№ 283
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 582 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 434 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1538 (Cild I); 2024, № 7, maddə 925; 2025, № 6, maddə 592) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
1.2. həmin Qərarla təsdiq edilmiş “Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası” üzrə:
1.2.1. 1.2-ci bəndə “eləcə də” sözlərindən sonra “enerji effektivliyi informasiya sistemi (bundan sonra – EEİS) vasitəsilə” sözləri əlavə edilsin;
1.2.2. 5-ci hissə üzrə:
1.2.2.1. 5.1-ci bəndə “formada” sözündən sonra “EEİS vasitəsilə” sözləri əlavə edilsin;
1.2.2.2. 5.6-cı bəndə “qədər” sözündən sonra “EEİS vasitəsilə” sözləri əlavə edilsin;
1.2.2.3. 5.7-ci bəndə “tərəfindən” sözündən sonra “EEİS vasitəsilə” sözləri əlavə edilsin;
1.2.2.4. 5.15-ci bənd üzrə:
1.2.2.4.1. birinci cümləyə “təşkilata” sözündən sonra “EEİS vasitəsilə” sözləri əlavə edilsin;
1.2.2.4.2. ikinci cümlədə “elektron və ya yazılı qaydada” sözləri “EEİS vasitəsilə” sözləri ilə əvəz edilsin.
2. “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 435 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1539 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması”nın 3.2-ci bəndinə “siyahısı” sözündən sonra “enerji effektivliyi informasiya sisteminə (bundan sonra – EEİS) daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə” sözləri, “edilən” sözündən sonra “və EEİS-ə daxil edilir” sözləri əlavə edilsin.
3. “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 436 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1540 (Cild I); 2024, № 7, maddə 925) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
3.2. həmin Qərarla təsdiq edilmiş “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın 3-cü hissəsi üzrə:
3.2.1. 3.2-ci bəndin birinci cümləsinə “Nazirliyinin” sözündən sonra “(bundan sonra – Nazirlik)” sözləri əlavə edilsin;
3.2.2. aşağıdakı məzmunda 3.2-1–3.2-3-cü bəndlər əlavə edilsin:
“3.2-1. İşəgötürən komissiya üzvünün müəyyənləşdirilməsi üçün enerji effektivliyi informasiya sistemi (bundan sonra – EEİS) vasitəsilə Nazirliyə müraciət edir.
3.2-2. Nazirlik müraciət daxil olduğu gündən 3 (üç) iş günü ərzində komissiya üzvü qismində iştirak edəcək əməkdaş barədə məlumatları EEİS vasitəsilə işəgötürənə təqdim edir.
3.2-3. Attestasiyanın keçirilməsi ilə əlaqədar komissiya üzvləri və namizədə (namizədlərə) dair məlumatlar, attestasiyanın reqlamenti, attestasiyanın nəticəsi və vəzifəyə təyinat barədə məlumatlar işəgötürən tərəfindən EEİS-ə daxil edilir.”.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 sentyabr 2026-cı il