Noyabrın 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Döyüş əməliyyatları müxtəlif intensivliklə, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Tərtər və Goranboy atəşə tutulub
Saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb. Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.
Düşmənin komandir heyəti daxil olmaqla, xeyli sayda canlı qüvvəsi məhv edilib
Müdafiə Nazirliyinin Hərbi İnformasiya Mərkəzində brifinq keçirilib. Qeyd edilib ki, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedən döyüş əməliyyatlarında düşmən bölmələri şəxsi heyət və texnika sarıdan itkilər verərək geriyə çəkilməyə məcbur edilib.
Ordumuz Ağdam və Ağdərə istiqamətlərində pusquya salmaqla və atəş zərbələri ilə düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki "KamAz" maşını və qoşqusunda top olan üç "Ural" maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.
Qubadlı-Laçın istiqamətində erməni silahlıları mövqelərini ataraq qaçıblar
Düşmənin Tərtərin işğal olunmuş Göyarx kəndinin ərazisindəki minaatan heyəti ordumuzun dəqiq atəşi ilə məhv edilib. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən onun yerini doldura bilmir, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatı və yanacaq çatışmır. Düşmən bölmələrinin idarə olunmasında problemlər yaranıb.
Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə ordumuzun zərbələrinə tab gətirə bilməyən erməni silahlıları mövqelərini ataraq qaçıblar.
.
Füzulinin azad olunan kəndlərinin videogörüntüləri yayılıb
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb. Görüntülərdə erməni vandalizminin izləri aydın şəkildə görünüb.
Ağdərədə düşmənə məxsus "D-30" haubitsa topu sıradan çıxarılıb
Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan "D-30" haubitsası heyəti ilə birgə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Düşmənin döyüş sursatları, yanacaq-sürtkü materialları tükənib
Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi problemlər yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatları, yanacaq-sürtkü materialları çatışmır.
Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.
Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarə olunmasında problemlər yaranıb. Bəzi yerlərdə isə hərbçilər döyüşməkdən imtina ediblər. Onların qarşısını almaq istəyərkən bir-birilərini güllələməyə başlayıblar.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"