01 Noyabr 2024 08:05
1123
CƏMİYYƏT
A- A+
Laçın Hollivuda çevriləcək

Laçın Hollivuda çevriləcək


Cənubi Qafqazda analoqu olmayan "Hoçazfilm" yaradıcılıq studiyası regional audiovizual mərkəz kimi fəaliyyət göstərir


Dağların qoynunda yerləşən Laçın şəhərindəyik...

2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusuna sahiblənəcək, Azərbaycanın mədəniyyət incisi sayılan Laçın şəhərində artıq bu istiqamətdə hazırlıqlara başlanılıb. Yeni siması ilə göz oxşayan qədim şəhərimizdə müxtəlif mədəni layihələrin icrası da nəzərdə tutulur ki, bunlar gələn il Laçına təşrif buyuracaq yerli və əcnəbi qonaqlarda çox maraqlı və yaddaqalan təəssüratlar formalaşdıracaq. 

Hazırda Laçında bir neçə mədəniyyət infrastrukturu obyekti fəaliyyət göstərir. Onlardan biri də "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonudur. Şəhərə səfərimiz çərçivəsində yolumuzu bu çəkiliş pavilyonundan salıb indiyədək həyata keçirilən layihələrlə maraqlandıq və görülən işlərlə də tanış olduq.


Hoçaz dağının adını daşıyan yaradıcılıq studiyası


"Hoçazfilm" yaradıcılıq studiyası Cənubi Qafqazda analoqu olmayan bir məkandır. Burada istənilən janrlı filmlərin çəkilməsi üçün real imkanlar, beynəlxalq standartlara uyğun avadanlıqlar mövcuddur. 

Studiya ilə bağlı maraqlı müqayisəyə ehtiyac yaranır. Belə ki, dünyanın ən məşhur filmlərinin çəkildiyi Hollivud da qayalar üzərində yaradılıb. Uca dağların qoynunda yerləşən Laçın və Hoçaz dağının adını daşıyan studiya Hollivuda bənzəyir. Burada bəlkə də dünya kinosu inciləri sırasına daxil olacaq çoxlu filmlər çəkiləcək.  

Ötən il avqustun 25-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Laçın rayonuna səfərləri zamanı "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub. 

Bir ildən çoxdur ki, fəaliyyət göstərən studiyanın rəhbəri kinorejissor Amil Amalla görüşüb mədəniyyət mərkəzi ilə tanış oluruq. Bəlli olur ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı olan "Hoçazfilm" studiyası iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz dağının  adından götürülüb. Studiya, Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərir. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik edir və lokasiya xidmətləri göstərir, onları müvafiq avadanlıqla təmin edir. 


Təyyarə, helikopter interyeri, elmi-fantastik filmlərin çəkilişi üçün laboratoriya


Çoxşaxəli yaradıcılıq məkanı olan "Hoçazfilm"in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Şərqi Zəngəzur və Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin icrası, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya və müsabiqələrin təşkili daxildir. Studiyanın tərkibində "Hochaz Hotel" də fəaliyyət göstərəcək. Hazırda hoteldə təmir işləri son tamamlama prosesindədir. 

"Hoçazfilm"in binasına daxil oluruq. Buradakı maraqlı dekorlar diqqətimizi çəkir. Studiya kinofilmlər üçün əl işləri olan avadanlıqlarla zəngindir. Onların içərisində diqqətimizi çəkənlərdən təyyarə və helikopter interyeri, həbsxana və elmi-fantastik filmlərin çəkilişi üçün laboratoriya var. Bu laboratoriya həmçinin televiziya studiyası kimi də istifadə edilir. Bundan əlavə, burada yaşıl pərdə (xromokey) də mövcuddur.

Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq "Hoçazfilm"in sifarişi əsasında hazırlanmış əl işidir. Bütün bunlar kino və digər kommersial çəkilişlər üçün müxtəlif agentliklər və studiyalarla qarşılıqlı faydalı əməkdaşlığın yaradılması baxımından çox əhəmiyyətlidir. 

Studiyada ərsəyə gələn sənədli, bədii filmlərə və hazırda həyata keçirilməkdə olan layihələrə gəlincə Amil Amal bildirdi ki, hazırda studiya "Filming Karabagh" layihəsi üzərində çalışır, yerli və xarici film, reklam istehsalçılarına regionun zəngin təbiətindən yararlanmaq üçün bütün lazımi xidmətlərin göstərilməsini təklif edir. Xidmətlər içərisində bütün rəsmi icazələrin alınması, logistika, məkanlar, pavilyon, dekorlar, hotel və ketrinq xidməti nəzərdə tutulub. 

Studiya fəaliyyət göstərdiyi müddət ərzində 6 bədii-sənədli televiziya filminə və 2 əyləncəli verilişə təşkilati (bələdçilik, yerləşmə, pavilyon, bəzən qidalanma) dəstək göstərib.

Burada ərsəyə gələn filmlərin və verilişlərin ümumi siyahısına nəzər saldıqda bəlli olur ki, "Ermənilərin laçınlılara 30 illik ev kirayəsi borcu var", "Vətənim Laçın", "İlk Novruz",  "Qərbi Azərbaycanın təbiəti və təbii sərvətləri", "Laçında bir gün", "Həyat sənəti - rejissor!" sənədli filmləri çəkilib. 

Bundan əlavə, "Hoçazfilm" Laçında fəaliyyət göstərən bir neçə müəssisənin, xüsusilə Zerti Ayaqqabı Fabrikinin loqolarını hazırlayıb.

Həmçinin bildirildi ki, "Hoçazfilm" yaradıcılıq studiyasının ilk layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən "Qarabağ qubernatoru" bədii-sənədli filmidir. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir.


"Hoçazfilm"in öhdəsinə düşən böyük məsuliyyət


Amil Amal deyir ki, Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusuna sahiblənməsi onları da qürurlandırıb. Bu tarixi qərarı tək Laçına deyil, Azərbaycan mədəniyyətinə verilən yüksək dəyər kimi qiymətləndirən kinorejissor bildirir  ki, bu məqsədlə  "Hoçazfilm" kino-studiyası da üzərinə düşən vəzifəni reallaşdırmağı planlaşdırır. Belə ki, kinostudiya gələn ilin yay aylarında "Lachin İnternational Film Festival" layihəsini təqdim edəcək. Hazırlıq mərhələsində olan festivalın məqsədi həm MDB-nin, həm də türk dövlətlərinin kinorejissorlarını, kinossenaristlərini, ümumilikdə kino xadimlərini bir yerə toplamaqdır.    

Amil Amal deyir ki, onlar təkcə kino yox, həmçinin regionda işğaldan əvvəlki və işğaldan sonrakı salnaməni formalaşdırmaq niyyətindədirlər: "Yüz il sonra bizim çəkdiyimiz kadrlara baxan insanlar buranın necə cənnətə çevrildiyinin şahidi olacaqlar. İşğal dövrünü əks etdirən sökük, talan olunmuş evləri kameraya çəkmək istəyirik. Bunların hamısı düşmənin xarakterini açan dəlil-sübutlardır. Bu mənada "Hoçazfilm"in öhdəsinə böyük məsuliyyət düşür. Min kvadratmetr sahəsi olan pavilyonumuzda ölkəmizin heç bir yerində olmayan dekorlar var. Məsələn, təyyarə interyeri heç yerdə yoxdur. Həbsxana interyeri "Azərbaycanfilm"də var, ancaq bizdəki qədər geniş və keyfiyyətli deyil. Bundan savayı, həm studiya verilişlərini çəkə biləcəyimiz, həm də elmi-fantastik filmlər üçün nəzərdə tutulmuş laboratoriyamız var. Buranı asanlıqla həm kosmik gəmiyə, həm də kimya laboratoriyasına çevirmək imkanı var. Hazırda "Hoçazfilm"in saytı üzərində çalışırıq və ilin sonuna kimi bunu da təqdim edəcəyik".

Onun sözlərinə görə, müştərilər "Hochazfilm.az" saytına asanlıqla daxil olub, hər bir dekoru müəyyən qiymətə təyin olunmuş vaxt ərzində bron etmək imkanı qazanacaqlar. Əsas özəllik ondan ibarətdir ki, çəkiliş məqsədilə regiona gələn hər hansı bir komandaya paket şəklində imkanlarını təklif edə bilirlər.

Göründüyü kimi, "Hoçazfilm" studiyası üçün yaradılan imkanlar çox genişdir və getdikcə bütün bunlar daha da genişləndiriləcək. Dağlar qoynunda yerləşən Laçında dünyaşöhrətli sənədli, bədii filmlərin çəkilişi üçün əlverişli zəmin yaranacaq. Bu da, əlbəttə ki, Azərbaycanın dünyada mədəniyyət mərkəzi kimi tanınmasında mühüm rol oynayacaq.  

"Hoçazfilm" studiyası ilə tanışlıq, həqiqətən də, bizdə xoş təəssüratlar yaratdı. Elə bu xoş təəssüratla da Laçında inşa edilən Şərqi Zəngəzurun ən böyük məscid kompleksinə yollanırıq...


Rəşad BAXŞƏLİYEV,

Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!