02 Iyul 2024 09:25
180
Mədəniyyət
A- A+

Dünyanın dialoq məkanı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir və intensiv formalar kəsb edir. Bütün bunlar Azərbaycanın dünya ölkələri birliyinə inteqrasiya prosesini sürətləndirir, xalqımızın milli mədəniyyətinin özünəməxsusluğunu, unikallığını qorumaqla beynəlxalq qlobal əlaqələrə və ümumi mədəniyyət məkanına cəlb olunmasını gücləndirir. 
Azərbaycan öz inkişafının tarixi spesifikliyi üzərində qədimlik və müasirliyi, ənənə ilə novatorluğu üzvü surətdə əlaqələndirir. Respublikamızın dünya ölkələri ilə mədəni dialoqu və əməkdaşlığı yeni, daha mükəmməl formalar alır. 
Müstəqil Azərbaycan dövləti bu gün mədəniyyətlər arasında dialoq ideyası üzrə müxtəlif qlobal təşəbbüslərin həyata keçirilməsi missiyasını öz üzərinə götürmüşdür. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, Azərbaycanın tolerantlıq modeli kimi dünya üçün cəlbediciliyi, ölkənin getdikcə artan sosial-iqtisadi imkanları, müsbət beynəlxalq imici bu təşəbbüslərin uğurla reallaşdırılmasını təmin edir. 
 2011-ci ildən başlayaraq iki ildən bir ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da mədəniyyətlər arasında dialoq ideyası üzrə aktual mövzuların müzakirəsi, mövcud problemlər və onların həlli yollarının üzə çıxarılması, bu ideyanın real nəticələr verməsi üçün faydalı fikir mübadilələrinin aparılmasına, müxtəlif ölkələrdən olan düşüncə adamları arasında bu istiqamətdə əlaqələrin genişləndirilməsinə şərait yaradan son dərəcə faydalı təşəbbüslərdən biridir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2011-ci ilin 7-9 aprel tarixində Bakıda 102 dövlətin və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla həyata keçirildi. Dövlət rəhbərimizin hər iki ildən bir ölkəmizdə belə bir forumun təşkilini nəzərdə tutan müvafiq sərəncamına uyğun olaraq II Ümumdünya Mədəniyyətlərarası  Dialoq Forumu da 2013-cü ilin 29 may -1 iyun tarixlərində baş tutdu. 2015-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası  Dialoq Forumu isə bu silsilədən üçüncü qlobal tədbir idi. 
Azərbaycan Respublikasının Prezidenti bu cür forumların təşkili məqsədini belə izah etmişdir: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır... Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir".
2017-ci ildə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da müzakirə olunan mövzu və ideyalar baxımından "Bakı prosesi"nin inkişafına xidmət etmişdir. "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda olan möhtəşəm tədbir kifayət qədər səmərəli müzakirələrlə yadda qalaraq respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından unikal təbliğat platforması olmuşdur. Həmin tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Bakı prosesi" çərçivəsində keçirildiyini xüsusi vurğulamış və hazırda həmin təşəbbüsün beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndiridiyini  bildirmişdir.
Azərbaycanın təklifi ilə forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısının keçirilməsi də mühüm məqamlardan biri kimi qeyd olunmalıdır. "İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması" mövzusuna həsr edilmiş toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq qurumların insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşıda duran məsələləri müzakirə etmək olub. 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva deyib ki, bu təşəbbüs resursları dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq: "Ona görə beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək".
V Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın multikulturalizm sahəsindəki zəngin ənənələrinin olduğunu xüsusi vurğulamışdır.
Bu il "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə son illər Azərbaycanın evsahibliyi ilə təşkil edilən ən mühüm beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Mühüm beynəlxalq platforma kimi qlobal çevrədə böyük nüfuz qazanmış bu forumda 110 ölkənin nümayəndəsinin iştirak etməsi tədbirin əhatə dairəsinin, təsir imkanlarının, burada aparılan müzakirələrin əhəmiyyətinin daha bir göstəricisi idi.  
Yeni münaqişələrin alovlandığı, qeyri-sabitlik məkanlarının, təhdidlərin göründüyü müasir dünyamızda nizamın yaranması üçün belə sağlam düşüncə platformalarının rolu çox böyükdür. Bu cür tədbirlər ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir. Bu gün mədəniyyətlərarası dialoq həyat tərzimizdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumdakı çıxışında əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olduğunu, ölkəmizin coğrafi mövqeyinin, Şərqlə Qərb arasında yerləşməsinin bu tendensiyaya imkan yaratdığını diqqətə çatdırdı. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyətinin əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxladıqlarını vurğuladı. Azərbaycanda yaşayan insanların, müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarını, onların Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanları olduqlarını qeyd etdi.
Bu gün mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Bu məqsədlə ölkədə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlərin mühüm bir qismi də məhz dinlərarası dialoqla bağlıdır. Bu da təsadüfi deyil. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir. Bəşəriyyətin xoşbəxtliyi, firavanlığı, kəskin qarşıdurmalardan qurtuluşu üçün onlar həmin rəhbərlərdən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajlar duymalıdırlar. 
Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycanın COP29 tədbirinə evsahibliyi məsələsinə də toxundu, ölkəmizin indi öz rolunu körpülərin salınmasında gördüyünü bildirdi. Bütün bunlar Vətən müharibəsindəki zəfərimizdən sonra regionda yaranmış yeni reallıqlar fonunda baş verir və Azərbaycan sabitliyi müharibə vasitəsilə təmin etmiş ölkədir.
İslam dünyası və Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rola malik olan Azərbaycan bu cür forumların təşkili ilə mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın formalaşdırılmasına dəstək verir. Belə qlobal-miqyaslı tədbirlər həm də Azərbaycan xalqının mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıdır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video