31 Iyul 2024 08:00
57
SİYASƏT
A- A+

Əhsən sənə, Hidayət!

 

Cüdoçumuz Hidayət Heydərov Vətəndən uzaqdakı qələbəsi ilə doğma Azərbaycana Azərbaycan boyda sevinc bəxş etdi!

Biz hamımız Avropa və Dünya çempionumuzun Olimpiya çempionu da olacağına qəlbən inanırdıq!

Amma Azərbaycanla soyuq müharibə aparan Fransanın idmançısını Fransanın paytaxtı Parisdə məğlub etməsi bir özgə qələbə, bir özgə ləzzətdir!

Bəli, idman siyasəti sevmir, ondan kənardır.

İdman güclərin sınandığı meydandır!

Bu meydanda müxtəlif dövlətlərin təmsilçiləri qarşı-qarşıya gələrək hamının gözü qarşısında, müəyyən edilmiş qaydalar çərçivəsində mübarizə aparırlar.

Azərbaycan belə mübarizəni - açıq-aşkar, mövcud qaydalar gözlənilməklə, güclünün qələbəsi ilə bitən mübarizəni sevir!

Çünki bu xüsusiyyət xalqımızın xarakterindən irəli gəlir:

* riyakarlıqdan;

* xəbislikdən;

* çoxüzlülükdən;

* arxadan kürəyə bıçaq saplamaq kimi murdar əməllərdən uzaq olan, mərdcəsinə aparılan mübarizəni sevir!

İlham Əliyevin MOK-un prezidenti və dövlət başçısı kimi yetişdirdiyi Azərbaycan gəncləri işğalçı Ermənistana da əvvəlcə idman meydanlarında, təmiz və aşkar qarşılaşmada qalib gəldilər!

Sonra ləyaqətli müharibə apararaq hərb meydanında düşməni darmadağın etdilər!

* Bizə edilənlərin qisasını hərb meydanında aldılar!

* Otuzillik işğala hərb meydanında son qoydular!

İndi isə Azərbaycan idmançısı bizə düşmən münasibəti bəsləyən ölkənin paytaxtında, təkbətək çarpışmada, dünyanın gözü qarşısında fransalı idmançının kürəyini yerə çırparaq təmiz qələbə qazandı!

* Fransanın göbəyi sayılan Parisdə üçrəngli dövlət bayrağımızı ucaltdı!

* Əzəmətli himnimizi səsləndirdi!

* Qələbəmizin sonsuz sevincini dünyaya yaydı!

Açılış mərasimində ölkəmizə qarşı atılan qərəzli, riyakar və şərəfsiz addımların cavabını şərəflə, mərdliklə, kişi kimi verdi!

Bəli, biz beləyik!

Dostlarla səmimi dostluq edirik.

Düşmənlərin cavabını isə hərtərəfli, açıq-aşkar şəkildə veririk!

İdman arenası mərdlərin açıq döyüş meydanıdır!

Burada hər şey açıq və görünən olur!

Hətta idmançılar bir-birilərinə badalağı da açıq şəkildə, qaydalar çərçivəsində vururlar!

***

* Üzdə bir söz deyib, arxada başqa əməl törətmək!

* "Sülh fondu"ndan müharibə üçün vəsait ayırmaq!

* Sülh danışıqlarını dalana çəkmək!

* Qisasçılığı körükləmək və revanşizmə təhrik etmək!

* Öz xeyrinə görə günahsız insanlara faciələr, bədbəxtliklər yaşatmaq!

Bütün bunlar "siyasət"dir, idman deyil!

Amma siyasətin də, siyasətçilərin də mərdi və namərdi olur!

Açılış mərasimində bostanımıza daş atmışdılar.

O daşı götürüb tatamidə mədəni qaydada özlərinə qaytardıq!

Bunu İlham Əliyevin yetişdirdiyi milyonlarla gənclərdən biri olan Hidayət Heydərov etdi!

Əhsən sənə, Hidayət!

***

Fransa evsahibliyi etdiyi XXXIII Yay Olimpiya Oyunlarını elə ilk günlərdən siyasət meydanına, siyasi ambisiyalarının nümayişi meydanına çevirdi.

Açılış mərasimində "France-2" telekanalı "kiçik bacıları" hesab etdikləri hayların müdafiəsinə qalxdılar...

Həm də hamının bildiyi həqiqətləri utanmadan təhrif etməklə:

"Ötən il Ermənistan üçün matəm ili olub"...

"Qarabağ Azərbaycan Ordusunun əlinə keçib"...

"Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası" kimi sərsəmləmələr etməklə!

Təbii, Azərbaycan öz etirazını rəsmi şəkildə bildirdi!

Lakin təkbətək mübarizədə də Fransanı başa salıb yerini göstərməli idi!

Fransa xristian dini müqəddəslərini parodiya edərək lağa qoya bilər!

* Demokratiyadır!

* Öz işidir!

Sonra həmin süjeti saytından da silər!

Azərbaycanla isə hörmətlə davranmalıdır!

Çünki Azərbaycan arxasında törədilən hər bir təxribata belə açıq meydanda layiqli cavab verməyi gözəl bacarır!

Necə ki tatamidə sübuta yetirdi!

Bəli, Azərbaycan Fransaya elə Fransada qalib gəldi!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video