44 günlük müharibədə vətən yolunda canından-qanından keçən oğullardan biridir Masim Qurbanov. 7 yanvar 2001-ci ildə Masallı rayonunun Ərəb kəndində dünyaya göz açıb, 2017-ci ildə kəndlərindəki ümumi orta məktəbi, 2019-cu ildə isə qonşu Xırmandalı kənd tam orta məktəbini bitirib. 2019-cu ilin 10 yanvarında hərbi xidmətə yollanıb. 2020-ci ilin iyul ayında müddətli hərbi xidmətini başa vurub.
Arzusu FHN-nin Cənub Regional Mərkəzində mülki müdafiə kursu keçərək işə düzəlmək idi. Lakin iyulda Tovuz hadisələri, ermənilərin neft kəmərlərimizə hücumları və yeni ərazi iddiaları baş verəndə gənc Masim seyrçi qala bilmədi.
Uşaqlıq çağlarında atası Hafiz kişi tez-tez övladına əfsanəvi "Babək-44" taboru və Milli Qəhrəman Əliyar Əliyevin başçılıq etdiyi dəstədə döyüş yolu keçdiyi silahdaşlarından söz açardı. Birinci Qarabağ savaşının iştirakçısı, 2-ci dərəcəli müharibə əlili, qazi Hafiz Qurbanovun oğlu olması gənc Masimi hələ kiçik yaşlarından gözüaçıq etmişdi. Könüllü olaraq orduya qayıtmaq qərarına gəlməsi əbəs deyildi. Hadisələr çox gözlətmir. Sentyabrın 27-də Vətən savaşı başlayır və düşmənlə vuruşa atılanların öncüllərindən biri də M.Qurbanov olur. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlıda gedən döyüşlərdə rəşadətlə vuruşur, komandirlərinin tapşırıqlarını canla-başla yerinə yetirir, igidlik nümayiş etdirir.
Ata-anasına son zəngi oktyabrın 29-da olub. "Şəhid olsam, haqqınızı hala edin", - deyib. Təqribən 2 gün sonra Qubadlının strateji nöqtələrindən olan Qanlıtəpə yüksəkliyi uğrundakı qanlı döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Masallının Ərkivan qəsəbəsindən döyüşlərə qatılmış Sənan Seyfullayevlə Masimin cansız bədənləri bir müddət tapılmayıb. Hətta atası Hafiz kişi 2021-ci ildə vaxtilə özünün döyüşdüyü o yerlərə yollanıb, itkinini axtarmalı olub. Nəhayət, anadan olduğu gün - yanvarın 7-də Masimlə Sənanın cəsədləri qar örtüyünün altından tapılıb. Həmin il yanvarın 10-da Masim Hafiz oğlu Qurbanov boya-başa çatdığı Ərəb kəndində torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Doğma kəndində adına küçə verilib, digər 4 şəhidlə birlikdə şərəfinə şəhid bulağı inşa olunub. Hər il yanvar ayının 10-da rayon ictimaiyyəti igid döyüşçünün ad gününü və anım gününü keçirərək məzarını ziyarət edir.
Bu il də istisna olmadı, şəhadətinin 5-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Anım mərasimində rayon rəhbərliyi, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri din xadimləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdi. Çıxışlar zamanı bildirildi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq, onların keçdiyi şərəfli döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Anım mərasimində iştirak edən şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə hər kəsə minnətdarlıqlarını bildirdilər.
S.QUBADOĞLU,
"Azərbaycan"