələn turistlərin sayı da xeyli azalıb. Erməni ekspert Akop Koçaryan bildirib ki, xüsusilə rusiyalı turistlərin Ermənistana marağı azalıb: "Ötən il turistlərin yarıdan çoxu Rusiyadan idisə, bu il cəmi 42 faizini təşkil edib. Rus turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 210 min nəfər azalaraq 721 minə düşüb. Ruslar üçün Ermənistan ilk növbədə qiymətlərin yüksəkliyinə görə artıq cəlbedici ölkə sayılmır. Ancaq qiymətlər tək səbəb deyil. Bunun siyasi əsasları da var".
O xatırladıb ki, Cənubi Qafqazın ən bahalı şəhəri statusu artıq İrəvana aiddir: "Nəzərə alsaq ki, bir turist Ermənistanda 1000 dollar civarında pul xərcləyir, onda belə çıxır ki, bu il Rusiyadan turist axını ilə ən azı 200 milyon dollar itirmişik".
"4rd.am" saytı yazır ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin getdikcə kəskin şəkildə pisləşməsi nəticəsində əhalinin sayı sürətlə azalmağa başlayıb. Belə ki, aparılan araşdırmalardan sonra bəlli olub ki, sosial-iqtisadi duruma görə ailələrdə yeni uşağın doğulmasını istəmirlər. Demoqrafiya üzrə mütəxəssis Ruben Akopyan əhalinin sayının azalmasını 1990-cı ildə ölkədə az uşaq doğulması ilə əlaqələndirib. Lakin, əslində, ölkə iqtisadiyyatının tənəzzülü, işsizlik problemi, məmurların korrupsiyaya qurşanması və əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması demoqrafik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.
O da bildirilib ki, Ermənistan hökuməti 44 günlük müharibədə 3 822, müxalifət isə 5 mindən çox hərbçinin öldüyünü deyib. Boşananların başqası ilə evlənib yenidən ailə qurması mümkün olsa da, müharibədə ölənlərin yeri dolmayacaq. Bu soyun, nəslin davam etməməsi deməkdir. Çoxları heç ailə qurmamışdı.
Yazıda Ermənistan əhalisinin sayının xaricdən gətirilən ermənilərin hesabına artırıldığına da eyham vurulub: "1948-ci ilədək Ermənistana xaricdən 100 mindən çox erməni köçürülüb. Bu proses sonradan dayanıb. Bu istiqamətdə sakitlik yaranıb. 1970-ci illərdə Suriya və Livandan köç edənlər oldu. Xaricdən gələn ermənilərin sayəsində ölkədə yeni səhifə açıldı. Yeni əlaqələr, yeni incəsənət, yeni ideyalar yarandı".
Məqalədə 2100-cü ildə Ermənistan əhalisinin sayının 2 milyonadək azalacağı, 2050-ci ildə Azərbaycan və Türkiyə əhalisinin sayının artacağı da vurğulanıb.
Ümumiyyətlə, müharibədəki məğlubiyyətdən sonra Ermənistandan davamlı şəkildə gedən insanların bundan sonra daha da artacağı proqnozlaşdırılır. Erməni mətbuatı hazırkı iqtidarın yürütdüyü yarıtmaz siyasət nəticəsində Ermənistanı yaxşı gələcəyin gözləmədiyini anlayaraq ölkəni tərk edən vətəndaşların sayının ildən-ilə artdığını yazır. Ölkədə miqrasiyanın yüksək səviyyədə olmasına səbəb isə qeyd etdiyimiz kimi, əhalinin mövcud rejimə inamının azalmasıdır.
Digər tərəfdən o da faktdır ki, mühacirət indiki templərlə davam etsə, ölkənin gələcəyi sual altına düşə bilər. Ölkə rəhbərliyi isə mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq, heç bir tədbir görmür. Bu səbəbdən də əhali sürətlə azalmağa doğru gedir. Qeyd olunur ki, bu gedişlə ölkədə işçi qüvvəsi qalmayacaq və iqtisadiyyat daha da ağır böhran nəticəsində indikindən də pis tənəzzülə uğrayacaq. Çünki gedən miqrantların böyük əksəriyyəti bir daha geri qayıtmır.
Elçin CƏFƏROV,
"Azərbaycan"