Avrasiyanın yeni geosiyasi xəritəsində Türkiyə Asiya ölkələrinin Qərbə çıxışında “pəncərə” rolunda, Azərbaycan isə Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya ölkələrinə açılan “körpü” kimi mövqeyini möhkəmləndirir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammiti Ankara və Bakının bu imkanları konkret geosiyasi və iqtisadi üstünlüyə nə dərəcədə çevirə biləcəyinin mühüm göstəricisi olacaq.
Bu fikri Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, ekspert Damla Kocatepe AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Bişkekdə keçiriləcək ŞƏT sammitinin yekunları, digər məsələlərlə yanaşı, həm də Avrasiyada güc balansında baş verən dəyişiklikləri izləməyə imkan verən mühüm diplomatik platforma olacaq.
Ekspert Qırğızıstanda keçiriləcək ŞƏT forumunun “ŞƏT-in 25 ili: Dayanıqlı sülhə, inkişafa və rifaha doğru birlikdə” devizinə diqqət çəkib. “Təhlükəsizliyə yönəlmiş regional struktur kimi yaranan ŞƏT son 25 il ərzində iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, ticarət və regional bağlantı kimi sahələri əhatə edən daha geniş platformaya çevrilib. Bu transformasiya ŞƏT-in gələcəyi ilə bağlı fundamental bir sual doğurur: Qarşıdakı dövrdə təşkilat hansı rolu oynayacaq?”, – deyə D.Kocatəpə bildirib.
O hesab edir ki, ŞƏT-i yalnız Çin və Rusiyanın dominant olduğu blok kimi nəzərdən keçirmək təşkilatın hazırkı vəziyyətini izah etmək üçün kifayət deyil: “Hindistan, Pakistan və İran kimi xarici siyasətdə müxtəlif prioritetlərə malik dövlətlərin ŞƏT-də təmsil olunması bu əməkdaşlıq platformasının daha çevik xarakter daşıdığını göstərir, Türkiyə və Azərbaycanın iştirakı isə onun əhəmiyyətini daha da artırır. Ankaranın ŞƏT tədbirlərində artan fəallığı Türkiyənin dəyişən Avrasiya geosiyasətinin müxtəlif iştirakçıları ilə eyni vaxtda qarşılıqlı əlaqəyə yönəlmiş siyasətinin təzahürü kimi qiymətləndirilə bilər. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakı xüsusi diqqətə layiqdir. Bakı ŞƏT üçün, o cümlədən regional təşəbbüslər baxımından, xüsusilə də respublikanın iqtisadi və nəqliyyat layihələrində iştirakı baxımından əhəmiyyətlidir”.
Bu baxımdan ekspert Türkiyə və Azərbaycandan keçən Orta Dəhlizin strateji əhəmiyyətini xatırladıb. “Türkiyə və Azərbaycan liderlərinin Bişkekdə keçirilən sammitdə iştirakı Cənubi Qafqaz ölkələri ilə Mərkəzi Asiya arasında regional əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Azərbaycan və Türkiyə istiqamətindəki marşrutlara inteqrasiyası halında bu proses sürətlənəcək”, – deyə D.Kocatəpə vurğulayıb.
Ekspert ŞƏT-in Bişkek sammitinin əhəmiyyətini artıran amillər sırasında sülh gündəliyinin müzakirəsini də qeyd edib. “ŞƏT-in builki forumunun gündəliyində dayanıqlı sülhə diqqət yetirilməsi Cənubi Qafqaz ölkələri üçün xüsusilə əhəmiyyətlidir. Azərbaycanın ərazi bütövlüyünün bərpası fonunda region üçün əsas məsələlərdən biri dayanıqlı sülh və münasibətlərin normallaşdırılması üçün şəraitin formalaşdırılması olaraq qalır. Bu baxımdan, Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasının gələcəyinə dair yanaşmaları mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Damla Kocatepenin fikrincə, ŞƏT birbaşa “Qafqaz sülh dialoqu formatı” olmasa da, Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin vahid platformada iştirakı regionda yeni kommunikasiya kanallarının yaradılması baxımından əhəmiyyətlidir.
“Türkiyə və Azərbaycanın Qırğızıstandakı sammitdə iştirakı simvolik jest çərçivəsindən xeyli kənara çıxaraq xüsusi əhəmiyyət daşıyır. Bu gün Bişkekdə iki fərqli Avrasiya gündəliyi kəsişir: Bir tərəfdən, ŞƏT-in 25 illiyi və təşkilatın gələcəyi, digər tərəfdən isə Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan yeni iqtisadi və siyasi əlaqələr”, – deyə o əlavə edib.