COP29-un beşinci günü "mavi zona"da dünyanın qlobal problemlərinin həlli istiqamətində vacib panel müzakirələri keçirildi
COP29-un beşinci günü də bir sıra əhəmiyyətli tədbirlərlə yadda qaldı. "Mavi zona"da diqqətçəkən, fərqlənən Sinqapur pavilyonunda olduq. Pavilyonun mərkəzində Sinqapurun milli çiçəyi olan Vanda Miss Joaquimdən ilhamlanan bir əsər yer alıb. Ondan davamlılıq və innovasiya motivi kimi istifadə olunub.
3D çap texnologiyası ilə hazırlanmış bu quraşdırmada keçən ilin pavilyonundan təkrar istifadə olunan metaldan hazırlanmış naqillər və təkrar emal edilmiş materiallardan ibarət əsas struktur istifadə olunub. Bu innovativ dizayn texnoloji avtomatlaşdırmanı sənətkarlıqla birləşdirərək proqramlaşdırılan maşın istehsalının "ağıllı" tətbiqlərini və ənənəvi əl qaynağı texnikalarını nümayiş etdirir.
Tropik yaşıllığın unikal qarışığı
Şəhər infrastrukturu və tropik yaşıllığın unikal qarışığı olan Sinqapur Təbiətdə Şəhər olmaq üçün transformativ səyahətdədir. Bu səyahətə Sinqapur "Yaşıl Planı 2030" vasitəsilə 1,5 dərəcənin canlı saxlanılması daxil olmaqla, iqlim məqsədlərinə nail olmaq üçün davamlı öhdəlik daxildir. Bundan əlavə, Sinqapur dekarbonizasiya və iqlimə uyğunlaşma sahəsində innovativ həllər hazırlamaq üçün canlı iqlim aktorları şəbəkəsi ilə işləyir. İnsanları, ideyaları və hərəkətləri birləşdirən etibarlı tərəfdaş kimi Sinqapur regional və qlobal əməkdaşlığı inkişaf etdirir. Pavilyonu ziyarət edənlərə Vanda Miss Joaquim çiçəyinin nişanı hədiyyə olunur.
Biz də Sinqapur orxideyasının sehrinə düşərək xeyli müddət pavilyonda qaldıq. Günün proqramına görə təşkil olunan bir sıra sessiyalarda iştirak etdik.
Beynəlxalq konfransın beşinci - Enerji, Sülh, Relyef və Bərpa Günündə "mavi zona" sədrliyində bərpaolunan enerji, relyef istiqamətində vacib panel müzakirələr keçirildi, eyni zamanda pavilyonlarda sessiyalar təşkil olundu.
Tematik günə uyğun olaraq noyabrın 15-də COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu, İqlim və Sülh mövzusunda Yüksəksəviyyəli panel, "Yaşıl Enerji", Hidrogen və Qlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş yüksəksəviyyəli "dəyirmi masa", COP29 sədrliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 2-ci yüksək-səviyyəli nazirlər dialoqu, həmçinin karbon idarəçiliyi mövzusunda nazirlərin görüşü və digər tədbirlər baş tutdu.
Gələcəyin təhdidlərinə qarşı əməli addımlar atılır
Azərbaycanın COP29 sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə "İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət" adlı yüksəksəviyyəli panel iclasında Azərbaycanın səyləri gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirilərək, ölkəmizin təşəbbüslərinə dəstək ifadə edildi. Qeyd olundu ki, Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki işlərdə həqiqətən də, irəliləyişlərə nail oldu.
Çin pavilyonunda günümüzdə üstünlük verilən elektrikli avtomobillərin gələcəyi, istifadəsinin genişləndirilməsinin ətraf mühitə təsirləri barədə müzakirələr də aparıldı. Azərbaycan hökuməti tərəfindən elektromobillərə keçid istiqamətində son illərdə bir çox stimullaşdırıcı tədbirlər görülüb. Nəticədə, yeni nəsil elektrik avtomobillərdən istifadə genişlənib. Paytaxtda, eyni zamanda regionlarda bu tip maşınlar üçün şarj stansiyalarının da sayı artırılıb.
"Uşaqların sağlamlığı naminə təmiz hava"
Həmçinin COP29 ərəfəsində ölkəmizə yeni elektrik avtobusları və taksiləri gətirilib. Həmin ekobuslar Çin istehsalı olan elektrik mühərrikli BYD markalı avtobus və TX5 markalı taksi nəqliyyat vasitələridir. Müzakirələrdə elektrik avtobusları ilə bağlı Azərbaycan və Çin arasında əməkdaşlığın dərinləşməsi, inkişafı məsələlərinə də toxunuldu. Azərbaycan ekoavtobusların və taksilərin sayının artırılması istiqamətində gələcəkdə də belə şirkətlərlə əməkdaşlıqda maraqlıdır. Karbon emissiyasının azaldılmasının qlobal hədəfə çevrildiyi bir vaxtda Azərbaycan buna çatmaq üçün prioritetlərini müəyyənləşdirib. "Yaşıl texnologiya"lardan istifadə bu istiqamətdə atılan addımlardandır. Ekobus layihəsi isə "yaşıl texnologiya"lardan istifadənin genişləndirilməsi məqsədi daşıyır.
Bundan başqa, COP29 məkanında ərazicə ən böyük Azərbaycan pavilyonunda da bir sıra diqqətçəkən sessiyalar və tədbirlər keçirildi.
Bu pavilyonda keçirilən tədbirlər tematik günə uyğun olaraq təşkil edilmişdi. Əsas mövzular "yaşıl iqtisadiyyat", bərpaolunan enerji, təmiz hava idi.
Azərbaycan pavilyonunda baş tutan, günümüzün aktual mövzularından birinə həsr olunan tədbirlərdən biri də "İqlim və sülh təşəbbüsü" çərçivəsində Beynəlxalq Beyin Mərkəzlərinin birinci toplantısı idi. Bundan başqa, pavilyonda gələcəyimiz olan uşaqlar üçün "Uşaqların sağlamlığı naminə təmiz hava" mövzusunda IDEA və Təmiz Hava Fondu tərəfindən sessiya keçirildi.
Beləliklə, Bakı COP-u daha uğurlu bir günü geridə qoydu. Qarşıdakı günlərdə də tematik gündəliyə uyğun həm "yaşıl", həm də "mavi zona"nın gündəliyini əhatə edən plenar iclas və sessiyalar keçiriləcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"