23 Avqust 2024 09:12
250
İQTİSADİYYAT, COP29
A- A+

Dünya COP29-a bir əlində od, digərində su ilə gəlir

 

Sirr deyil ki, dünyanın bu gün ekoloji fəlakət içində çabalamasının əsas günahkarı insandır. Xüsusilə sənayenin XIX əsrdən başlayaraq XX əsrdə geniş vüsət alması ətraf mühitin milyon illərlə formalaşmış tarazlığının pozulmasına səbəb olmuş, təbiətdən daha çox qoparmaq üçün təbii sərvətlər insafsızcasına talanmağa başlamışdır. 
Sənaye müəssisələri qurularkən onun fəaliyyətinin ətraf mühitə ziyan vurmasına diqqət yetirilməmiş, zəhərli qazlar təmizlənmədən atmosferə buraxılmış, su mənbələri çirkləndirilmiş, torpağa divan tutulmuşdur. Bütün bunlar   təbiətlə yanaşı, insan sağlamlığına da mənfi təsir göstərmiş, sağalmaz xəstəliklərin yaranmasına və yayılmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, son zamanlar bir çox xəstəliyin meydan sulamasının əsas səbəbinin ətraf mühitin çirklənməsi ilə bağlı olduğuna şübhə qalmamışdır. 
Digər tərəfdən iqlim tarazlığının pozulması bir tərəfdə quraqlığa, digər tərəfdə isə aramsız leysan yağışlarının yağması ilə müşahidə olunur. Bu da iqtisadiyyata, xüsusilə kənd təsərrüfatına böyük ziyan vurmaqla insanların yaşayışını çətinləşdirir, ərzaq və içməli su problemi yaradır.
Alimlər dünyada ekoloji tarazlığın pozulması və onun yarada biləcəyi fəsadlar barədə ötən əsrin yarısından həyəcan təbili çalmağa başlamışlar. Amma nə edəsən ki, uzun illər elm adamlarının dediklərini daha çox gəlir götürmək hərisliyində olan pul və söz sahibləri qulaqardına vururlar. Əks halda ekoloji fəlakət bugünkü həddə gəlib çatmazdı. Bununla belə havaya ən çox zəhərli "parnik" qazları buraxan ABŞ və Çin ətraf mühitə vurulan ziyanı azaltmaq üçün Paris Konvensiyasına qoşulmurlar. Yəni ətraf mühitə ən çox ziyan vuran bu ölkələr iqtisadi gəlirlərini artırmaq üçün ziyanlı fəaliyyətlərini davam etdirirlər. O üzdən bir çox ekoloji məsələdə dünya tam şəkildə həmrəylik göstərə bilmir.
Dünyada ümumi bir fikir formalaşıb - daha belə yaşamaq mümkün deyil, dünyanı xilas etməyin vaxtı çatdığını dərk etmək və tədbirlər görmək lazımdır. Elə bu səbəbdən gündən-günə şiddətlənən ekoloji  fəlakətin qarşısını almaq üçün 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyanı qəbul etmiş və dövlətlər bununla bağlı daha fəal tədbirlər həyata keçirmək üçün bir araya gələrək öhdəliklər götürmüşlər.  
Növbəti - 29-cu sessiyasının Azərbaycanda keçirilməsinədək COP uzun bir yol gəlmişdir. İnkişaf etmiş ölkələrin öhdəlikləri ilk dəfə 1995-ci ildə Berlində keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilmişdir. Tərəflər inkişaf etmiş ölkələrin 2000-ci il üçün tullantı səviyyələrinin 1990-cı il göstəricisinə endirilməsinə yönəlmiş öhdəliklərə nail olmaq qərarına gəlmişlər. Bunu nəzərə alaraq nazirlər və digər yüksəkvəzifəli şəxslər Berlin mandatını qəbul etmiş və inkişaf etmiş ölkələrin öhdəliklərini gücləndirmək məqsədilə yeni danışıqlar mərhələsinə başlamışlar. Razılaşmanın işlənməsi üçün Berlin mandatı üzrə xüsusi qrup təsis olunmuşdur. Xüsusi qrup 8 sessiya keçirərək Tərəflər Konfransının 3-cü sessiyasına yekun danışıqlar üçün mətn təqdim etmişdir.
1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində keçirilən müşavirədə təqribən 10 min nümayəndə, müşahidəçi və jurnalist iştirak etmişdir. Müşavirədə inkişaf etmiş sənaye ölkələrinin 2008-2012-ci illər üçün "parnik" qazlarının ümumi tullantısını 1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 5 faiz ixtisar edəcəkləri ilə bağlı Protokol qəbul edilməsi haqqında qarar qəbul olunmuşdur. Bu hüquqi öhdəlik təxminən 150 il əvvəl başlamış tullantıların artırılması istiqamətində tarixi dönüş olacağına ümid verirdi.
Kioto Protokolu 16 mart 1998-ci ildə imzalanmaq üçün açılmışdır. O, payına ümumi karbon dioksidi tullantılarının minimum 55 faizi düşən inkişaf etmiş sənaye dövlət qrupuna daxil olan ölkələr tərəfindən təsdiq edildikdən 90 gün sonra qüvvəyə minmişdir. 
Azərbaycana gəldikdə, belə bir tədbirin ölkəmizdə keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi təsadüfi deyil. Məlum olduğu kimi, ölkəmiz dünyada neft-qaz ölkəsi kimi tanınır. Yəni ətraf mühitə mənfi təsir göstərən bir sənaye sahəsinə sahibik. Lakin ölkəmizdə ətraf mühitin qorunması istiqamətində aparılan siyasət beynəlxalq miqyasda qəbul və təqdir edilir. Xüsusilə "yaşıl enerji"yə keçid istiqamətində Azərbaycanın gördüyü işlər nümunə göstərilir. Ermənistan tərəfindən işğal edilib dağıdılan ərazilərdə "yaşıl enerji" infrastrukturunun yaradılması beynəlxalq səviyyədə razılıqla qarşılanır. Həmin  ərazilərdə su-elektrik stansiyaları ilə yanaşı, iri həcmli külək və günəş-elektrik stansiyaları da tikiləcək. Azərbaycan isə bununla kifayətlənmək istəmir. Bakı və Abşeron regionunda da "yaşıl enerji" stansiyalarının tikilməsi ilə bağlı elmi-tədqiqat və layihələndirmə işləri aparılır. Dünyanın nəhəng şirkətləri ölkəmizdə külək və günəş-elektrik stansiyalarının tikintisinə cəlb edilir. Hədəf gələcəkdə Avropanın "yaşıl enerji" ilə təmin edilməsində önəmli rol oynamaqdır.    

Rüstəm KAMAL,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video