06 Iyun 2024 08:35
715
SİYASƏT
A- A+

Dünyanın 30 yaşlı enerji tədbiri

 

Prezident İlham ƏLİYEV: "Bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir"

 

30 il əvvəl təməli Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi ilə qoyulan  Bakı Enerji Həftəsi bu gün regionda bu sahənin   ən önəmli ənənəvi tədbirinə çevrilib. Ötən dövr ərzində məkanını dəyişməyən bu tədbir  möhkəm və etibarlı əməkdaşlıq platforması kimi formalaşıb. 
Bakı Enerji Həftəsi onlarla ölkəni təmsil edən yüzlərlə şirkətin təkcə öz nailiyyətlərini göstərdiyi, təcrübə mübadiləsi apardığı bir tədbir deyil. Ötən illər ərzində burada neçə-neçə ideyalar yaranıb, yeni-yeni layihələrin konturları cızılıb, danışıqlar aparılıb, razılıqlar əldə edilib. Bütün bunlar təbii ki, öz bəhrəsini də verib. Nəticədə növbəti  möhtəşəm müqavilələr imzalanıb, yeni böyük  işlərin bünövrəsi qoyulub.      
Budəfəki  Bakı Enerji Həftəsinin də qədəmləri uğurlu oldu. Bu tədbir çərçivəsində   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir  iyunun 4-də Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular.
4 iyun Azərbaycanın yeni neft-qaz strategiyasının salnaməsində  yaddaqalan bir tarixdir. Əgər 2006-cı ilin həmin gününü xatırlasaq, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru kəmərinin Ceyhan terminalına çatdırdığı Azərbaycan nefti ilə yüklənmiş ilk tankerin dünya bazarlarına yola salınması yada düşər. Prezident İlham Əliyev bu il  iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində  çıxış edərkən 28 il əvvəl  məhz Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində  baş verən daha bir önəmli hadisəni  xatırlatdı: "Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir".
Beləliklə, 28 il əvvəl məhz bu tədbirdə xeyir-dua alan "Şahdəniz" Azərbaycanda qaz qıtlığına son qoydu. Son onilliklərdə dünyada kəşf olunmuş ən zəngin karbohidrogen mənbələrindən olan bu yataq eyni zamanda ölkəmizi qaz ixracatçısı kimi tanıtdı.  Əvvəl  təbii qaz idxal edirdiksə,  "Şahdəniz"in sayəsində  artıq 18 ilə yaxındır özümüz mavi yanacaq ixrac edirik.  2006-cı ildən Gürcüstan Cənubi Qafqaz Boru Kəməri ilə, 2007-ci ildən Türkiyə Bakı-Tbilisi-Ərzurum xətti ilə Azərbaycan qazı almağa başladı. 2018-ci il  mayın sonunda,  növbəti  neft-qaz sərgisinin keçirildiyi zaman 3500 kilometrlik "Cənub qaz dəhlizi" istifadəyə verildi. İki həftə bundan sonra "Şahdəniz" qazı TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) ilə Türkiyəyə ötürüldü. 2020-ci ilin son günündən başlayaraq isə  Azərbaycan qazı  TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ilə   Avropaya da çatdırıldı. İndi artıq İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan və Serbiya da  ölkəmizdən qaz idxal edir. 
Dövlətimizin başçısı sözügedən çıxışında bunları bir daha qeyd etdi: "İxracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir".
Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu qoca qitənin özü tərəfindən də dəfələrlə etiraf olunub. Avropa Komissiyasının Energetika üzrə Baş idarəsinin direktoru xanım Kristina Lobillo Borreronun Bakı Enerji Həftəsindəki   çıxışına diqqət yetirmək kifayətdir: "Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson enerji sahəsindəki strateji tərəfdaşlığımıza mühüm əhəmiyyət verirlər. Ortaq məqsədlərimizə nail olmaq üçün yorulmadan çalışdığımız ötən iki il ərzində birlikdə əldə etdiyimiz irəliləyişi həqiqətən təqdir edirlər. Azərbaycandan Avropaya qaz ixracı 2020-ci ilin axırlarında "Cənub qaz dəhlizi" vasitəsilə başladı. 2021-ci ildən etibarən Azərbaycandan Avropaya qaz təchizatı 40 faizdən çox artmışdır. Məhz bu amil enerji böhranının səbəb ola biləcəyi pis aqibətdən qurtulmaqda və Rusiya yanacağından asılılıqdan digər istiqamətlərə şaxələnməkdə bizim üçün çox faydalı oldu. Azərbaycan qazının Avropada daha çox istifadəçiyə çatmasını təmin etmək üçün Avropa İttifaqı məkanında infrastrukturu daha da inkişaf etdiririk".
Hazırda bu qarşılıqlı əməkdaşlıq "yaşıl enerji"yə keçid prosesini daha da sürətləndirir. Avropa Komissiyasının Energetika üzrə Baş idarəsinin direktoru bunu da  diqqətə çatdırıb və əlavə edib: "Mən inanıram ki, üzərinə öhdəlik götürən digər tərəfdaşlarımızla birlikdə noyabr ayında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) bu mühüm öhdəlikləri daha da irəli səviyyəyə yüksəldə bilərik".
Bakı Enerji Həftəsi bu gün sona çatacaq. Prezidentimizin dediyi kimi: "Bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video