Keçən ili uğurla yekunlaşdıran tovuzlu torpaq sahibləri artıq yaz tarla işlərinə başlamışlar.
Dolanışığını torpaqdan çıxaran rayon fermerləri əvvəlki illərdə olduğu kimi, keçən il də əksər sahələr üzrə uğurlar qazanmışlar. 11318 hektarda biçin aparan taxılçılar hər hektardan 40,9 sentner olmaqla 46302 ton məhsul toplamışlar. Taxılçılar ilk dəfə olaraq 9313 hektardan 38802 ton buğda, 2005 hektardan 7500 ton arpa tədarük etmişlər. Bundan savayı, əkinçilər 1087,6 hektardan 24793,2 ton tərəvəz, 4492 hektardan 136803 ton kartof, 238,6 hektardan 594 ton günəbaxan, 2639,8 hektardan 17275 ton yazlıq qarğıdalı, 58 hektardan 1129,7 ton bostan məhsulları toplamışlar.
Rayonda fəaliyyət göstərən "Aqro Dairy" və "Tovuz Aqro" MMC-ləri və Tovuz Aqrokompleks xüsusilə fərqlənmişlər. "Aqro Dairy" MMC 5617 hektar sahənin hər hektarından 47,5 senter olmaqla 26706,3, "Tovuz Aqro" MMC 254 hektar sahənin hər hektarından 46,9 sentner olmaqla 1192, Tovuz Aqrokompleks 300 hektar sahənin hər hektarından 45,1 sentner olmaqla 1353,8 ton taxıl biçmişlər.
Rayonda ayrı-ayrı fiziki şəxslər də taxıl istehsalında nümunə göstərmişlər. Ədalət Məhərrəmov 82 hektar sahənin hər hektarından 51 sentner məhsul götürərək 418,2, İlqar Kərimov isə 4 hektar sahənin hər hektarından 35 sentner məhsul götürərək 14 ton taxıl istehsal etmişlər.
Tovuz fermerləri cari ildə taxıl sahələrinin həcmini xeyli artırmışlar. Onlar 14325 hektarda taxıl səpini aparmışlar. Bunun 12117 hektarı payızlıq buğda, 2148 hektarı payızlıq arpadır. Bundan başqa, təsərrüfat sahibləri kartof və tərəvəz səpini üçün 5600 hektardan artıq sahədə şum qaldırılması işlərinə, həmçinin meyvə və üzüm bağlarında cərgəarası becərmə işlərinə başlamışlar.
Qeyd edək ki, rayonda yaz tarla işlərinin vaxtında aparılması üçün lazımi sayda texnika hazırlanmışdır. Bunun üçün böyük və kiçik 420 traktorlar, 200 kotan, 30 mala, 80 taxılsəpən, 17 taxılbiçən kombayn və digər texnikalar saz vəziyyətə gətirilmişdir. Nəzərdə tutulmuşdur ki, bu il 5000 hektara yaxın sahədə karof, 1200 hektarda tərəvəz və bostan bitkilərinin əkini aparılsın. Bütün bu işlərin vaxtında görülməsi üçün bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir.
S.YUNİSOĞLU,
"Azərbaycan"