Noyabrın 5-də Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.
Sonra Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sammitin din və adətləri bir araya gətirməklə insanların vəhdət içində yaşamasına nail olmaq və planetimizin qorunmasına töhfə vermək baxımından böyük əhəmiyyət daşımasına diqqət çəkib. Nazir deyib: “Din cəmiyyətlərdə mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır və qlobal problemlərin həllinə təsir göstərə biləcək potensiala malikdir. Dünyanın dini adətləri bəşəri dəyərlərə hörmət, mərhəmət və qayğını təbliğ edir ki, bu da iqlim böhranının həllində əsas prinsiplərdən hesab olunur. Azərbaycan müxtəlif dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlığı təşviq edərək dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndirən ölkədir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.
M.Babayev qeyd edib ki, antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətli inkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla bir çox dövlətlər üçün ciddi təhdidə çevrilib. Bu təhdidlərin iqlim dəyişikliyinə həssas regionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahid oluruq. Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər gün yaşanan reallıqdır. Konqo hövzəsində yağıntıların tezliyinin dəyişməsi və temperaturun artması meşələrə və nadir ekosistemlərə ciddi ziyan vurur. Pakistanın üçdəbirini sular altında qoyan daşqınlar, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərində icmaların məhv olmaq təhlükəsi və dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlər bu gerçəkliyin real sübutudur.
“Bu ölkələrin yaşadığı təcrübələr bizdən təxirəsalınmaz və inklüziv yanaşmalar qəbul etməyi və onların qarşılaşdığı problemləri səylərimizin mərkəzinə yerləşdirməyi tələb edir. Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsi dəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır”, - deyə o əlavə edib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos hər kəsin təbiətlə sülh içərisində yaşamalı olduğunu deyərək qeyd edib: “Bəşəriyyət sülhü artıq bərqərar etməlidir, planetimizi qorumalıyıq. İqlim dəyişikliklərinin həlli qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biridir. Bununla mübarizə istiqamətində COP29 konfransı olduqca əhəmiyyətlidir.
Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir. Bunun bizim həyatımıza təsiri danılmazdır. Ədalətsizliklərə qarşı ciddi tədbirlər görülməlidir. Təbiətlə sülhün təmin olunmasında dini amil çox önəmlidir. İqlim dəyişikliyinə həssas insanlara qarşı biz də həssas olmalıyıq”.
Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd Əbdülsalam dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını vurğulayaraq bildirib: “Bu da dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir. Ümumiyyətlə, biz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndiririk. Birgə fəaliyyətimizdən faydalanaraq səsimizi daha çox eşitdirmək üçün platforma təsis etmişik. Bu cür qlobal sammitlərin təşkil olunması sözümüzün, birgə fəaliyyətimizin nəticəsidir. Ətraf mühitlə dinlər arasında birbaşa əlaqələr mövcuddur. Ona görə də qlobal təhdidlərin aradan qaldırılması istiqamətində təşəbbüslər irəli sürülməkdədir. Biz bu gün beynəlxalq öhdəliklərimizlə kifayətlənə bilmərik. Yer kürəsinin gələcəyi üçün birgə fəaliyyətlər vacib əhəmiyyət daşıyır”.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın sözlərinə görə, qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir. “Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli çirklənməsi diqqətdən kənarda qalıb. Daha ciddisi isə odur ki, bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir”, - deyə Ali Erbaş əlavə edib.
Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti hazırda dünyanın çox böyük fəlakətlərlə qarşı-qarşıya olduğunu söyləyərək qeyd edib: “Dini inanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq. Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır. Dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri çox təqdirəlayiqdir. Bu tədbir bizim planetimizi qorumağa hesablanıb. İnsan ləyaqətlə yaşamalıdır. İnsan yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumi öhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik”.
Özbəkistan Prezidentinin İctimai və dini təşkilatlarla əlaqələr üzrə dövlət müşaviri Müzəffər Kamilov diqqətə çatdırıb ki, iqlim dəyişikliyinin mənfi fəsadları bütün bəşəriyyəti narahat edir. Bunun qarşısının alınması üçün ciddi addımların atılması bütün bəşəriyyət qarşısında duran vacib məsələdir.
Zəhərli qazların atmosferə buraxılması, havanın çirkləndirilməsi insanların sağlamlığını təhdid edir. Aral dənizinin quruması da dünyanın böyük ekoloji problemlərindən biridir. Dənizin quruması, həmçinin yerli iqlimə mənfi təsir göstərir.
İqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzda irimiqyaslı layihələr, ciddi işlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi və qorunması çərçivəsində keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammiti təqdir edilməlidir. Dinindən, millətindən asılı olmayaraq, bütün insanların səylərini birləşdirməsi lazımdır.
İslam Məsələləri üzrə Ali Şuranın sədri Abdulrahman Mohamed Raşad AlKhalifa isə çıxışında deyib: “Dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur”.
Xalqlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Ali Şuranın sədri qeyd edib: “Təəssüf ki, bəzən dinlərdən fərqli xalqlar arasında aqressiyanın yaradılması üçün istifadə edirlər. Biz birlikdə insan dəyərlərinin qorunmasına çalışmalıyıq. Parlaq gələcəyə doğru daha çox addımlar atmaq lazımdır. Ətraf mühitin qorunması İslam dinində olduqca vacib amildir. Bütün bunlar, həmçinin insanların rifahının yaxşılaşmasına zəmin yaradacaq”.
Tədbirdə, həmçinin Gürcüstan patriarx katolikosu II İlyanın müraciəti səsləndirilib.
Azərbaycanın öz multikultural dəyərləri ilə tanındığını bildirən katolikos müraciətində, həmçinin bildirib: “Dini liderlər aktual məsələlərin müzakirəsi üçün toplaşıblar. İqlim dəyişiklikləri bəşəriyyət üçün ən böyük problemə çevrilib. Hər kəs bunu şüurlu şəkildə dərk etməlidir. İqlim dəyişikliyindən danışarkən qlobal müharibələrdən bəhs etməmək mümkün deyil. Bu gün bizim hər birimiz bu təhlükələrlə üz-üzəyik. Dünya böyük bir evə çevrilib, bu evdə münaqişələr var. Bu, qlobal təhlükəsizliyə də təsirini göstərir. Biz hərbi qarşıdurmaların qarşısını almaq üçün xeyli müzakirələr aparmalıyıq. Ədalət yoxdursa, problemləri həll edə bilməyəcəyik. Bu, Allahın qarşımıza qoyduğu qanunlardır. Lakin real addımların atılması dövlət başçılarından asılıdır. Ümid edirəm ki, bu Sammit uğurlu olacaq və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək”.
Tədbirdə çıxış edən Əl-Əzhər Şeyxinin müavini, Əl-Əzhərin Böyük Üləmalar Heyətinin üzvü Mohammed Abdelrahman Muhamed EIDveny deyib: “COP29-un Azərbaycanda keçirilməsi olduqca önəmlidir. "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti də məhz COP29 çərçivəsindədir. Dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar. Dövlətlər, beynəlxalq təşkilatlar bu istiqamətdə bir çox addım atıb.
İqlim dəyişikliyi probleminin həlli istiqamətində birlikdə hərəkət etmək lazımdır. Bu, insan varlığının davamı üçün zəruridir.
İslam dinində ətraf mühitə canlı kimi baxılır və hörmət olunur. Gələcək nəsillərin varlığı bu istiqamətdə görülən işlərdən asılıdır. Məqsədimiz iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq olmalıdır. Düşünürəm ki, maarifləndirmə bu sahədə olduqca önəmlidir və dinlər arasında əlaqə gücləndirilməlidir”.
Açılış mərasimindən sonra Dünya dini liderlərinin qlobal Bakı Sammiti işini plenar iclaslarla davam etdirib.
İclasda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsinin qürurverici olduğuna diqqət çəkib. “Əminəm ki, bu toplantının qlobal təsiri əhəmiyyətli və uzunmüddətli olacaq. Eyni dərəcədə sevindirici haldır ki, biz ekologiya ilə bağlı müzakirələrlə yanaşı, COP29 çərçivəsində dinlərarası dialoq və humanitar məsələləri də müzakirə edirik. Bu səylər vasitəsilə biz kollektiv şəkildə gələcəyə dair narahatlıqlarımızı ifadə edirik və üzləşdiyimiz aktual problemlərin həlli yollarını araşdırırıq.
Azərbaycan kimi multikultural bir dövlətdə dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verilir. İnanclarımız fərqli olsa da, planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyimiz sərhədləri aşır. Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğundan, dinlərarası dialoq vacibdir”, - deyə R.Həsənov vurğulayıb.
G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham Dayanıqlı İnkişaf Məqsədlərində dini icmaların rollarının xüsusi vurğulanmadığını bildirərək deyib: “G20 Dinlərarası Dialoq Forumunun məqsədi də kökündən dəyişməlidir. Biz bilirik ki, dini icmalar birlikdə işləyə bilsə, bu çətinliklərin qarışını ala bilərlər. Çünki onların regional və qlobal məsələlərin həllində təsir mexanizmləri var.
Dini icmalar bütün səviyyələrdə işləyərək ciddi nəticələrə nail ola bilərlər. Səylərin bir məqsədə yönəldilməsi çox önəmlidir”.
Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgə Yaşayış Nazirliyinin Baş direktoru Afra Əl Sabri Azərbaycanın tolerantlığın məkanı olduğunu bildirib. deyib ki, burada belə bir körpü qurulması gözəl nümunədir.
“Biz müvafiq həll yolları göstərməklə bu problemlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Çətinliklər var, amma bizim ümidimiz də var. Ümidlərimiz ümumi məqsədlər üçün bir araya gələndə daha da güclənir. Planetimizi qorumaq üçün mütləq həll yollarını tapmalıyıq. COP29-da biz təkcə iqlim dəyişikliyi haqqında düşünməməliyik, onu hiss etməliyik. Bu, bizim ürəyimizdən gələn arzu olmalıdır. İnanıram ki, birlikdə fərq yarada, yeni nəsillərimizə ümid işığı bəxş edə bilərik. Birlikdə bu dünyanı yaşamaq üçün daha yaxşı bir yerə çevirəcəyik”, - deyə o əlavə edib.
Sammit işini “Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri”, “Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu”, “Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə”, “Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır” mövzuları ətrafında müzakirələrlə davam etdirib.
Xatırladaq ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.
Dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.