№ 281
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 7, maddə 911, № 9, maddə 1106, № 12 (II kitab), maddə 1460; 2025, № 12 (II kitab), maddə 1262) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 9.3-cü və 9.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“9.3. “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulur.
9.4. Fiziki şəxslər tərəfindən əl yükündə və (və ya) müşayiət olunan baqajda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan mallar keçirildikdə gömrük orqanlarına bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim edilir.”;
1.2. aşağıdakı məzmunda 9.4-1-ci bənd əlavə edilsin:
“9.4-1. Müşayiət olunmayan baqajda (Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri istisna olmaqla) keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara dair gömrük orqanlarına bu Qaydaların 12 nömrəli əlavəsində göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim olunur.”;
1.3. 10 nömrəli əlavə yeni redaksiyada verilsin (əlavə olunur);
1.4. 12 nömrəli əlavə əlavə edilsin (əlavə olunur).
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 sentyabr 2026-cı il